Məhkəmə qərarları › İş №8(007)-244/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-244/2024

08.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-244/2024 08.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 182/2023 saylı icra sənədinin icrasının təmin olunması məqsədi ilə “Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m. olan 14 saylı mənzilinin qapısının məcburi qaydada açılması” barədə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru Tahir Ağayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 182/2023 saylı icra sənədi ilə cavabeh Borclu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1813/2021 saylı qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilinə dair cavabdeh "xxxx" MMC ilə Borclu arasında bağlanmış 06 fevral 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Borclu tərəfindən həmin mənzilə görə "xxxx" MMC-yə ödənilmiş 103664 (yüz üç min altı yüz altmış dörd) manat pulun "xxxx" MMC-dən alınaraq Borclu ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilinə dair müqavilənin Tələbkar mərhum həyat yoldaşı X3 adından dəyişdirilərək iddiaçı Tələbkar adına bağlanılması, eləcə də mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi, habelə həmin mənzilə dair təmir aktının verilməsi öhdəliyinin "xxxx" MMCyə həvalə edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ona aid edilməsi, ekspertiza xərci olan 124 (yüz iyirmi dörd) manatın cavabdeh Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Böyük icra məmuru Tahir Ağayev təqdimatla məhkəməyə müraciət edərək Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-182/2023-16 saylı icra sənədinin icrasının təmin olunması məqsədi ilə, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 117 kv.m. olan 14 saylı mənzilinin qapısının məcburi qaydada açılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi 26 iyul 2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanmış, tələbin könüllü icrası haqqında bildirişlər borclular "xxxx" MMC-nin və Tələbkarın qeydiyyatda olduqları ünvanlara göndərilmişdir. Borclu Tələbkar və "xxxx" MMC tərəfindən icra sənədinin icrası, verilmiş könüllü müddət ərzində təmin edilməmişdir. Borclu təşkilatdan 103664 (yüz üç min altı yüz altmış dörd) manat pulun alınaraq Borclu ödənilməsini təmin etmək məqsədi ilə, "xxxx" MMC-nin bank hesablarına inkasso sərəncamları qoyulmuş, lakin pul vəsaiti aşkar olunmadığından, qoyulmuş inkasso sərəncamları icra edilmədən geri qaytarılmışdır. “Elektron İcra” informasiya sistemindən əldə edilmiş məlumata əsasən, borclu təşkilatın mülkiyyətində tələbin yönəldilə bilinəcək digər daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin, borclu "xxxx" MMC-nin rəhbəri olan X1 axtarılması barədə müvafiq qərar qəbul olunaraq, icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsindən daxil olmuş 28 may 2024-cü il tarixli məktuba əsasən, barəsində axtarış işi açılmış ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X4 müəssisəsində cəza çəkdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m. olan 14 saylı mənzilinə dair müqavilənin Tələbkar adına bağlanılması, eləcə də mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi məqsədi ilə, məcburi icra tədbirləri xx.xx.2023-cü il; xx.xx.2024-cü il; xx.xx.2024-cü il tarixlərə təyin edilmiş, lakin mənzilin qapısı bağlı olduğundan icra hərəkətlərini başa çatdırmaq mümkün olmamışdır. Tələbkar 19 iyul 2024-cü il tarixdə şöbəyə ərizə ilə müracət edərək Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m. olan 14 saylı mənzilin qapısının məcburi qaydada açılmasına dair təqdimatla məhkəməyə müraciət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında böyük icra məmuru X5 təqdimatın məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, icra zamanı müəyyən edilmişdir ki, Borclu mübahisəli mənzildə ailəsi ilə birlikdə yaşayır və bildirdiyinə görə başqa yaşayış yeri yoxdur. Ona xəbərdarlıq edilmiş, dəfələrlə icra vaxtı təyin edilsə də mənzilin qapısı bağlı olmuşdur. Həmçinin, iş üzrə digər borclu "xxxx" MMC tərəfindən Səbinə xanımın pulu ödənilməmiş, borclu kimi vəzifələri yerinə yetirilməmişdir. Tələbkar isə müxtəlif instansiyalara şikayət edərək icra sənədinin icra edilmədiyini bildirmişdir. Halhazırda mənzilin qapısının açılması zərurəti yaranmışdır. Həmçinin, "xxxx" MMC-nin rəhbəri hal-hazırda cəza çəkir. Tələbkara və borclulara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci və 3.2-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 43.1.5-ci maddəsinə əsasən bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-182/2023 saylı qətnaməsindən görünür ki, Borclu tərəfindən mübahisəli mənzilə görə "xxxx" MMC-yə ödənilmiş 103664 manat pulun MMC-dən alınaraq ona ödənilməsi, həmin mənzilə dair müqavilənin Tələbkar mərhum həyat yoldaşı X3 adından dəyişdirilərək Tələbkar adına bağlanılması, eləcə də mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi, habelə həmin mənzilə dair təmir aktının verilməsi öhdəliyinin "xxxx" MMC-yə həvalə edilməsi müəyyən edilmişdir. Lakin, "xxxx" MMC tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən olunmuş heç bir öhdəlik yerinə yetirilməmiş və icra sənədi hələ də onun tərəfindən icra olunmamışdır. Belə ki, məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsinə uyğun olaraq ilk öncə mübahisəli mənzilə dair müqavilə Tələbkar mərhum həyat yoldaşı X3 adından dəyişdirilərək Tələbkar adına bağlanılmalı, Borclu tərəfindən mənzilə ödənilmiş məbləğ ona qaytarılmalı, həmin mənzil tələbkarın sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun olaraq təhvil verilməli, mənzilə dair təmir aktı tələbkara verilməlidir. Lakin, "xxxx" MMC tərəfindən tələbkarın hüquqları pozulmuş, onunla hələ də hər hansı bir müqavilə bağlanılmamış, Borclu müqaviləsi etibarsız hesab edildiyindən mənzil üçün ödədiyi məbləğ ona qaytarılmamışdır. Göründüyü kimi, icra sənədi üzrə öhdəliklər ilk öncə "xxxx" MMC tərəfindən həyata keçirilməli, bu öhdəliklər borclu MMC tərəfindən yerinə yetirildikdən sonra mübahisəli mənzil Borclu tərəfindən tələbkarın sahiblik və istifadəsinə verilmədikdə isə bu halda mənzilin qapısının məcburi açılması ilə bağlı məcburi icra tədbiri tətbiq edilə bilər. Bundan əlavə məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.5-ci maddəsində bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinin tətbiqi də nəzərdə tutulmuşdur. Belə olan halda isə mübahisəli mənzilin qapısının məcburi açılması barədə icra tədbirinin icra məmuru tərəfindən görülməsi zəruri olan sonuncu icra tədbiri deyildir və onun tərəfindən "xxxx" MMC ilə bağlı ilk öncə məhkəmə qətnaməsinə uyğun olaraq əvvəlki tədbirlər görülməlidir. Eyni zamanda, məhkəmə "xxxx" MMC-nin rəhbərinin azadlıqda olmaması, hazırda cəza çəkməsi dəlili ilə bağlı bildirir ki, bu fakt məhkəmə qətnaməsinin icra olunmaması üçün əsas deyildir. Belə ki, məhkəmə qətnaməsinin icrası "xxxx" MMC-nin direktoru, o olmadıqda müvafiq olaraq həmin səlahiyyətləri icra edən şəxs, həmin səlahiyyətləri icra edən şəxslər müəyyən edilmədikdə isə icra məmurunun müəyyən edəcəyi digər müvafiq şəxslər tərəfindən həyata keçirilə bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə olan halda, məhkəmə yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-182/2023 saylı icra sənədinin icrasının təmin olunması məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m. olan 14 saylı mənzilinin qapısının məcburi qaydada açılması barədə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru Tahir Ağayevin təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 182/2023 saylı icra sənədinin icrasının təmin olunması məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m. olan 14 saylı mənzilinin qapısının məcburi qaydada açılması barədə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru Tahir Ağayevin təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar