Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-170/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1730/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Nüşabə Kərimzadənin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Nüşabə Kərimzadə təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1730/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə boclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 30 avqust 2022-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-1730/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1982-ci ildə Beyləqan rayonunda anadan olmuş və Azərbaycan Respublikası, Bakı şəhəri, B. Nuriyev, 81A, 14 ünvanında qeydiyyatda olan Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi dərhal təmin edilməsi bildirilmişdir. Lakin bu günədək borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün cmf icra sistemində sorğular edilmişdir və adında heç bir əmlakın olmadığı müəyyən edilmişdir. Borclunun müqavilə əsasında daimi iş yeri barəsində sorğu edilmiş və müqavilə əsasında daimi iş yerinin olmadığı müəyyən edilmişdir, tələbkarın bildirdiyinə görə borclu kombi ustası kimi fəaliyyət göstərir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır, Borclu telefon vasitəsilə bildirilmişdir ki alimenti vaxtlı-vaxtında ödəməsə, barəsində məcburi icra tədbiri görüləcəkdir. Tələbkar X2 24 yanvar 2023-cü il tarixdə Nizami Rayon İcra Şöbəsınə ərizə ilə müraciət edərək bildirmişdir ki, Borclu alimenti vaxtlı-vaxtında ödəmir və onun barəsində tədbir görülməsini icra şöbəsindən xahiş etmişdir. Bu günədək Borclu cəmi 670 manat tələbkara aliment borcu ödəmişdir və onun bugünə olan yığılmış borcu 1839 manat təşkil edir. Borclu yaşayış yerini məyyən etmək mümkün olmadığından borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir, borclu barəsində axtarış elan edilmişdir. Tələbkar Güldanə Süleymanovanın şikayəti əsasında müəyyən olunmuşdur ki, Borclu yaxın zamanlarda ölkəni tərk etməyi düşünür və buna görədə ödənişi etməkdən yayınır. Borclu dəfələrlə telefon vasitəsi ilə bildirilmişdir ki, alimenti ödəsin, əks təqdirdə barəsində məcburi icra tədbiri görüləcəkdir, lakin borclu hər dəfə ayın axırına kimi ödəyəcəyəyini bildirərək alimenti ödəməkdən yayınmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Odur ki, məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1730/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Borclu xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. -Bakı Şəhər Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1730/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1730/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş edilmiş, bu müddətdə üzrsüz səbəbdən icra sənədini icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə borcluya xəbərdarlıq edilmişdir. -Bakı Şəhər Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1730/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu barəsində axtarış elan edilmişdir. -xx.xx.2023-cü il tarixli “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Borclu sonuncu dəfə xx.xx.2018-ci il tarixdə ölkəyə giriş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1730/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment X1 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Şəhər Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1730/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Borclu ünvanına tələbin könüllü surətdə yerinə yetirilməsi barədə bildiriş göndərilmiş, lakin 10 gün müddətində tələbi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə tətbiq edilə bilər. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, borclu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbini pozaraq məhkəmə qərarı əsasında verilmiş icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Nüşabə Kərimzadənin təqdimatı təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1730/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.1982-ci il təvəllüdlü, Beyləqan rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, qərardadın icrası Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Nüşabə Kərimzadənin təqdimatı təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1730/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1982-ci il təvəllüdlü, Beyləqan rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-170/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-170/2023
17.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver