Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-270/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Nizami rayon icra şöbəsinin icraatına daxil olmuş Nizami Rayon Məhkəməsinin 2(007)-1646/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2894,46 manat məbləğində borc tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda oğduğu ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. Borclu tərəfindən könüllü icra müddəti ərzində icra sənədində göstərilmiş tələb yerinə yetirilmədiyinə görə tələbin yönələ biləcəyi əmlakların aşkar olunması məqsədilə müvafiq icra tədbirləri görülmüş, nəticədə Borclu məxsus “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Borclu dəfələrlə edilən xəbərdarlıq və tələblərə baxmayaraq 2894,46 manat məbləğində borcun ödənilməsi onun tərəfindən bu günədək təmin edilməmişdir. Qeyd edilənlərə əsasən Nizami Rayon Məhkəməsinin 2(007)- 1646/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 2894,46 manat məbləğində borc tələbinin borcluya məxsus əmlaka yönəldilməsi məqsədilə Borclu məxsus “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X2 izahat verərək bildirdi ki, borclu müqavilə üzrə 250 manat ödəniş etmişdir. Borclunun ümumi borcu 2644 manatdır. Qeyd edilənlərə əsasən təqdimatın təmin edilməsini xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, təqdimat vermiş icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1646/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli üzrə 1228,46 manat əsas borc, 122,54 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 591 manat əsas borc, 59 manat cərimə borcu və xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 769 manat əsas borc, 76 manat cərimə borcu olmaqla, ümumilikdə 2846 manat borcun və ödənilmiş 48,46 manat dövlət rüsumunun əvəzinin Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhər Nizami rayon icra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1646/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası borcluya bildiriş göndərilmişdir. - “Elektron icra” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Borclu adına “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. - “Elektron məhkəmə informasiya” sistemindən əldə edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Borclu "xxxx" MMC-də satıcı vəzifəsində işləyir və əmək haqqı məbləği 400 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək borclunun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına avtomobilin qeydə alındığı aşkar olunmuş, borcluya məxsus tələbin yönəldiləcəyi digər əmlak müəyyən edilməmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu "xxxx" MMC-də satıcı vəzifəsində işləyir və əmək haqqı məbləği 400 manat təşkil edir. Məhkəmə hesab edir ki, hazırda icra sənədinin icrasının təmin etmək məqsədi ilə borclunun mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması zərurəti yoxdur və icra məmuru tərəfindən digər icra tədbirləri həyata keçirilə bilər. Bundan başqa, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin həmin qərarın və bildirişin borcluya çatdırılmasını təsdiq edən hər hansı sübut təqdimata əlavə edilməmişdir. Məhkmə həmçinin qeyd edir ki, 2894,46 (tələbkarın nümayəndəsi 250 manat ödəniş edildiyini bildirmişdir) manat borca münasibətdə “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində həbs qoyulması mütənasiblik prinsipinə ziddir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Belə olan halda, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin təqdimatında qeyd olunan əmlakın üzərinə həbs qoyulması üçün əsaslar müəyyən edilmədiyindən təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1646/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu əmlakı üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-270/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-270/2022
16.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver