Məhkəmə qərarları › İş №8(007)-27/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-27/2023

26.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-27/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Tələbkar X1, onun vəkili və nümayəndəsi Vəkil, Borclu nümayəndəsi İsayev Bayram Abil oğlunun iştirakları ilə, Borclu məxsus əmlakların üzərinə həbs qoyulması barədə icra məmuru Tahir Ağayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-72/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən birgə nikah dövründə əldə olunmuş ** UZ *** nömrə nişanlı Opel- Astra markalı, ** HB *** nömrə nişanlı- Audi A4 markalı, ** GG *** nömrə nişanlı- QAZ 2410 markalı avtomobillərə X1 payı 1/2 hissədə tanınmalıdır. Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Dekorotiv tingliyi 2/13 saylı torpaq sahəsində inşa edilmiş tikiliyə sərf olunan 70000 manat pulun yarısı-35000 manat Borclu alınaraq X2 verilməlidir. Bakı şəhəri Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilə Borclu payı ½ hissədə tanınmalıdır. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi xx.xx.2022-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icra sənədi üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. Borclu tərəfindən könüllü icra müddəti ərzində icra sənədi icra olunmamışdır. Borclu Nizami rayon məhkəməsinin qərarı ilə birgə nikah dövründə əldə olunmuş ** UZ *** nömrə nişanlı Opel-Astra markalı, ** HB *** nömrə nişanlı-Audi A4 markalı, ** GG *** nömrə nişanlı-QAZ 2410 markalı avtomobillərdən düşən payın ½ hissəsinə və Bakı şəhəri Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzildə ½ pay hissəsi müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, borcluya aid olan əmlakların üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar X1 vəkili və nümayəndəsi Vəkil məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq təqdimatın qanuni və əsaslı olduğundan onun təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-72/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi il ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən qarşı tərəf apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7903/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin rədd olunması, hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Daha sonra həmin qətnamədən qarşı tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-2355/2021 saylı qərarı ilə cavabdeh Borclu kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7903/2020 nömrəli iş üzrə 13 noyabr 2020-ci il tarixli qətnaməsinin qismən, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Dekorotiv tingliyi 2/13 saylı torpaq sahəsinə istifadə hüquqlarının bölünməsi və onun üzərindəki tikiliyə sərf edilmiş vəsaitin bölünməsi hissəsində ləğv olunaraq, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6494/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi ilə Borclu apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qətnaməsi apellyasiya icraatının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Daha sonra həmin qətnamədən qarşı tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2188/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra Nizami Rayon Məhkəməsinin 10 avqust 2020-ci tarixli qətnaməsi dərhal icra olunması üçün Nizami Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş üzrə icra məmuru Tahir Ağayev təyin olunmuşdur. Lakin 2022-ci ilin may ayından bu günə qədər (artıq 7 aydır ki) Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsi icra olunmamışdır. Məhkəmə qətnamələri Azərbaycan Respublikası adından çıxarılır və qətnamələrin icra edilməməsi vətəndaşlarda inamsızlıq mühiti yaradır. Avropa Məhkəməsinin də mövqeyindən yanaşsalar əgər məhkəmə qətnaməsi icra edilmirsə orada təsbit olunan hüquqlar sadəcə göstəriş xarakteri daşıyır və xəyali hüquqa çevrilir. Məhkəmə iclasında tələbkar X3 məhkəməyə ünvanladığı ərizənin məzmununa uyğun izahat verərək təqdimatın təmin olunması barədə qərardad çıxarılmasını xahiş etdi. Borclunun başqa yerinin olmaması yalandır, onların Ramanada villaları var, tam hazırdır, borclu oraya köçüb yaşaya bilər. Ona 3 dəfə cavabdehdən müdafiə olunması üçün məişət zorakılığına görə mühafizə orderi verilmişdir. Cavabdeh içki qəbul edib gəli onu döyür. Onun oğlunun razılıqla bağlı bildirdikləri doğru deyildir, belə bir məsələ olmamışdır. Məhkəmə iclasında tələbkarın vəkili və nümayəndəsi Vəkil məhkəməyə ünvanladığı ərizənin məzmununa uyğun izahat verərək təqdimatın təmin olunması barədə qərardad çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, qətnamə uzun müddətdir ki, borclu tərəfindən qəsdən icra edilmir. Qarşı tərəf heç bir vəsait ödəməmişdir. Cavabdehin nümayəndəsi icranın cavabdehin təqaüdünə yönəldilməli olmasını ayda ondan 1000 manat tutula biləcəyini bildirsə də bununla bağlı heç bir müraciət edilməmiş və sübut təqdim edilməmişdir. Digər tərəfdən belə bir sübut təqdim olunsa belə tələbkarın 64 yaşı var, cavabdeh isə ondan da yaşlıdır. Təqaüd hesabına cavabdeh qətnamənin icra olunmasını nə qədər gözləyə bilər buna tərəflərin ömrü çatmaz. İddiaçı Nizami rayonunda yerləşən evdə barikada vəziyyətində yaşamaq məcburiyyətində qalmışdır. Ona dəfələrlə məişət zorakılığına görə mühafizə orderi verilmişdir. Məhkəmə iclasında Borclu nümayəndəsi İsayev Bayram Abil oğlu təqdimatla razılaşmadığını və təqdimatın rədd edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, qətnamənin icrası gecikməmiş, sadəcə aralarında razılıq əldə edilməsi üçün uzanmışdır. Belə ki, onlar tələbkara təklif etmişlər ki, tələbkar atasına 10000 manat versin, onlar da həmin məbləğlə Ramanadakı evi təmir edib atasını ora köçürsünlər. Bunun qarşılığında tələbkara 2 otaqlı ev və 2 ədəd avtomobil verəcəklər. Ancaq tələbkar buna razı olmamışdır. Həmçinin, onun atası yaşlı adamdır, qalmağa yeri yoxdur. Onun atası qətnamənin pensiyasına yönəldilməsini istəyir. Təqdimat vermiş icra məmuruna iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu əmlak vəziyyəti araşdırılmış, borcluya məxsus tələbin yönəldiləcəyi digər əmlak müəyyən edilməmiş, yalnız məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ** UZ *** nömrə nişanlı Opel-Astra markalı, ** HB *** nömrə nişanlı- Audi A4 markalı, ** GG *** nömrə nişanlı-QAZ 2410 markalı avtomobillərdən ona düşən payın ½ hissəsi və Bakı şəhəri Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilinin ½ pay hissəsi aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı əsaslı olduğundan təmin edilməli, sözügedən icra sənədi üzrə Borclu tələb yönəldilə biləcək yetərli pul vəsaiti olmadığından, icra sənədinin icrasının təmini məqsədi ilə onun adına olan əmlakların üzərinə həbs qoyulmalıdır. Məhkəmə borclunun nümayəndəsinin “borclunun üzərinə həbs qoyulması tələb olunan mənzilinin onun yeganə yaşayış yerinin olması, qalmağa başqa yaşayış yerinin olmaması, qətnamənin ilk növbədə borclunun pensiyasına yönəldilməli olması” dəlilləri ilə bağlı bildirir ki, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi tədbirindən sonrakı məcburi icra tədbiri olduğundan, hazırda borclunun üzərinə həbs qoyulması mümkün olan əmlakları olduğundan, həmin əmlaklardan mənzil onun yeganə yaşayış yeri olmadığından, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorotiv tingliyi 2/13 saylı torpaq sahəsində inşa edilmiş tikilinin borclunun mülkiyyətində qaldığından, həmin tikiliyə sərf olunan pulun yarısının ondan tələbkarın xeyrinə tutulması qət edildiyindən, borclunun qeyd olunan dəlilləri əsassız hesab edilməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Eyni zamanda məhkəmə qeyd edir ki, qərar qəbul edilərkən məhkəmə tərəfindən borclu ilə yanaşı tələbkarın mənafeyi, tərəflərin yaş həddi və digər zəruri hallar da nəzərə alınmalıdır. Hansı ki, borclu tərəfindən bildirilən borcun onun təqaüdünə yönəldilməsi dəlili tələbkarın mənafeyinə zidd olmaqla məhkəmə qətnaməsinin icrasının üzun müddət davam etməklə tələbkarın məhkəmə qətnaməsinin vaxtında icra edilməsi barədə gözləntisini mümkünsüz edər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-72/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus olan ** UZ *** nömrə nişanlı Opel-Astra markalı, ** HB *** nömrə nişanlı-Audi A4 markalı, ** GG *** nömrə nişanlı-QAZ 2410 markalı avtomobillərdən ona düşən payın ½ hissəsi və Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilinin ½ pay hissəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar