Məhkəmə qərarları › İş №8(007)-281/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-281/2023

25.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-281/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X6 iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(007)-628/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(007)- 628/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(007)-628/2023 saylı qətnaməsi üzrə iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə borclu olduğu pulun hissə-hissə olaraq hər ay 100 (yüz) manat ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar ASC cavabdeh Cəfərov Rasim ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 2762,80 manat məbləğində əsas kredit borcunun və 444,79 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 3207,59 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 52,08 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “Bank Respublika” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-628/2023 saylı, 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və Cəfərov Rasim Ağaməmməd oğlundan Tələbkar ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 009CASA193370004 saylı kredit müqaviləsi üzrə 2762,80 manat əsas borc, 444,79 manat məbləğində faiz borcu olmaqla, cəmi 3207,59 manat borcdan ödənilmiş 400 manat vəsait çıxılmaqla 2807,59 manat borc və ödənilmiş 52,08 manat dövlət rüsumunun əvəzi tutulması qət edilmişdir. Nəzərə çatdırır ki, həmin krediti onun rəhmətlik atası X3 götürmüşdür, o, isə ona zamin olmuşdur. Lakin atası 2020-ci ildə vəfat etdiyi üçün krediti vaxtı-vaxtında ödəyə bilmədi. O, özü fərdi qaydada tərcüməçi kimi işləyir, aylıq qazancı isə 800 manat təşkil edir. Ailədə yeganə qazanc gətirən odur, iki övladı isə ali təhsil alaraq universitetdə oxuyurlar. Bundan başqa gəliri yoxdur. Birbaşa 2859 manat borc ödəməyə imkanı yoxdur, lakin o, pulu ödəməkdən imtina etmir. Hər ay mütəmadi olaraq 100 manat ödəyir. Məhkəmənin 28 iyul 2023-cü il tarixli iclasında iştirak edən X1 ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etdi, əlavə olaraq bildirdi ki, onun maddi vəziyyəti çətindir. Həmin müqavilə üzrə o, zamin durmuşdur. Borc məbləğini hissə-hissə ödəməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Tələbkar ASC-nin nümayəndəsi X8 ərizəni qəbul etmədiyini bildirdi. Əlavə olaraq bildirdi ki, borclu öz ərizəsində 800 manat əmək haqqı aldığını qeyd edib. Borcluya dəfələrlə güzəştlər edilib. Qeyd edilənlərə əsasən, borcun hissə-hissə ödənilməsi ilə razı deyildir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş borclu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhər Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(007)-628/2023-014 saylı icra sənədi üzrə icraata başlanılmışdır. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(007)-628/2023-014 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş edilmiş, bu müddətdə üzrsüz səbəbdən icra sənədini icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə borcluya xəbərdarlıq edilmişdir. Bеlə ki, Azərbaycan Rеspublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul еtdiyi qərarlar dövlətin adından çıхarılır və onların icrası məcburidir. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra Haqqında» Azərbaycan Rеspublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət vеrilməsi və ya onun hissə-hissə icrası haqqında işə baхmış məhkəməyə müraciət еdə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən еdilmiş qaydada baхır. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddənin mənasından görünür ki, qətnamənin icrasına möhlət vеrməyə və ya qətnaməni hissə-hissə icra еtdirməyə dair ərizələrə baхarkən işə baхmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rеspublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tariхli 4 №-li qərarının 12-ci bəndində göstərilir ki, qətnamənin icrasına möhlət vеrilməsi və ya onun hissə-hissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaхud borclu üçün yaranmış əlvеrişsiz hallarda tətbiq oluna bilər və məhkəmələr bu məsələləri həll еtdikdə təkcə borclunun dеyil, tələbkarın mənafеyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Belə ki, Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus əmlak mövcud olmur və məhkəmə, qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd edir ki, prosessual qanunvericilikdə qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclu qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi imkanının aşağı olması ilə əlaqədar oduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Həmçinin tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Borclu ərizəsində tərcüməçi işlədiyini və 800 manat maaş aldığını bildirmişdir. Belə olan halda qətnamənin icrasını mümkünsüz edən əlverişsiz hal mövcud olmadığı müəyyən olunur. Buna görə məhkəmə hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(007)-628/2023 saylı qətnaməsində göstərilən borc məbləğinin “hissə-hissə icra edilməsi”nə dair X1 tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.2, 231.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(007)-628/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 tərəfindən verilmiş ərizə rədd еdilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vеrilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar