Məhkəmə qərarları › İş №8(007)-245/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-245/2024

07.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-245/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Tələbkar, Borclu nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icra üsulunun dəyişdirilməsi barədə borclunun nümayəndəsi və vəkilinin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Borclu 25 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 oktyabr 2018-ci il tarixdən başlayaraq Borclu qazancının və ya başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin və 25 iyul 2018-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatana qədər hər ay 50 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə Borclu apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hər ay Borclu tərəfindən X1 tələbatını təmin etmək üçün 220 (iki yüz iyirmi) manat aliment Tələbkar ödənilməklə xx.xx.2020-ci il tarixdən etibarən xx.xx.2022-ci ilə qədər ümumi olaraq 3500 (üç min beş yüz) manat pul vəsaiti ödənilmişdir. Göründüyü kimi Borclu aliment öhdəliklərindən boyun qaçırmır, sadəcə xx.xx.2018-ci il tarixdən etibarən xx.xx.2020-ci il tarixədək yəni işlədiyi müddət ərzində qazandığı əmək haqqının 1/4 hissəsi üzrə ödənişi həyata keçirə bilmir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 8(007)-41/2021 saylı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. 14 aprel 2021-ci il tarixli, 9/2002 saylı ekspert rəyinə əsasən, borcludan (Borclu) tutulmalı alimentin məbləği (25 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün) 22 oktyabr 2018-ci il tarixdən başlayaraq Borclu qazancının xx.xx.2020-ci il tarixədək 249.978,92 manat təşkil etdiyi, həmin qazancın dörddə bir hissəsi miqdarında alimentin isə 62.494,73 manat təşkil etdiyi müəyyən edildi. Bundan başqa 25 iyul 2018-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatana qədər, xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 50 (əlli) manat sabit pul məbləğində tələbkara ödənilməli aliment məbləği 2021-ci ilin aprel ayı daxil 1500 manat təşkil edir. Hesab edir ki, ödənilməli alimentin 50%-i X1 adına bank hesabı açılaraq həmin hesaba köçürülməlidir. Nəzərə alınmalıdır ki, ödənilməli aliment məbləğinin böyük olduğu işlər məhkəmə təcrübəsində belə tələblər təmin olunur. Belə ki, ərizəçi uşağın gələcək mənafeyini nəzərə alaraq alimentin yarısını bank hesabına köçürmək istəyir. Uşağın gələcək təhsil və digər xərclərini idarə etməkdə sərbəst olmasını daha məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən, iş üzrə ödənilməli aliment məbləğinin 50%-nin 25 iyul 2018-ci il təvəllüdlü X1 adına bank hesabı açılaraq həmin hesaba köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə etirazla müraciət edərək, etirazında göstərmişdir ki, Borclu xx.xx.2018-ci il tarixindən bu günədək X2 olan aliment borcunu tam şəkildə ödəməkdən yayınır. xx.xx.2020-ci il tarixində keçirilən Nizami Rayon Məhkəməsinin qətnaməsinə 2(007)-50/2020 əsasən, Borclu xx.xx.2018-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Borclu qazancının və ya (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında aliment və xx.xx.2018-ci il təvəllüdlü X4 3(üç) yaşına çatana qədər hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Tələbkar, yəni onun xeyrinə tutulması qət edilmişdir. Azyaşlı qızının aliment işinin 2 il sürünməsinə səbəb Nizami Rayon Məhkəməsinin hakimi Fikrət Mirzəyevin işi əsassız səbəblərdən uzatması oldu. Məhkəmə Hüquq Şurasına şikayət etdikdən sonra, aliment işi yekunlaşdı. Bu günədək onun xeyrinə olan bütün məhkəmə işlərinin qərarlarına dəfələrlə Bakı Apellyasiya Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə etiraz ərizəsi ilə müraciət etməsinə baxmayaraq, 1-ci instansiya məhkəməsinin qərarları onun xeyrinə qüvvədə saxlanılmışdır. Borclu 2 il ərzində (xx.xx.2018- xx.xx.2020) tarixlərində “ABB Limited” şirkətində işləyib və həmin dövr borcunu tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi ekspertizanın rəyinə əsasən, Borclu “ABB Limited” şirkətində işlədiyi müddətdə aldığı əmək haqqı 249.978,92 manat təşkil etdiyi halda, həmin qazancın dördə bir hissəsi miqdarında alimentin isə 62.494,73 manat təşkil etdiyi müəyyən olunmuşdu. xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Borclu ödədiyi aliment məbləği 4.380 manatdır. xx.xx.2022-ci il tarixindən bu günədək aliment ödəmir və halhazırda aliment borcu 69.079,73 manatdır. Borclu ona olan aliment borcu olması, borcu ödəməməsi və müxtəlif üsullarla məhkəmə işlərini uzatması nəticəsində o, İcra və Probasıya Şöbəsinə müraciət edərək, onun ölkədən getməsinə müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı şikayət ərizəsi yazmışdır. xx.xx.2021-ci il tarixində Nizami Rayon Məhkəməsi tərəfindən Borclu ölkədən çıxması barədə məhdudiyyət qoyulmuşdur. Buna baxmayaraq Nizami Rayon Məhkəməsinə etiraz ərizəsi ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixində iddiaçının etirazı rədd edilmişdi və sonunda xx.xx.2021-ci il tarixində ölkədən çıxmaq üçün məhdudiyyət qoyulmuşdu. Bu prosesin icraatı ərəfəsində borclu ona öncədən məlumat verildiyinə görə artıq Azərbaycan Respublikasını tərk etməyi bacardı. Artıq uzun müddətdir ki, Azərbaycan Respublikasını tərk edib və məhkəmənin qərarını bildiyi halda, aliment ödəməkdən yayınır. Hal-hazırda borclu axtarışdadır və ölkədən çıxışına qadağa qoyulduğuna görə ölkəyə qayıtmır, müxtəlif cəhdlərlə həmin qadağanın alimenti ödəməyərək üzərindən götürülməsi üçün çalışır və hazırda bu iş üzrə verdiyi ərizə də məhz həmin cəhdlər silsiləsindəndir ki, borclu bu ərizəsi ilə əslində nə alimenti ödəmək niyyətini güdmür, nə də uzun müddət borcun yığılması və alimentdən yayınmasını nəzərə alsaq övladının dolanışığını və maddi təminatını düşünmür - bu ərizəsi ilə borclunun güddüyü yeganə məqsəd sadəcə vaxt udaraq tələbkarı aldatmaq və ölkəyə hər hansı yolla daxil olaraq öz işlərini həll edib yenidən ölkəni tərk etmək və alimentdən yayınmağa davam etməkdir. İlk öncə məhkəmənin nəzərinə çatdırır ki, borclu öz borcunu atası tərəfindən ödəniləcəyini iddia edir - halbuki, borclunun atası bu mübahisə üzrə iştirakçı və ya tərəf qismində çıxış etmir və oğlunun borcunun ödənilməsi üzrə heç bir öhdəlik daşımadığından istənilən an həmin borcun ödənilməsindən imtina edə bilər və ümumiyyətlə heç bir ödəniş etməməyə haqlıdır. Çünki bu borc borclunun öhdəliyidir və atası üçün hər hansı hüquqi məsuliyyət yaratmır. İkinci məsələ isə ondan ibarətdir ki, borclu öz aliment öhdəliklərini icra etmir, yəni alimenti ödəmir, lakin ödəmədiyi alimentin guya onun tərəfindən səmərəli xərclənmədiyi iddiası ilə 50 faizinin bank hesabına keçirilməsini istəyir - öz öhdəliklərini layiqincə icra etməyən bir borclunun bu cür tələb irəli sürməyə haqqı yoxdur və məhkəmə bunun fərqindədir, çünki borclunun öz öhdəliklərini icra etməməsinə görə ölkədən çıxışına qadağa qoyulması barədə qərar məhz Nizami Rayon Məhkəməsində qəbul edilmişdir və həmin andan etibarən borclu ölkədən çıxmış və qərəzli olaraq öz borcunu ödəməməyə davam etməkdədir. Məhkəmə təsvir etdiyi bu acınacaqlı vəziyyəti nəzərə alarsa, borclunun hazırda hər hansı tələb ya xahiş irəli sürməsinin olduqca gülünc və qeyri-ciddi olduğunun şahidi olar və ərizənin əslində tamamilə başqa bir məqsəd güddüyü məhkəmənin nəzərindən yayınmaz. Bundan başqa qarşılıqlı olaraq borclu tərəfə sualı yaranır və məhkəmədən bunu nəzərə almasını xahiş edir - əgər borclunun bu qədər məbləğdə vəsaiti ödəmək niyyəti varsa və alimentin məqsədi uşağın maddi təminatını təmin etməkdən ibarətdirsə, hansı səbəbdən borclu artıq formalaşmış borcu ödəmək əvəzinə gələcək aliment məbləğindən danışır? Hesab edir ki, borclu ilk öncə formalaşmış borcu ödəməli və yalnız bundan sonra hər hansı güzəşt barədə onu müraciət etməyə cəhd edə bilərdi, lakin borclu bu istiqamətdə ümumiyyətlə heç bir addım atmadan öz öhdəliklərinə və məhkəmənin uzun müddət davam edən işinə açıq hörmətsizlik edərək bu cür qeyri-ciddi ərizələrlə məhkəmənin vaxtını almağa davam edir - əvvəllər də qətnamənin icra üsulunun dəyişdirilməsi barədə borclunun bir neçə bu cür qeyri- ciddi ərizələri olub, hər hansı biri təmin edilməyib. Görünür, borclu sadəcə məhkəməni öz əsassız və eyni tipli saysız ərizələri ilə yormaqla ölkədən çıxışına qoyulmuş məhdudiyyətin üzərindən götürülməsinə nail olmağa ümid edir və qanunun tələblərini nəzərə almır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, borclu bank hesabına aliment vəsaitinin yarısını keçirmək istəyirsə, bunun həmin 50 faiz məbləğin öncədən artıq formalaşmış borca aidiyyəti yoxdur, borclunun ölkədən çıxmasına məhdudiyyət isə məhz həmin formalaşmış borca görə qoyulmuşdur - demək, hər hansı bank hesabına vəsait keçirilməsi ilə borclunun ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsinə nail olması qeyri-mümkündür, ən azından o, buna razı deyil və formalaşmış borc məbləği nəğd olaraq tam həcmdə ona ödənilməyincə borclunun ölkədən çıxışına məhdudiyyətə dair məhkəmənin qərarı öz qüvvəsində qalacaqdır. Bir daha qeyd edir ki, hazırda baxılan iş üzrə ərizəni verməkdə borclunun yeganə məqsədi sadəcə həmin ölkədən çıxışına məhdudiyyətin götürülməsidir və o, tələbkar olaraq buna razılıq vermir. O ki qaldı onun alimenti guya qeyri-səmərəli və ya təyinatı üzrə xərcləməməyi barədə borclunun əsassız iddialarına - bu cür əsası olmayan ittihamların həqiqiliyini sübut etmək vəzifəsi ümumiyyətlə illərlə övladını görməyən və təminatı ilə maraqlanmayan, bu səbəbdən də tam məlumatsız olan borclunun üzərinə düşür, hansı ki, həmin sübutları xaricdə olan borclunun əldə etməsinin özü şübhə doğurardı - bundan da bu iddiaların birmənalı olaraq yalan olduğu və sadəcə təxmini olaraq çin çıxacağına dair boş ümidlə irəli sürüldüyü aşkar surətdə görünür. Təqdim etdiyi sübutlarda görünür ki, alimentin xərlənməci birmənalı şəkildə təyinatı üzrə olaraq yalnız və yalnız övladının ehtiyacları üçün və son dərəcədə qənaətlə və səmərəli qaydada xərcləyir və hətta alimentin bu məqsədlər üçün yetərli olmadığına görə öz vəsaiti hesabına da övladının həmin ehtiyaclarını qarşılamaq üçün alimentin məbləğini xeyli aşan həcmdə xərclər çəkir, hansı ki, yalnız borclunun onsuzda yayınaraq vaxtdan-vaxta ödədiyi alimentlə qarşılamaq qeyri-mümkün olardı. Həmin sübutlar bunlardır: 1. Alış-veriş qəbzləri. 2. Bank hesabından çıxarış. 3. Tibbi müayinələrin xərci. 4. Məktəbəqədər təhsil haqqında xərcləri. Buna baxmayaraq o, öz növbəsində bu iddiaları tamamilə rədd edən sübutları məhkəməyə təqdim edir və ərizənin əsassız və təməlində böhtan xarakterli olduğunu məhkəmənin nəzərinə çatdıraraq ərizənin təmin edilməməsini xahiş edir. xx.xx.2024 tarixində Borclu vəkili Vəkil Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, “Qətnamənin icra üsülunun dəyişdirilərək X1 adına hesab açılmaqla aliment məbləğinin 50% banka qoyulması barədə”. Borclunun atası Bayramov Azad noratial qaydada təsdiq olunmuş sənəddə borcun 50% ödəməkdə öz üzərinə götürmək istədiyini qeyd edib. Azad Bayramovun məhkəməyə təqdim etdiyi cari bank hesabında 70.000 USD (ABŞ dollar) ekvivalent 119.000 AZN sahibdir, yəni borcu tam şəkildə ödəmək üçün yetərincə qədər məbləğ var. Ərizədə qeyd edildiyi kimi, borclunun atası 36.500 nanat yetkinlik yaşına çatmayan X1 adına açılacaq depozit hesabına köçürülməsini, 3.000 manat məbləğin Tələbkar, aylıq 235 manat sabit pul məbləğində aliment nəzərə alaraq ümümi aylıq 500 manat (235 manat+265 manat) öz üzərinə götürmüşdür. Hesab edir ki, 265 manat borclunun 50% qalan borcundan silinmək məqsədi ilə nəzərdə tutulub.Bunu hesablasaq, 50 faiz-dan qalan borc 11 ilə ödəniləcək və bu edir 2035-ci il. Azad Bayramovun təqdim etdiyi cari bank hesabında borcunu ödəmək üçün kifayət qədər məbləğ olduğu halda, nəyə görə borclu öncə artıq formalaşmış borcunu tam şəkildə ödəmir və qeyri-ciddi ərizələrlə prosesi uzadır və məhkəməni də lüzumsuz yerə öz boş iddiaları ilə məşğul edir? Borclunun ərizəsində qeyd etdikləri ilə heç bir hissədə razı deyil. Yetkinlik yaşına çatmayan X1 adına alimentin hər hansı bir hissəsinin depozit hesabına qoyulmasına etiraz edir. Borclunun aliment borcunu tam şəkildə ödəməsini tələb edir. Qeyd edir ki, aliment borcu tam şəkildə ödənilməyənədək borclunun ölkəyə giriş-çıxış məhdudiyyəti aradan qaldırılmayacaq. Ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərini müdafiə edib, verdiyi izahatlarında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin xeyli miqdarda aliment borcu yaranmışdır. Həmin aliment borcunu işləmədiyi müddət ərzində ödəməkdə çətinlik çəkmişdir. Onun aliment borcunun ödənilməsi üçün yaşlı atasının bank hesabında olan vəsaitdən 40.000 manatını oğlunun xeyrinə güzəştə etməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmişlər. Borclu hazırda Azərbaycan Respublikasında deyil və borc yığılır, aliment iki il ərzində ödənilməyib, borclunun 7000-8000 manat maaşı olub. 69.000 manat aliment borcu tələbkarın etirazında qeyd etdiyi məbləğdir. Onlar bununla bağlı cədvəli məhkəməyə təqdim etmişlər. Borcu olan şəxs də təsdiq etdi ki, Gülnar xanım düz deyir. Təbii ki, onların məqsədi odur ki, uşağın mənafeyinə xidmət edən qaydada məsələni həll etsinlər. Uşağın babası istəyir ki, uşağın gələcəyini təmin etmək məqsədilə, istər əmlak almaq, istər təhsil hüququna görə təhsil haqqı kimi istifadə edəcək məbləğ uşağın 18 yaşına çatanadək toxunulmaz olsun. 69.079 manat olan borcun tən yarısını uşağın depozit hesabına, qalan 3000 manatın birdəfəlik ödənilməsi üçün Gülnar xanımın hesabına, yəni faktiki borcdan 3000 manat ödənilsin ki, yarıdan çoxu ödənilmiş olsun. Onlar ilkin ərizədə göstərmişdilər ki, 235 manat aylıq alimenti və 265 manat əlavə pul tutulsun. Onlar bundan başqa da ərizə vermişlər ki, yığılmış aliment borcunun ödənilməsi üçün hər ay, aylıq 235 manat alimentdən əlavə 500 manat miqdarında ödəniş etməyə hazırdırlar. Yəni ümumilikdə aylıq 735 manat ödəniş ediləcək. Tələbkar üçün rahatdırsa, depozitə məbləği ABB banka qoya bilərlər. Borclu, neft sahəsində işləyən İT mütəxəssisdir. Borclunun atası Elmlər Akademiyasının üzvüdür. Borclu xarici ölkədə evlənib, iki uşağı var, orada qalır. O, birinci gündən çalışmışdır, düzdür, qarşı tərəf onun səmimiyyətinə inanmayıb. O, həmişə təklif vermişdir ki, ayda 5000 manat verməklə, bütün borcu bağlamaq lazımdır. Gülnar xanımla bir neçə dəfə icra məmurunun yanında da olmuşlar. Onlar fikirləşmişlər ki, uşağın mənafeyinə xidmət etmək üçün hansı hərəkətləri etməlidirlər. Təbii ki, burada zəmanət kimi çıxış edən onun valideynidir. Gələcəkdə təhsil xərcləri və s. bütün xərcləri üçün o, pulu toplamışdı. Onun məqsədi o olmuşdur ki, uşaq onun nəvəsidir, nəyin bahasına olur olsun uşağın təminatı olsun. Gülnar xanım da məhkəmə iclasında təsdiq etmişdir ki, bu olan hadisədir, bir neçə dəfə ona zəng etmişdir ki, uşağın maddi durumu çətindir. Bütün istiqamətdə çalışmışlar ki, nə qədər olmasa da, azyaşlı uşağın maddi təminatını qarşılasınlar. Məhkəmədən nəzərə alınmasını xahiş edirlər ki, cari ay üçün xx.xx.2024-cü ildə tələbkara 735 manat pul ödənilmişdir. Göstərilənlərə əsasən, 69.079 manat ümumi aliment borcundan 34540 manat, yəni tən yarısını uşağın depozit hesabına köçürüb, qalan yarısından 3000 manat bir dəfəlik Gülnar xanıma verilməklə, yerdə qalan 31.540 manat aliment borcunun ödənilməsi üçün ayda 500 manat, həmçinin aylıq 235 manat aliment ödənişi olmaqla, cəmi 735 manat aliment ödənilməsini xahiş edirlər. Məhkəmə iclasında Tələbkar etirazında göstərdiklərini müdafiə edib, əlavə olaraq izahatlarında bildirmişdir ki, borclu neft şirkətində işləyirdi, orada ay ilə maaşın miqdarı dəyişirdi. Borclunun maaşı 7000 manat deyildi, sonuncu 15.000-16.000 manat maaş alırdı. Aliment borcu 62.000 manat onun işləmədiyi müddətdə yığılmışdı, sonra ödəmədiyinə görə də məbləğ qalxdı. 69.079 manat keçən aya qədər olan aliment borcudur. Avqust ayını da saysaq, aliment borcu 69.079 manat + bu ayın alimenti 235 manatdır. Bu iki il ərzində xarici şirkətdə işlədiyi müddətdə borclu 249.978 manat pul alıb, 1 il 8 ay ərzində həmin pulu alıb. Oradan 62.494 manat uşağın haqqıdır. Bu insan bu pulu hara xərcləyib? Bu insan bilirdi ki, aliment ödəyəcək. 249 mindən 62 min manat çəkib kənara qoymalıdır ki, bu uşağın haqqıdır. İndi borclu deyir ki, onun pulu yoxdur. Əlbəttə ki, pulu olmaz. O, xaricə qaçmışdır, çıxıb getmişdir, uşağı ilə maraqlanmır. 6 ildir ki, heç bir üzvü, o tərəfdən maraqlanmadı ki, uşaq nə yedi. Dəfələrlə yazmışdır ki, uşaq xəstədir, dərman almağa pulu yoxdur. Borclu qaçıb ölkədən, çünki axtarışdadır. Qarşı tərəf məhkəmədən qabaq ona başqa təkliflə müraciət etmişdilər. Xahiş edir ki, ərizə rədd edilsin. Çünki bu artıq 6 il ərzində formalaşmış borcdur. Deyilir ki, babasının hesabında 70.000 ABŞ dolları, yəni 119.000 manat pul var. Əgər babasının hesabında bu qədər pul varsa, bu hesabı niyə bir dəfəlik bağlamır? Həmin pulu o, özü uşağın bank hesabına qoyacaq. Çünki o pulu özü istifadə edə bilməyəcək. Onların qoyduğu pula uşağın 18 yaşına qədər o, əl dəyə bilməyəcək. O pulu xırda-xırda uşaq üçün xərcləyəcək. Onsuzda, o, uşağa yetəri qədər pul xərcləyir. Amma onların qoyduqları məbləği o, istifadə edə bilməyəcək, məsələn uşağın sağlamlığı ilə bağlı problem olarsa. Uşağın gözündə problem var, 50% görür. Əlbəttə ki, lazım olarsa, pulu xırda-xırda uşaq üçün xərcləyəcək. Uşağın depozitinə qoyulan pula dəymək olmur. Əgər borclu alimenti ödəyən adam olsa idi, atası və ya özü, indiyə qədər ödəyərdi. O, uşağı heç vaxt xaricə çıxartmamışdır. Ata onsuzda uşaqla maraqlanmır. Borclunun atası da yaşlı adamdır, kim qarantiya verə bilər ki, sabah ona nəsə olmayacaq. Əlbəttə borclu xaricdə işləyir, atası deyir işləmir, amma ola bilməz ki, xaricdə yaşayıb işləməyəsən. O, mənzil verilməsinə razılıq vermişdir, lakin uşağın adına olanda mənzili satmaq olmur, o, mənzili satmasa, uşağı nə ilə yedirdəcək? Kirayə qalır, 450 manat kirayə pulu verir, təklif olunan mənzil Qara Qarayevdə çox uzaq yerdədir. Uşağın baxçası, təhsili, hər şey şəhərdədir, o, avtobusla aparıb-gətirə bilməyəcək. Əvvəl dedilər mənzil uşağın adına olsun, sonra razılaşdılar ki, mənzil onun adına olsun. O, qarşı tərəfə mənzili istəmədiyini deməmişdir, demişdir ki, mənzili onun adına keçirsinlər, mənzilin yerləşdiyi yer rahat olmasa satıb başqa yerdən mənzil alsın. Həmin ev “tökülür” artıq, “Dan Ulduzu” şadlıq sarayının yanındadır. Bundan başqa, ilk öncə onu demək istəyi ki, borclunun atası deyir ki, o, alimenti ödəyəcək, qarantiya verirmi ki, 18 yaşına kimi ödəyəcək? Həmin pulu öz adına qoyacaq ki, uşağa lazım olduqda istifadə edə bilsin. O, öz fikrimdə qalır. O, borcun tam həcmdə ona ödənilməsini tələb edir. Ərizənin tam təmin edilməsinə etiraz edir. Çünki borclunun ona aliment ödəməməsi göz qabağındadır. Dünən (xx.xx.2024-cü il) borclunun vəkili onunla əlaqə yaratmağa çalışdı ki, “bəs filan qədər pul ödəyəcəyik”. O, onlara cavab verməmişdir. İndi Bəxtiyar müəllim dedi ki, “735 mnat pul ödəyiblər”. Görünür ki, iki il ərzində ilk dəfə ödəniş ediblər ki, prosesi inandırsınlar ki, “biz ödəniş etməyə başlamışıq”. Bu ödəniş formal xarakter daşıyır. Bu sadəcə hazırki ərizəyə qarşı verdiyi etirazda göstərilən arqumentə olan gec bir reaksiyadır ki, onun etirazında borclunun alimenti təyinatı üzrə xərcləmədiyi barədə iddiasına cavab olaraq, son iki il ərzində heç bir ödəniş etmədiyini bununla da onun bu ərizəsinin olduqda gülünc və əsassız olduğunu bildirmişdi. O, Bəxtiyar müəllimə müraciət etmişdir ki, uşaq xəstədir, pul ödəsinlər, sonuncu isə ona demişdi ki, “heç bir ödəniş etməyəcəklər”. Ona demişdir ki, “30.000 manat ödəsinlər, yerdə qalan 40.000 manat silin, yaddan çıxardın. Ərizəni geri götürün. Sənan qayıtmaq fikrində deyil. Ana, atasını da Türkiyəyə köçürdəcək ki, onlar rahat görüşsünlər. O bir də Azərbaycana qayıtmayacaq”. Onlar çıxıb gedəcək, bəs pulu kim ödəyəcək? Göstərdiklərini nəzərə alaraq, ərizənin rədd edilməsini xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, tələbkarın etirazını, ərizə ilə təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 5317/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh Borclu apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. - "xxxx" ASC-nin Quba filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X3 bankda xx.xx.2024-cü il tarixə AZ81İBAZ******************** nömrəli hesabında 70.000 ABŞ dolları pul vəsaiti mövcuddur, qalığın ekvivalenti 119000 manat təşkil edir. - X5 tərəfindən məhkəməyə təqdim edilmiş **********900 nömrəli, xx.xx.2024-cü il tarixli notarial ərizədən görünür ki, hazırda Azərbaycan Beynəlxalq Bankında ona məxsus olan depozit hesabından 36500 manat məbləğin yetkinlik yaşına çatmayan X1 adına açılacaq depozit hesabına köçürülməsini, 3000 manat məbləğin Tələbkar, aylıq 235 manat sabit pul məbləğində aliment nəzərə alınmaqla ümumi aylıq 500 manat məbləğini öz üzərinə götürür. Oğlu Borclu Azərbaycan Respublikasında deyil, heç yerdə işləmir, buna görə də hər hansı gəlir və ya əmək haqqı əldə etmir, ondan başqa yaxın qohumu yoxdur. Xahiş etmişdir ki, yuxarıda qeyd edilən halları, habelə depozit hesabında olan məbləğin oğlunun aliment qismində yaranmış borcunun ödənilməsinə sərf etmək barədə öhdəliyi üzərinə götürdüyünü nəzərə alaraq, Azərbaycan Beynəlxalq Bankında ona məxsus olan depozit hesabından 36500 manat məbləğin yetkinlik yaşına çatmayan X1 adına açılacaq depozit hesabına köçürülməsini, 3000 manat məbləğin Tələbkar, aylıq 235 manat sabit pul məbləğində aliment nəzərə alınmaqla ümumi aylıq 500 (235+265) manat məbləğin X1 hesabına ödənilməsi barədə qərardad qəbul edilsin. - xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş X5 tərəfindən verilmiş ərizədən görünür ki, o, tərəfindən məhkəməyə təqdim edilmiş **********900 nömrəli, xx.xx.2024-cü il tarixli notarial ərizənin məzmununda texniki səhvə yol verildiyini qeyd etmiş, həmin texniki səhvin aradan qaldırılmaqla, ümumi aylıq 500 manat məbləğin yetkinlik yaşına çatmayan X1 adına hesabına deyil, Tələbkar hesabına ödənilməli olmasını qeyd etmiş, beləliklə, notariat ərizədə göstərilən bütün öhdəlikləri eyni qaydada yerinə yetirməyi öhdəsinə götürdüyünü, göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, həmin tarixdə X5 tərəfindən Tələbkar hesabına 735 (235+500) manat aliment borcu ödənilmişdir. - Tələbkar tərəfindən məhkəməyə sübut qismində alış-veriş qəbzləri, bank hesabından çıxarış, tibbi müayinələrin xərci və məktəbəqədər təhsil haqqında xərclərə dair sənədlər təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(007)-50/2020 saylı qətnaməsi ilə Borclu 25 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 oktyabr 2018-ci il tarixdən başlayaraq Borclu qazancının və ya başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin və 25 iyul 2018-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatana qədər hər ay 50 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qət edilmişdir. Hazırda Borclu nümayəndəsi və vəkili Vəkil qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədi üzrə ümumi borcun ½ hissəsinin X3 "xxxx" ASCdə mövcud depozit hesabından, yetkinlik yaşına çatmayan X1 adına açılacaq bank hesabına köçürülməsi, aliment borcunun qalan yarısını təşkil edən 34540 manat pul vəsaitinin- 3000 manat hissəsinin birdəfəlik qaydada Tələbkar ödənilməsi, qalan 31540 manat məbləğin isə X4 yetkinlik yaşına çatanadək hər ay 235 manat və əlavə olaraq hər ay yığılmış aliment borcundan 500 manat olmaqla, hər ay cəmi 735 manat (235+500) məbləğində pul vəsaiti X5 tərəfindən Tələbkar ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” xx.xx.2023cü il tarixli, 04/2023 saylı qərardadında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyən şəxsin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələbinə baxıldıqda, aliment yenidən tutulmur və ya onun məbləği müəyyən edilmir, yalnız alimentin bir hissəsinin hansı qaydada ödəniləcəyi müəyyən olunur...Həmçinin, alimentin ödənilməsinin müvafiq icra qaydası müəyyən edildikdən sonra uşaqların mənafeyi nəzərə alınmaqla mövcud qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, aliment alan şəxslərin bu barədə müraciətləri də eyni qaydada, yəni MPM-nin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılaraq, həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, aliment almaq uşağa məxsus olan hüquqdur və buna müvafiq olaraq aliment uşağa məxsus olan vəsait sayılır. Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” xx.xx.2023cü il tarixli, 04/2023 saylı qərardadında göstərilmişdir ki, Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə Tələbkar ərizəyə etirazında və məhkəmənin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli iclaslarında göstərdiklərinə münasibətdə qeyd edir ki, tələbkar məhkəmə iclaslarında verilmiş suallara ziddiyyətli cavablar vermişdir. Belə ki, tələbkar borclu tərəfindən ona Qara Qarayev metrostansiyası yaxınlığında təklif olunan mənzili uşağın məktəbinə uzaq olduğu üçün qəbul etmədiyini bildirmiş, buna baxmayaraq həmin dövrdə və hazıradək 450 manat ödəməklə kirayədə yaşadığını, daha sonra isə mənzilin özünün adına qeydə alınmasını istədiyini, borclunu prinsipə gözləyəcəyini, borclunun gectez qayıdacağını bildirmişdir. Bundan başqa, tələbkar depozit hesabına qoyulması təklif olunan pul vəsaitinə münasibətdə ilk öncə, həmin pulun övladının adına qoyulmasını, onsuzda həmin pul vəsaitindən istifadə edə bilməyəcəyini bildirsə də, daha sonra verilmiş suallara cavabında pul vəsaitinin öz hesabına qoyulmasını istədiyini qeyd etmiş və buna əsas kimi uşağın xərci yarananda öz hesabından xərcləri qarşılayacağını bildirməklə ziddiyyətli cavab vermişdir. Borclunun nümayəndəsi və vəkili isə verilmiş suallara cavabında banka yerləşdiriləcək depozit (əmanət) hesabda olan məbləğin üzərinə 1 ilə təxminən 3400 manat, hər ay isə təxminən 160-180 manat civarında faiz gələcəyini, bununla belə uşağın xeyrinə həmin faizlərin nəzərə alınmasını xahiş etmiş, faktiki olaraq depozitdən əlavə aylıq ödəniləcək pul vəsaitinin təxminən 900 manata çatacağını, borclunun isə ölkə xaricində olmaqla nə vaxt gələcəyinin bəlli olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, həmin vəsait hazırkı dövrdə uşağın saxlanılması baxımından kifayət qədər ağlabatan məbləğdir. Bu yerdə məhkəmə qeyd edir ki, baxmayaraq ki, borclunun atası X5 hazırkı iş üzrə tərəf deyil, bununla belə, borclunun hal-hazırda ölkə xaricində olması və onun ölkəyə nə vaxt qayıdacağının bəlli olmaması, onun öz babalıq borcunu yerinə yetirmək istəməsi, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə tutulmuş aliment borcunun yığılması və ən əsası uşağın maraqlarının, onun ehtiyaclarının qarşılanmasının daha üstün olması, nəzərə alınmaqla, məhkəmə X3 ərizələrini və depozit hesaba qoyulacaq, o cümlədən hər ay ödəniləcək pul vəsaitinin onun hesabına qarşılanması barədə də özünün notarial qaydada razılığının olmasını nəzərə almışdır. Məhkəmə tələbkarın məhkəməyə sübut qismində təqdim etdiyi alış-veriş qəbzləri, bank hesabından çıxarış, tibbi müayinələrin xərci və məktəbəqədər təhsil haqqında xərclərə dair sənədlərə münasibətdə isə qeyd edir ki, həmin sənədlər ərizənin rədd edilməsinə əsas ola biləcək mötəbər sübut qismində qəbul edilib qiymətləndirilə bilməz. İşin faktiki hallarını, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini, uşağın üstün maraqlarını və mənafeyini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” xx.xx.2023-cü il tarixli, 04/2023 saylı qərardadında formalaşdırılmış mövqeni nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir, bu zaman tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın maraqları, onun dolanışığı, zəruri xərcləri və digər ehtiyacları, ən əsası uşağın maraqları üstün tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 50/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icra üsulunun dəyişdirilməsi barədə Borclu ərizəsi təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icra üsulu dəyişdirilməli, icra sənədi üzrə ümumi borc olan 69079 manat pul vəsaitinin ½ hissəsi- 34540 manat pul vəsaiti X3 "xxxx" ASCdə mövcud depozit hesabından, yetkinlik yaşına çatmayan X1 adına açılacaq bank hesabına köçürülməli, aliment borcunun qalan yarısını təşkil edən 34540 manat pul vəsaitinin- 3000 manat hissəsi birdəfəlik qaydada Tələbkar ödənilməli, qalan 31540 manat məbləğ isə X4 yetkinlik yaşına çatanadək hər ay 235 manat və əlavə olaraq hər ay yığılmış aliment borcundan 500 manat olmaqla, hər ay cəmi 735 manat (235+500) məbləğində pul vəsaiti X5 tərəfindən Tələbkar ödənilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası zamanı Borclu tərəfindən həmin icra sənədi üzrə edilmiş ödənişlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icra üsulunun dəyişdirilməsi barədə Borclu ərizəsi təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icra üsulu dəyişdirilsin. İcra sənədi üzrə ümumi borc olan 69079 manat pul vəsaitinin ½ hissəsi- 34540 manat pul vəsaiti X3 "xxxx" ASC-də mövcud depozit hesabından, yetkinlik yaşına çatmayan X1 adına açılacaq bank hesabına köçürülsün. Aliment borcunun qalan yarısını təşkil edən 34540 manat pul vəsaitinin- 3000 manat hissəsi birdəfəlik qaydada Tələbkar ödənilsin. Qalan 31540 manat məbləğ isə X4 yetkinlik yaşına çatanadək hər ay 235 manat və əlavə olaraq hər ay yığılmış aliment borcundan 500 manat olmaqla, hər ay cəmi 735 manat (235+500) məbləğində pul vəsaiti X5 tərəfindən Tələbkar ödənilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası zamanı Borclu tərəfindən həmin icra sənədi üzrə edilmiş ödənişlər nəzərə alınsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar