Məhkəmə qərarları › İş №8(007)-197/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-197/2024

14.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-197/2024 14.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-84/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 və X6 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. X1 və X6 Bakı Apellyasiya Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(103)- 445/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-84/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə və qətnamə üzrə qalmış borcun ödənilməsi üçün hər ay 100 (yüz) manat məbləğində pulun onlardan tutulub iddiaçı Tələbkar MMC-yə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar MMC onlara qarşı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək onlardan aralarında bağlanmış 28 oktyabr 2019-cu il tarixli, 59 №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 4805 manat pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 153,76 manat dəbbə pulunun və 69,58 manat dövlət rüsumunun Tələbkar MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-84/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti versələr də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3878/2023 №-li, 23 noyabr 2023-cü il tarixli qətnaməsilə apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsi 2(007)-84/2023 №-li, 03 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda qətnamə qüvvəyə minmiş, icraya yönəldilmişdir. Bildirir ki, o və həyat yoldaşı işsizdirlər. Yeganə qazanc mənbələri aldıqları 970 (doqquz yüz yetmiş) manat pensiyadır. Pensiyadan başqa heç bir gəlirləri yoxdur. Yaşadıqları avtoqəza hadisəsi nəticəsində ayağı tutulub, yeriyə bilmir. Həmçinin qəzadan sonra keçirdiyi beyin infarktı nəticəsində əmək qabiliyyəti itibdir. Sağlamlığı üçün cərrahi əməliyyata ehtiyacı olduğundan xx.xx.2023-cü il tarixdə GTKR5067378B299 №-li kredit müqaviləsi üzrə Kapital Bankdan illik 19%-lə 14 ay müddətinə 9816 (doqquz min səkkiz yüz on altı) manat məbləğində kredit götürüb cərrahi əməliyyat keçirmiş və hazırda da müalicə olunur. Hər ay 436,73 (dörd yüz otuz altı) manat banka kredit borcu ödəyir. Həyat yoldaşı X3 ilə iddiaçı Tələbkar MMC arasında bağlanmış, onun da zamin olduğu alqı-satqı müqaviləsilə lazer aparatı alıb həyat yoldaşı gözəllik salonu açmaq istəsə də aldığı avadanlıq xarab çıxmış, işləmir və aldadılmışlar. Buna baxmayaraq borcunu ödəməkdən boyun qaçırmır və ödəməyə davam edirlər. Hazırda cəmi 4305 (dörd min üç yüz beş) manat borcları qalmışdır. Keçən ay onun pensiyasından icra məmuru 500 (beş yüz) manat pul tutmuşdur, qalan 436 (dörd yüz otuz altı) manat pulu isə “Kapital Bank”a kredit borcu ödəyirlər. Beləliklə də pensiyanın bütün məbləği borca çıxılır, onların həyati tələbatlarını ödəməyə pul qalmamışdır Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-84/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsi üzrə qalmış 4305 (dörd min üç yüz beş) manat borcdan hər ay 100 (yüz) manat ödəmək qabiliyyətindədirlər. Bu səbəbdən məhkəməyə müraciət edərək qətnamənin hissə-hissə icra edilməsinə, hər ay 100 (yüz) manat iddiaçı Tələbkar MMC-yə ödənilməsi barədə qərardad qəbul edilməsinə zərurət vardır.

Tərəflərin etirazları:

3. Tələbkar MMC elektron kabinet vasitəsilə etiraz ərizəsi verərək bildirmişdir ki, tərəflərindən iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edilərək X4 (zamin X6) ilə Tələbkar MMC (bundan sonra – tələbkar və ya şirkət) arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli, 59 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 4805 manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 153,76 manat məbləğində dəbbə pulunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69,58 manat məbləğində pulun şirkətə ödənilməsi xahiş edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(007)-84/2023 nömrəli qətnaməsi ilə iddiaları təmin edilmişdir. Həmin qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hazırda borclular X4 və X6 ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli, e-2(007)-84/2023 nömrəli qətnamənin hissə-hissə icra edilməsi və ümumi borcun hər ay 100 (yüz) manat məbləğində ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Ərizənin qanunsuz və əsassız olması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. Bildirir ki, borcun hissə-hissə ödənilməsi iqtisadi baxımdan tələbkar üçün ciddi fəsadlar yarada bilər. Borcluların ümumi borcu ayda cəmi 100 manat ödəməklə məcburi şəkildə uzatması, tələbkara qarşı ədalətsiz olmaqla, tənasübsüzlük yaradır. Belə ki, ümumilikdə hesablanan 5028,54 manat borcun 50 ay ərzində ödənilməsinin tələbkar üçün ciddi iqtisadi ziyanlara səbəb olacağı şübhəsizdir. Borcun bu qədər uzun müddətə yayılması tələbkarın maliyyə resurslarını faktiki olaraq dondurur və şirkət üçün vacib olan likvidliyi ciddi şəkildə məhdudlaşdırır. Şirkətin normal maliyyə dövriyyəsinin qorunması üçün borcun qısa müddət ərzində tam ödənilməsi vacibdir. Hər ay 100 manatlıq ödənişin təklif edilməsi şirkətin gündəlik fəaliyyətini məhdudlaşdırır, investisiya imkanlarını azaldır və gələcək layihələrin həyata keçirilməsini təxirə sala bilər. Beləliklə, bu təklif şirkətin inkişafını dayandırmaqla yanaşı, bazarda mövqeyini zəiflədə bilər. Bundan əlavə, Azərbaycan iqtisadiyyatı inflyasiya və digər iqtisadi dəyişikliklərə qarşı həssasdır. Borcun 50 aya yayılan ödənişi zamanı inflyasiya nəticəsində ödəmələrin real dəyəri əhəmiyyətli dərəcədə azala bilər. Bu, tələbkarın faktiki zərərinin tam şəkildə ödənilməsini əngəlləyir və onu əlavə iqtisadi risklərlə üz-üzə qoyur. Qeyd etməlidirlər ki, məhkəmə qərarı ilə təsdiqlənmiş borcun hissə-hissə ödənilməsi, əslində, borclulara qarşı yönəlmiş tədbirlərin təsirini azaldır və bu, məhkəmənin məqsədinə ziddir. Borcun hissə-hissə ödənilməsi barədə X4 və X6 tərəfindən verilmiş ərizənin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş borclu X3 (həmçinin X2 nümayəndəsi) ərizənin təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

6. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

7. Odur ki, məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

İş materialları:

8. 05 may 2023-cü il tarixli Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-84/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Rеspublikasının Konstitusiyasının:

129-cu maddəsinə əsasən məhkəmənin qəbul еtdiyi qərarlar dövlətin adından çıхarılır və onların icrası məcburidir.

10. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin:

15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

11. «İcra Haqqında» Azərbaycan Rеspublikasının Qanununun:

15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət vеrilməsi və ya onun hissə-hissə icrası haqqında işə baхmış məhkəməyə müraciət еdə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən еdilmiş qaydada baхır.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarı:

Qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər.

13. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rеspublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tariхli 4 №-li qərarının:

12-ci bəndində göstərilir ki, qətnamənin icrasına möhlət vеrilməsi və ya onun hissəhissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaхud borclu üçün yaranmış əlvеrişsiz hallarda tətbiq oluna bilər və məhkəmələr bu məsələləri həll еtdikdə təkcə borclunun dеyil, tələbkarın mənafеyini də nəzərə almalıdırlar.

14. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının:

6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə borclunu dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır.

16. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.1-ci maddəsinin mənasından görünür ki, qətnamənin icrasına möhlət vеrməyə və ya qətnaməni hissəhissə icra еtdirməyə dair ərizələrə baхarkən işə baхmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır.

17. Belə ki, Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus əmlak mövcud olmur və məhkəmə, qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir.

18. Bundan başqa məhkəmə qeyd edir ki, prosessual qanunvericilikdə qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır.

19. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclular qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi imkanının aşağı olması ilə əlaqədar oduğunu bildirmişlər. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz.

20. Həmçinin tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Borclular ərizədə işləmədiklərini və pensiya ilə yaşadıqlarını bildirmişlər. Belə olan halda qətnamənin icrasını mümkünsüz edən əlverişsiz hal mövcud olmadığı müəyyən olunur.

Nəticə:

21. Buna görə məhkəmə hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-84/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsində göstərilən borc məbləğinin “hissə-hissə icra edilməsi”nə dair X1 və X6 tərəfindən verilmiş ərizə təmin edilməməlidir.

22. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.2, 231.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-84/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsində göstərilən borc məbləğinin “hissə-hissə icra edilməsi”nə dair X1 və X6 tərəfindən verilmiş ərizə rədd еdilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vеrilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar