Məhkəmə qərarları › İş №8(007)-209/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-209/2024

01.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-209/2024 01.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3118/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilərək, xx.xx.2022-ci il tarixli RBNPU-10698 saylı müqavilə üzrə 12843,78 manat əsas borc, 359,85 manat faiz borcu, 434,3 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 13637,93 manat borc və ödənilmiş 130,91 manat dövlət rüsumunun əvəzinin Borclu Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-3118/2023-011 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 13637,93 manat məbləğində pul vəsaiti və 130,91 manat dövlət rüsumunun tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə daxil olub və qanunamüvafiq qaydada icraya yönəldilib. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilib. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilib. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş çıxarışa əsasən Borclu adına “HYUNDAİ SANTAFE” minik markalı, 90SG529 dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilib. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş edilmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Təqdimata əlavə edilmiş “Elektron icra və məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, Borclu adına 2006-cı il buraxılışlı “Hyundai Santafe” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək borclunun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına nəqliyyat vasitəsinin qeydə alındığı aşkar olunmuş, borcluya məxsus tələbin yönəldiləcəyi digər əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədinin icrasının təmini məqsədi ilə, borcluya məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3118/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu adına qeydiyyatda olan 2006-cı il buraxılışlı “Hyundai Santafe” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar