Məhkəmə qərarları › İş №8(007)-273/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-273/2022

25.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-273/2022 25.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Tələbkar X3 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2291/2021 saylı qətnaməsində göstərilən borcun hissə-hissə ödənilməsinə dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2291/2021 saylı qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş, X5 X3 xeyrinə vurulmuş maddi ziyana görə 546 manat tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2291/2021 saylı qətnaməsində göstərilən borcun hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 2291/2021 saylı qətnaməsinin hissə-hissə, ayda 50 (əlli) manat ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli (İş № 2(007)-2291/2021) qətnaməsi ilə X4 iddia tələbini qismən təmin edərək, X5 X4 xeyrinə vurulmuş maddi ziyana görə 546 manat tutulmasını, ekspertiza təhqiqatının dəyəri olan 100 manat X5 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsini qət etmişdir. Həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsin Mülki Kollegiyasına verdiyi Apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə qanun qüvvəsi alaraq icraya yönəlmişdir. Hazırda onun xeyli miqdarda borcu yaranmışdır, borclu olduğu şəxslər pullarını tələb edirlər. Yaranmış vəziyyətdə eyni zamanda həm məhkəmə qətnamənin icrasına və borcu olan digər şəxslərə pul ödəməyə imkanı yoxdur. Bu səbəbdən məhkəmə qətnaməsinin hissə-hissə icra etməyi barədə qəraradad qəbul olunması barədə məhkəməyə müraciət etməyə məcburdur. Məhkəmə iclasında tələbkar X7 ərizəni qəbul etmədiyini, borclunun 3 mənzili olduğunu, onları kirayə verdiyini borclunun əmək haqqısının yüksək olmasını, evini borclunun təqsiri ucbatından dəfələrlə təmir etməsini, cavabdehin borcunu ödəməkdən yayınmaq istəməsini bildirərək, məhkəmədən ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə ərizəyə borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, X2 qətnamənin hissə-hissə icra olunması üçün Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin borclunun əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlı olması ilə bağlı qənaətə gəlməsini əsaslı edə biləcək hər hansı bir sübutunu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X1 hazırkı ərizəsində qeyd etdikləri onun qətnaməni hissə-hissə icra etməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz, məhkəmə iclasında qətnamənin icrası üçün çətinlik törədən və ya borclu üçün əlverişsiz vəziyyət yaranmasını təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur, ona görə borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2291/2021 saylı qətnaməsində göstərilən borcun hissə-hissə, ayda 50 manat ödənilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar