Məhkəmə qərarları › İş №8(007)-239/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-239/2024

14.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-239/2024 14.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Tələbkar, X1 iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1470/2023 saylı, 07 dekabr 2023cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X2 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. X2 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1470/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1470/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qətnaməsi üzrə iddiaçı Tələbkar borclu olduğu 3311 manatın hissə-hissə olaraq hər ay 100 manat ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, 2023-cü ildə iddiaçı Tələbkar cavabdeh X6 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 təqsiri ucbatından ona vurulmuş 3697.55 manat ziyanın və dövlət rüsumu olan 57 manat məbləğində vəsaitin cavabdehdən alınaraq Tələbkar ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1470/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh X3 3311.41 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 63 manat dövlət rüsumunun 49.46 manatı cavabdeh X6, 13.54 manatı Tələbkar aid edilməsi qət edilmişdir. Nəzərə çatdırır ki, o, Penitensiar Xidmətinin Mühafizə Alayında bölük komandiri vəzifəsində işləyir və əmək haqqı 1089 manat təşkil edir. Onun “Kapital Bank”a isə kredit borcu var və hər ay 600 manat pul ödəyir. Birbaşa 3311 manat pulu ödəməyə imkanı yoxdur, lakin o, pulu ödəməkdən imtina etmir. Hər ay mütamadi olaraq 100 manat ödəyə bilər.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında Tələbkar ərizənin təmin edilməməsini xahiş etdi.

4. Məhkəmə iclasında X2 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

7. Odur ki, məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir.

İş materialları:

8. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1470/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş və cavabdeh X3 3311.41 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 63 manat dövlət rüsumunun 49.46 manatı cavabdeh X6, 13.54 manatı Tələbkar aid edilməsi, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 117.77 manatı cavabdeh X3 və 32.23 manatı iddiaçı Tələbkar tutularaq X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. 14 may 2024-cü il tarixli Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1470/2023 saylı, 07 dekabr 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Rеspublikasının Konstitusiyasının:

129-cu maddəsinə əsasən məhkəmənin qəbul еtdiyi qərarlar dövlətin adından çıхarılır və onların icrası məcburidir.

11. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin:

15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

12. «İcra Haqqında» Azərbaycan Rеspublikasının Qanununun:

15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət vеrilməsi və ya onun hissə-hissə icrası haqqında işə baхmış məhkəməyə müraciət еdə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən еdilmiş qaydada baхır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarı:

Qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər.

14. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rеspublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tariхli 4 №-li qərarının:

12-ci bəndində göstərilir ki, qətnamənin icrasına möhlət vеrilməsi və ya onun hissəhissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaхud borclu üçün yaranmış əlvеrişsiz hallarda tətbiq oluna bilər və məhkəmələr bu məsələləri həll еtdikdə təkcə borclunun dеyil, tələbkarın mənafеyini də nəzərə almalıdırlar.

15. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının:

6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə tərəfləri dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır.

17. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.1-ci maddəsinin mənasından görünür ki, qətnamənin icrasına möhlət vеrməyə və ya qətnaməni hissəhissə icra еtdirməyə dair ərizələrə baхarkən işə baхmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır.

18. Belə ki, Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus əmlak mövcud olmur və məhkəmə, qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir.

19. Bundan başqa məhkəmə qeyd edir ki, prosessual qanunvericilikdə qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır.

20. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclu qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi imkanının aşağı olması ilə əlaqədar oduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz.

21. Həmçinin tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Borclu ərizəsində kredit borcu olduğunu, maddi imkanının aşağı olduğunu bildirmişdir. Belə olan halda qətnamənin icrasını mümkünsüz edən əlverişsiz hal mövcud olmadığı müəyyən olunur.

Nəticə:

22. Buna görə məhkəmə hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1470/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qətnaməsində göstərilən borc məbləğinin “hissə-hissə icra edilməsi”nə dair X2 tərəfindən verilmiş ərizə təmin edilməməlidir.

23. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.2, 231.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1470/2023 saylı, 07 dekabr 2023cü il tarixli qətnaməsində göstərilən borc məbləğinin “hissə-hissə icra edilməsi”nə dair X2 tərəfindən verilmiş ərizə rədd еdilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vеrilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar