Məhkəmə qərarları › İş №8(007)-284/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-284/2024

19.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-284/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqova təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 168/2021 saylı xx.xx.2021-ci il tarixli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-156/2021 saylı xx.xx.2021-ci il tarixli, Nizami Rayon Məhkəməsinin 2(007)-726/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədlərinə əsasən Borclu 6690,34 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, 641,56 manat pul vəsaiti "xxxx" QSC-nin, 2650,09 manat məbləğində pul vəsaiti isə "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2019-cu il tarixlərdə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Range Rover” minik markalı, "**-EN-***" dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən icra sənədi üzrə Borclu məxsus olan “Range Rover” minik markalı, "**-EN-***" dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş edilmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, təqdimat vermiş icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Elektron icra” informasiya sistemindən əldə edilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Borclu adına “Range Rover” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. Lakin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli çıxarışlarla müəyyən edilir ki, Borclu adına heç bir daşınar əmlak yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu barəsindəki icra sənədlərinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək borclunun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına avtomobilin qeydə alındığı aşkar olunmuşdur. Lakin icra şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş çıxarış xx.xx.2024-cü il tarixdə əldə edilmiş və həmin tarixdə borclunun mülkiyyətində nəqliyyat vasitəsi var idi. Lakin hazırda qeyd edilən nəqliyyat vasitəsi borlcunun mülkiyyətində aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Belə olan halda, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqovanın təqdimatında qeyd olunan borclunun mülkiyyətində olmadığından təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cəbrayıl Rayon Məhkməsinin 2(072)-168/2021 saylı xx.xx.2021-ci il tarixli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-156/2021 saylı xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-726/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Borclu əmlakı üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar