Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-190/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Tələbkarın nümayəndəsi X4, X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(007)-1127/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(007)-1127/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmənin qətnaməsinə əsasən “X7” ASC-yə 4468,57 manat əsas borcu və 64,69 manat dövlət rüsumu borcu vardır. 2 il öncə pandemiya səbəbindən işindən ixtisar olunduğundan maddi vəziyyəti çətinləşmişdir. İndiyədək işsiz qaldığına görə məhkəmənin qətnaməsində qeyd olunan 4468,57 manat əsas borcun və 64,69 manat dövlət rüsumunun hissə-hissə olaraq hər ay 30-40 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X6 ərizəyə etiraz edərək bildirdi ki, icra sənədi üzrə banka ödənilməli olan pulun hər ay 30-40 manat olmaqla ödənilməsi bankın mənafeyinə uyğun deyil və icra sənədinin icrasını ağlabatan olmayan müddətə uzadır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında X2 ərizənin dəlillərinə uyğun izahat verərək bildirdi ki, o, pandemiyadan əvvəl Dövlət Neft Şirkətindən mühəndis vəzifəsində işləyirdi. Pamdemiya səbəbi ilə o, işindən ixtisar olunmuşdur. Həmin vaxtdanda işləmir və işsiz kimi qeydiyyata alınmışdır. İşlədiyi müddət ərzində banka olan ödənişləri vaxtlı-vaxtında edirdi, hətta o, VİP müştəri idi. Lakin qeyd edilən hallara görə borcunu ödəyə bilmir. Hazırda isə hər ay 30-40 manat ödəniş etməyə imkanı çatır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbul edilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, X2 qətnamənin hissə-hissə icra olunması üçün Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin borclunun əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlı olması ilə bağlı qənaətə gəlməsini əsaslı edə biləcək mötəbər sübutunu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X1 hazırkı ərizəsində qeyd etdikləri onun qətnaməni hissə-hissə icra etməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz, məhkəmə iclasında qətnamənin icrası üçün çətinlik törədən və ya borclu üçün əlverişsiz vəziyyət yaranmasını təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və borclu öhdəlik götürmüşdür ki, müqavilə ilə nəzərdə tutulmuş müddətdə borcunu ödəyəcəkdir. Lakin borclu tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbəbindən tələbkar ərizə ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. Hazırkı vaxtadək məhkəməyə borcun ödənilməsinə dair hər hansı sübut təqdim edilməmiş, ümumiyyətlə borclunun icra sənədini icra etmək niyyəti müşaiət olunmamışdır. Bundan başqa, məhkəmə göstərilənləri ümumiləşdirərək qeyd edir ki, borclunun hazırkı mövqeyi, yəni cəmi 4468,57 manat borcun və 64,69 manat dövlət rüsumu kimi pul vəsaitinin hissə-hissə, hər ay 30-40 manat ödənilməsi qətnamənin icrasının ağlabatan olmayan müddətdə təmin olunması, xeyrinə qərar çıxarılmış tələbkarın isə hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur, ona görə borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(007)-1127/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-190/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-190/2022
06.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver