Məhkəmə qərarları › İş №8(007)-293/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-293/2024

26.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-293/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Tələbkarın nümayəndəsi X3, X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-357/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-357/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı Tələbkar MMC ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********33261 olan iPhone 11 Pro markalı telefon üçün 3198,6 (üç min yüz doxsan səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 690,4 (altı yüz doxsan manat qırx qəpik) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********63985 olan iPhone 11 Pro Max markalı telefon üçün 3815 (üç min səkkiz yüz on beş) manat ödənilməmiş hissə, 874 (səkkiz yüz yetmiş dörd) manat dəbbə pulu, ümumilikdə 8578 manat borcun və 105,78 manat dövlət rüsumunun əvəzinin, ondan alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(007)-357/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və ondan "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3198,6 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3815 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla, cəmi 7073,6 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105,78 manat tutularaq Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. Nəzərə çatdırır ki, o, oğurlanmış telefonların kreditini ödəyir, həmin telefonlar polis əməkdaşları tərəfindən lomardda tapılıb. 7179,38 manat olan borcdan 3394,38 manatı ödəyib. 2 telefondan birinin satışı edilib və ödəniş edib, lakin digər telefonun İEMİ kodu “Kontakt Home” tərəfindən bağlayaraq ondan aylıq ödəniş tələb edilir. O, Paşa Holdingdə işləyir və əmək haqqı 2500 manat təşil edir. Onun himayəsində bir azyaşlı uşağı var, özü də kirayədə yaşayır, kredit öhdəlikləri də var. Birbaşa 3394,38 manat pulu ödəməyə imkanı yoxdur, lakin o, pulu ödəməkdən imtina etmir. Hər ay mütamadi olaraq 150 manat ödəyə bilər. Nizami rayon İcra şöbəsinin icra məmuru həmin məbləğin tam ödənilməsini tələb edir. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(007)-357/2022 saylı qətnaməsi üzrə iddiaçı "xxxx" MMC-yə borclu olduğu 3394,38 manatın hissə-hissə olaraq hər ay 150 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X6 ərizənin təmin edilməməsini xahiş etdi. Hazırda icra sənədi üzrə borclunun 3779,38 manat borcu vardır. Müqavilə bağlandığı vaxtdan artıq dörd ildir ki, borc ödənilmir. Borclu işləyir və aylıq əmək haqqı məbləği 2500 manatdan çoxdur. Məhkəmə iclasında X2 ərizənin dəlillələrinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 6 aydır ki, işləyir. Ərizədə mexaniki səhv olaraq borcun məbləği 3394,38 manat göstərilib. O, kredit ödənişlərini etsə də, telefon bağlanıb, telefondan istifadə edə bilmir və tələbkar tərəfindən açılmır. O, kirayə mənzildə yaşayır, azyaşlı övladı onun himayəsindədir və başqa öhdəlikləri var. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru məhkəmə iclasına gəlməyib, gəlməməsinin səbəbləri barədə məlumat verməyib. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbul edilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-357/2022 saylı icra sənədinə əsasən iddia qismən təmin edilərək, X4 "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3198,6 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3815 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla, cəmi 7073,6 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105,78 manat tutularaq “ABC-Telecom" MMC-yə ödənilməsi qət edilib. Sözügedən icra sənədi xx.xx.2022-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldilib. Lakin borclu icra məmuru tərəfindən ona verilmiş könüllü icra müddətində icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyib. Tərəflərin vermiş olduğu izahatlara əsasən hazırda icra sənədi üzrə ödənilməmiş borcun miqdarı 3779,38 manatdır. Həmçinin, Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışa əsasən borclu "xxxx" MMC-də bölmə rəhbəri vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 2842 manat təşkil edir. Borclu qətnamənin hissə-hissə icra olunması üçün Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin borclunun əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlı olması ilə bağlı qənaətə gəlməsini əsaslı edə biləcək mötəbər sübutunu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X1 hazırkı ərizəsində qeyd etdikləri qətnaməni hissə-hissə icra etməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz. Belə ki, məhkəmə göstərilənləri ümumiləşdirərək qeyd edir ki, borclunun hazırkı mövqeyi, yəni borcun hər ay 150 manat ödənilməsi qətnamənin icrasının ağlabatan olmayan müddətdə təmin olunması, xeyrinə qərar çıxarılmış tələbkarın isə hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün heç bir əsas olmadığından , ona görə borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-357/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar