Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-177/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Ərizəçi Borclu Bakı şəhər Nizami rayon Məhkəməsinin e-2(007)-354/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi : Tələb :
1. Ərizəçi Borclu “qətnamənin hissə-hissə icra edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2(007)-354/2025 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi və Borclu tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalı olan qalıq borc məbləğinin hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə. 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, ərizə geri qaytarılmalıdır.
4. Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin ərizənin forma və məzmununa dair tələblərini pozmuşdur.
5. Belə ki, ərizəçi Borclu qətnamənin hissə-hissə icra edilməsini xahiş etsə də, hissəhissə icranın formasını (hər ay ödəmək imkanına malik olduğu ödənişin məbləğini və s) göstərməmişdir.
6. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərizədə ərizəçi tərəfindən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
7. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərizəçinin tələbi aydın olmalıdır. Lakin müvafiq tələb üzrə ərizəçinin Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2(007)-354/2025 saylı qətnaməsinin hansı məbləğdə hissə-hissə icra edilməsini xahiş etdiyini müəyyən etmək olmur.
8. Nəzər alınmalıdır ki, məhkəmə ərizəçinin verdiyi tələb həddində işə baxır, tələbdən kənara çıxılması yolverilməzdir. Həmçinin qətnamənin hissə-hissə icra edilməsi icra sənədi üzrə tələbkarın mənafeyinə toxunduğundan, ərizəçi tərəfindən tələbin dəqiq göstərilməsi hazırki iş üzrə maraqlı şəxsin (tələbkar) tələbə münasibətinin müəyyən edilməsi, münasibət bildirməsi üçün zəruridir.
9. Mülki prosessual qanunvericiliyə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
10. Beləliklə, məhkəmə qeyd edir ki, ərizəçi Borclu tərəfindən mülki prosessual qanunvericiliyin ərizənin forma və məzmununa dair tələblərinə riayət edilmədiyi üçün Bakı şəhər Nizami rayon Məhkəməsin e-2(007)-354/2025 saylı, xx.xx.2025-cü il tarixli “qətnaməsinin hissə-hissə icra edilməsi”nə dair ərizə geri qaytarılmalıdır.
11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
Ərizəçi Borclu Bakı şəhər Nizami rayon Məhkəməsin e-2(007)-354/2025 saylı, xx.xx.2025-cü il tarixli “qətnaməsinin hissə-hissə icra edilməsi”nə dair ərizəsi geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva