Məhkəmə qərarları › İş №8(007)-241/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-241/2024

08.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-241/2024 08.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru X6 oğlunun, Borclu MMC-nin nümayəndəsi Musayev Sənan Rüfət oğlunun iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3647/2018 saylı qətnaməsinə izah verilməsi barədə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3647/2018 saylı qətnaməsinə əsasən, iddianın qismən təmin edilməsi, Borclu MMC-nin 26 iyul 2018ci il tarixli, 173 K saylı əmrinin §1 ləğv edilməsi, Tələbkar əvvəlki iş yerinə- Borclunə Əhəng-Karbonat sahəsinə Operator köməkçisi vəzifəsinə bərpa olunması, qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə Tələbkar əmək haqqının verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icraat başlanılmışdır. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3647/2018 saylı, 06.11. 2018-ci il tarixli icra sənədinin icra olunma qaydası barədə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3647/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi 28 iyul 2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanmış, bu barədə məhkəməyə məlumat verilməsi təmin edilmişdir. Görülmüş icra tədbirləri nəticəsində, Borclu MMC tərəfindən qanunsuz olaraq işdən çıxarılma ilə əlaqədar, xx.xx.2018-ci il tarixdən - xx.xx.2020-ci il tarixədək məcburi işburaxma müddətinə görə 8205,9 manat pul vəsaitinin, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən, Tələbkar hesabına köçürülməsi təmin edilmişdir. Borclu 26 iyul 2018-ci il tarixli, 173 K saylı əmri ləğv edilməmiş; iş üzrə tələbkar qismində keçən Tələbkar əvvəlki iş yerinə - Əhəng- Karbonat sahəsinə Operator köməkçisi vəzifəsinə bərpa olunması borclu təşkilat tərəfindən təmin edilməmişdir. Borclu təşkilat şöbəyə müraciət edərək, tələbkarın Borclu MMC-də əvvəlki iş yeri olmuş Əhəng-Karbonat sahəsinə Operator köməkçisi vəzifəsi ixtisar edildiyi üçün həmin vəzifəyə işə bərpa olunmanın qeyri-mümkün olduğu, lakin müəssisədə öncəki vəzifə maaşından aşağı olmamaq şərti ilə Borclu MMC-də boş olan iş yerləri barədə seçim haqqının Tələbkar təklif edildiyi qeyd olunmuşdur. Borclu barəsində MN № ******* saylı, 25 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilmişdir. Borclu MMC barəsində inzibati xəta haqqında iş üzrə keçirilmiş prosess zamanı məhkəmə hesab etmişdir ki, borclu təşkilat tərəfindən ödənişlərin edilməsi, həmçinin əvvəlki vəzifə maaşından aşağı olmamaq şərti ilə Borclu MMC-də yeni işlə təmin edilməsi məqsədilə Tələbkar təkliflərin olunması, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- 2763/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarı ilə Borclu MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sonrakı müddət ərzində, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 3(007)-2763/2022 saylı qərarından Tələbkar tərəfindən şikayət verilməmişdir. Odur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 2(007)-3647/2018 saylı icra sənədinin icra olunma qaydası barədə izah olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında böyük icra məmuru X4 ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Borclu MMC tərəfindən tələbkara başqa vakant iş yerləri təklif edilmiş, lakin tələbkar həmin təkliflərdən imtina etmişdir. Tələbkarın əvvəlki iş yerinə bərpa olunmamasının səbəbi həmin ştatın insan səhhəti üçün təhlükə yaratmasına görə ləğv olunmasıdır. Borclu MMC barəsində inzibati xətalar haqqında protokol tərtib edilmiş və protokol Tələbkar başqa işlər təklif edilməsi, vəzifəsinə uyğun olmayan, aşağı işlə təmin edilməsinin məqsədəmüvafiq olması səbəbi ilə təmin edilməyərək inzibati iş üzrə icraata xitam verilmişdir. Tələbkar özü qətnamənin icrasına qəsdən maneə törədir. Artıq həmin sahə avtomatlaşdırılmışdır. Məhkəmə iclasında borclunun nümayəndəsi X3 məhkəmə qətnaməsinə izah edilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, tərəflərindən birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verilmiş və iş Azərbaycan Respublikası Ali Məhkəməsinə kimi gedib çıxmış, 2019-cu ilin noyabr ayında Ali Məhkəmənin qərarı qəbul edilmişdir. Tələbkar cəmi 7 ay operator köməkçisi vəzifəsində işləmişdir. İşdən çıxarılarkən ona başqa vəzifələr üzrə iş təklifi edilmişdir. Müəssisədə 3 operator köməkçisi vəzifəsi ixtisar edilmiş, Tələbkar yanında işləyən digər iki şəxs başqa iş təklifləri ilə razılaşmışdır. Tələbkar daha yüksək maaşla, yəni işlədiyi vaxt maaşı 370 ya da 315 manat olduğu halda 370, 431, 605 manat məbləğində maaşla davamlı olaraq iş təklif etmişlər. 2020-ci ilin iyul ayında Ramal müəssisəyə çağırılan zaman tərəflərindən sonuncu dəfə 2019-cu ilin noyabr ayına qədər deyil, 2020-ci ilin iyul ayına qədər olan maaş onun hesabına köçürülmüş, ona iş təklifi edilmiş, bu zaman Ramal əmək kitabçasını götürmüşdür. Lakin o, heç bir cavab vermir, təklifləri qəbul etmir. 2022-ci ildə olan iclasa da gəlməmişdir. Ştatın ləğvi ilə bağlı sənəd icra işində vardır. İnzibati iş üzrə olan prosesdən də sonra Ramala yenə iş təklif edilmiş, lakin təkliflər yenə də qəbul edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qəbul etdiyi xitam qərarından da görünür ki, onlar öz üzərlərinə düşən öhdəliyi icra etmişlər. Əllərində olmayan səbəbdən tələbkarın olduğu vəzifəni yarada bilmirlər, çünki dövlət buna icazə vermir. Belə ki, Nazirlər Kabinetinin texniki təhlükəsizlik ilə bağlı qərarları vardır, Əhəng oksidləşən karbon dioksiddir, toz əhəngdir, kanseroji tərkib yaratdığı üçün insan səhhətinə ən yüksək təhlükə yaradan amillərdən biridir. Əhəng tozu ağartmada istifadə edilir. Bu zaman əhəng peçlərindən istifadə edilir. Bu sahəni robotlaşdırırlar, əvvəl 10 nəfərin gördüyü işi indi 1 operator edir. Bu insan səhhəti üçün təhlükəlidir, adi bir su düşsə əhəng qaynamağa başlayır. Əhəng tez alışan maddədir, lakin onlar bu halları nəzərə alıb etiraz edəndə Ali Məhkəmə bu amilləri nəzərə almamışdır. O zaman vəzifə üzrə ştat artıq ləğv edilmişdir. Onların müəssisəsində 8 operator köməkçisi vəzifəsindən 2018-ci ilin 1 may tarixində dördü ləğv edilmiş, yəqin ki yerdə qalan vəzifələr də sonradan ləğv edilmişdir. Vətəndaş təkrar-təkrar icraya müraciət edir ki, icra sənini icra etmirlər. Belə olan halda nə etməldirlər? Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə tərəfindən icra işi tələb edilib araşdırılaraq müəyyə edilmişdir ki, xx.xx.2018-ci il tarixli, 006Ş saylı əmr ilə Borclu MMC-nin İstehsalat şöbəsinin Əhəng- Karbonat sahəsində işlərin azalması səbəbi ilə həmin sahədə olan Operator köməkçilərinin ştat vahidi üzrə 4 ştatdan 1 ştatın ləğv edilməsi, digər 3 ştatdan ay sonuna qədər 1 ştatın yenə ləğv olunması, qalan 2 ştatın il sonuna qədər ləğv olunması nəzərdə tutulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)- 3647/2018 saylı icra sənədi üzrə İcra şöbəsi xx.xx.2020-ci il tarixli qərar ilə icraata başlamış və həmin qərara cavab olaraq Borclu MMC Tələbkar və Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məlumatlar ünvanlayaraq bildirmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək olan məcburi iş buraxma müddəti üçün ödəniləcək məbləğ hesablanıb 8205,90 manat tələbkarın bank hesabına köçürülmüş və bu hal xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə öz təsdiqini tapmışdır. Bundan əlavə həmin məktublarda bildirilmişdir ki, tələbkarın MMCdə olan əvvəlki iş yeri ləğv edildiyi üçün müəssisədə yeni işlə təmin edilməsi məqsədi ilə dəfələrlə telefonla zəng vurulmuş və bu zənglərin heç birinə cavab verilməmiş, lakin müəssisədə boş olan müxtəlif iş yerləri əvvəlki əmək haqqından aşağı olmamaq şərti ilə təklif edilmişdir. Həmçinin, Borclu MMC xx.xx.2021-ci il tarixdə İcra şöbəsinə məktub ünvanlayaraq Tələbkar təklif edilən işləri qəbul etdiyini bildirmədiyini, Tələbkar sadəcə Əhəng-Karbonat sahəsində vəzifəsində işləmək istədiyini, həmin vəzifənin ləğv edildiyi, şəkər istehsalatının təkmilləşdirilməsinə görə bu vəzifənin yenidən təsis edilməsinin mümkün olmadığını qeyd etmişdir. Borclu MMC barəsində Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2763/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Borclu MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilmişdir. Qərarda qeyd edilmişdir ki, borclu tərəfindən ödənişlərin edilməsi, həmçinin əvvəlki vəzifə maaşından aşağı olmamaq şərti ilə Borclu MMC-də yeni işlə təmin edilməsi məqsədilə Tələbkar təkliflərin olunması, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Bundan əlavə borclu təşkilat tərəfindən İcra şöbəsinə müraciət edilərək icra işinin xitam verilməsi xahiş edilmiş və müxtəlif vaxtlarda tələbkar üçün müxtəlif boş iş yerləri təklif edilməyə davam edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və həmin qərarlarında Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Qanunverici, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarına izah verilməsi institutunu nəzərdə tutmuşdur. Hazırda məhkəmə ərizənin dəlillərinə qiymət verərək bildirir ki, icra məmuru tərəfindən məhkəmə qətnaməsinə izah verilməsinin yoxsa qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsinin tələb edilməsi aydın deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Göründüyü kimi, hazırki qətnamənin nəticə hissəsi aydın şəkildə müəyyən edilmiş və onun məzmununda izahla aydınlaşdırılmalı olan qeyri-müəyyən ifadələr və ya hallar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, məhkəmə aktının izah olunması barədə məsələ həmin aktın məzmununun toxunulmazlığı ilə şərtləndirilmişdir. Xüsusi olaraq nəzərə alınmalıdır ki, məhkəmə aktlarına izah verilməsi institutu mübahisənin mahiyyəti üzrə həll edilməsinə deyil, yalnız izah verilməsi xahiş edilmiş aktın məzmununda olan qeyri-müəyyən ifadələrin və ya halların aydınlaşdırılmasına yönəlmişdir. Yəni, məhkəmə aktına izah verərkən məhkəmə əlavə sübutlar tələb etmədən və araşdırmadan müvafiq aktda aydın olmayan halları izah edir. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirdiyi üçün ona izah verilməsi yalnız qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda mümkündür və normativ aktlarda nəzərdə tutulmayan hər hansı hal üçün bu institutun tətbiqi hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Görundüyü kimi Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində tərəflərin məhkəmə qətnaməsinin icra üsulunu və qaydasını dəyişdirilməsi barədə işə baxmış hakimə müraciət etmək hüquqları müəyyən olunmuş, məhkəmə qətnaməsini icra edən icra məmurunun belə müraciət etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən qeyd olunan hala qiymət verilərkən tələbkarın mənafeyi nəzərə alınmalıdır. İcra işinin materiallarından məlum olur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsində nəzərdə tutulan qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə Tələbkar əmək haqqının verilməsi hissəsi borclu tərəfindən icra olunmuş və həmin məbləğ tələbkara ödənilmişdir. Lakin, həmin qətnamə üzrə əmrin ləğv edilməsi və tələbkarın əvvəlki iş yerinə, yəni Borclunə Əhəng- Karbonat sahəsinə Operator köməkçisi vəzifəsinə bərpa olunması borclu təşkilat tərəfindən xx.xx.2018-ci il tarixli, 006Ş saylı əmr ilə Borclu MMC-nin İstehsalat şöbəsinin Əhəng-Karbonat sahəsində ştatların ləğv olunması nəzərdə tutulduğundan və tələbkarın məhkəmə qətnaməsi ilə işə bərpası nəzərdə tutulan vəzifə ləğv olunduğundan borclu tərəfindən icra edilməmişdir. Hansı ki, borclu MMC tərəfindən tələbkara fərqli vəzifələr təklif edilməsinə baxmayaraq, tələbkar həmin müəssisədə təklif edilən başqa vəzifələri qəbul etməmiş və bununla da qətnamə bu hissədə icra olunmamışdır. Qeyd olunanlara görə icra məmuru tərəfindən məhkəməyə qətnamənin icra qaydasının izah verilməsi barədə müraciət edilmişdir. Məhkəmə bildirir ki, “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 38 saylı Qərarının 1.6-cı bəndinə əsasən təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsini, əmək proseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunmasını müəssisənin laboratoriyası həyata keçirir. Bunun üçün müəssisədə lazımi texniki vasitələr və normativ sorğu bazası olmadıqda dövlət sanitariya nəzarəti orqanlarının, X2 Xidmətinin laboratoriyaları və bu sahədə göstərilən ölçülərin aparılması hüququna malik olan digər laboratoriyalar cəlb olunurlar. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi müəssisələr tərəfindən müstəqil həyata keçirilir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununuda təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına oksidləşən maddələryanmaya kömək edən, tez alovlanma yaradan və (və ya) oksidləşmə ekzotermik reaksiya nəticəsində digər maddələrin tez alovlanmasına səbəb olan maddələr də aiddir. Bundan əlavə məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən tələbkarın işə bərpası nəzərdə tutulan vəzifənin təhlükəli olması, insan səhhətinə zərərli olması ilə bağlı ləğv olunması səbəbindən, tələbkar əvvəlki vəzifə maaşından aşağı olmamaq şərti ilə Borclu MMC-də başqa işlə təmin edilməsi təklifindən rəsmi qaydada imtina etdiyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə müvafiq olaraq icra sənədinin məhkəməyə geri qaytarılması mümkündür. Belə ki, qeyd olunan 23.2-ci maddəyə əsasən, tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Qeyd olunanlara əsasən məhkəmə icra məmurunun ərizəni əsaslı hesab etməyərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3647/2018 saylı qətnaməsinə izah verilməsi barədə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru X1 ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar