Məhkəmə qərarları › İş №8(007)-192/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-192/2024

24.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-192/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Tələbkarın nümayəndəsi X4, Borclunun nümayəndəsi X9 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-245/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən borcun hissə-hissə icra edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-245/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iddia təmin edilərək, cavabdeh X3 iddiaçı Tələbkar xeyrinə 2408,4 manat məbləğində pul və ödənilmiş 45 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e- 2(007)-245/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qətnaməsi üzrə Tələbkar MMMC-yə borclu olduğu 2453 manatın hissə-hissə olaraq hər ay 100 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2023-cü ildə iddiaçı Tələbkar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cəlb edilməklə cavabdeh X8ma qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-245/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh X3 iddiaçı Tələbkar xeyrinə 2408,4 manat məbləğində pul və ödənilmiş 45 manat dövlət rüsumunun əvəzi tutulması qət edilib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2(103)-2503/2024 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli e- 2(007)-245/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılıb. Nəzərə çatdırır ki, o, evdar qadındır, himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqları var. Özü işləmir, ailələrininə yeganə qazancı gətirən əridir. Birbaşa 2453 manat pulu ödəməyə imkanı yoxdur, lakin o, pulu ödəməkdən imtina etmir. Hər ay mütamadi olaraq 100 manat ödəyə bilər. Məhkəmə iclasında borclunun nümayəndəsi X12 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-245/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qətnaməsi üzrə Tələbkar MMMC-yə borclu olduğu 2453 manatın hissəhissə olaraq hər ay 250 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X7 borclunun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-245/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədini hər ay 250 manat olmaqla, hissə-hissə icra etməsinə etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” 4 saylı qərarının 12 və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Sadalanlarə əsasən, borclunun əmlak vəziyyəti və digər hallar nəzərə alınmaqla qətnamənin hissə-hissə icra edilməsinə dair qərar qəbul oluna bilər. Maddələrin tələblərinin tətbiqi üçün borclunun əmlak vəziyyətinin qətnamənin bilavasitə icrasının mümkün olmadığına dair halların və yaxud hər hanası digər halların müəyyən edilməsini zəruri etmişdir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-245/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh X3 2408,4 manat məbləğində pul və ödənilmiş 45 manat dövlət rüsumunun əvəzi tələbkarın xeyrinə tutulmuşdur. Məhkəmə borclunun işləməməsini, daimi gəlirin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, borcun ödənilməsindən boyun qaçırmamasını, lakin hazırki halda maddi vəziyyətinin ağır olmasını, həmin vəsaiti birdəfəyə ödəməyə maliyyə imkanının olmaması hallarını və tələbkarın razılığını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-245/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X2ndan Tələbkar MMMC-nin xeyrinə tutulmalı olan 2408,4 manat məbləğində pulun və ödənilmiş 45 manat dövlət rüsumunun əvəzinin ödənilməmiş hissəsi, tam ödənilənədək X3 hər ay 250 manat məbləğində pulun tutularaq tələbkara ödənilməsi məqsədəmüvafiqdir. Məhkəmə əlavə olaraq nəzərə alır ki, qətnamənin hissə-hissə olmaqla icrası ədalət tələbinə uyğun və adekvatdır. Qətnamənin hissə-hissə icra olunması barədə qərar qəbul edilməsi xeyrinə məhkəmə qətnaməsi çıxarılmış tələbkarın hüquqlarını və qanunla qorunan mənafeyini pozmayacaqdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-245/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin “hissə-hissə icra edilməsi” barədə ərizəsi təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-245/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi hissə-hissə olmaqla icra edilsin, həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə 2408,4 manat məbləğində pulun və ödənilmiş 45 manat dövlət rüsumunun əvəzinin ödənilməmiş hissəsi, tam ödənilənədək X3 hər ay 250 manat məbləğində pul tutularaq Tələbkar MMMC-yə ödənilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar