Məhkəmə qərarları › İş №8(007)-26/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-26/2024

19.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-26/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi ilə, Borclu MMC-yə məxsus bank hesablarının üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Balakən rayon icra və probasiya şöbəsinin icra məmuru Vidadi Musayev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-1158/2023-033 nömrəli, 16 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar və Borclu MMC arasında bağlanılmış 28 avqust 2015-ci il tarixli, 364/15 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə görə lizinq obyekti olan 2014-cü il buraxılışlı, boz rəngli, ban № KPTA0A18SEP182915 olan, universal tipli, 08AC291 qeydiyyat nişanlı “X1” markalı nəqliyyat vasitesinə görə ödənilmiş 27365,65 manat pul Borclundən tutularaq Tələbkar ödənilməlidir. Borclundən 172 (bir yüz yetmiş iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. İcra sənədi 30 oktyabr 2023-cü il tarixdə Balakən rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğu edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclunə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" və Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının "Korporativ" filialında bank hesabları vardır. Göstərilənləri və “icra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələblərini rəhbər tutaraq icra sənədi üzrə Borclunə məxsus olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" və Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının "Korporativ" filialında bank hesabları üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1158/2023-033 nömrəli, 16 avqust 2023-cü il tarixli icra sənədinə əsasən, iddia tələbi təmin edilmiş, Tələbkar və "Caspian Leasing” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 364/15 №-li daxili maliyyə lizinqi müqaviləsinə görə lizinq obyekti olan 2014-cü il buraxılışlı, boz rəngli, ban № KPTA0A18SEP182915 olan, universal tipli, 08AC291 qeydiyyat nişanlı “X1" markalı nəqliyyat vasitəsinə görə ödənilmiş 27365,65 manat pul cavabdeh Borclu MMC-dən tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. - “Elektron icra” informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, Borclunə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" və Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının "Korporativ" filialında bank hesabları vardır. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu MMC-nin 27365,65 manat borcu yaranmışdır, borclunun barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək onun bank hesabları araşdırılmış, bu zaman borcluya məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" və Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının "Korporativ" filialında bank hesabları aşkar olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədi üzrə borclunun yetərli pul vəsaiti olmadığından, icra sənədinin icrasının təmini məqsədi ilə Borclu MMC-yə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" və Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının "Korporativ" filialında bank hesabları üzərinə həbs qoyulmalıdır. Belə ki, Balakən rayon icra və probasiya şöbəsinin icra məmuru icraata başlama haqqında qərar qəbul edib, tələbin könüllü icrası haqqında bildirişi borcluya göndərsə də borclu tərəfindən heç bir ödəniş olunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1158/2023-033 nömrəli, 16 avqust 2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu MMC-yə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" və Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının "Korporativ" filialında olan bank hesabları üzərinə həbs qoyulsun. Qərardadın icrası Balakən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar