Məhkəmə qərarları › İş №8(007)-319/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-319/2023

18.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-319/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyin Aslanovun Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyin Aslanov Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3762/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1984-cü ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3762/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 18 oktyabr 2019-cu il tarixdən başlayaraq, 17 may 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170,0 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub, Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2019-cu il tarixdə şöbəyə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və tələbin icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvanına bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olmasına baxmayaraq Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra sənədində göstərilən tələbin icra olunması mümükün olmamışdır. Belə olan halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Borclu bildirmişdir ki, icra şöbəsinə nə zaman çağırıblar gedib. Bu səbəbdən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Təqdimatı vermiş icra məmuruna və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin 18 noyabr 2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3762/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin 18 noyabr 2019-cu il tarixli bildirişinin surətindən görünür ki, Borclu Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3762/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi xahiş olunmuşdur. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun 02 avqust 2023-cü il tarixli borclunun məcburi gətirilməsi barədə qərarının surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3762/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.1984-cü ildə anadan olmuş, ünvan 3 ünvanında yaşayan Borclu Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə qərar qəbul edilmişdir. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov tərəfindən xx.xx.2023-cü il tarixdə borcluya çağırış barədə sms bildiriş göndərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, təqdimatda icra məmuru tərəfindən borclunun məhkəmə qərarının icrası ilə bağlı dəfələrlə rəsmi və şifahi qaydada xəbərdar olunması qeyd edilsə də, bu əlaqələrin yaradılmasını təsdiq edən telefonoqram, o cümlədən borclunun çağırışa gəlməməsinin səbəblərinin üzrlü və ya üzürsüz səbəbdən baş verməsini təsdiq edən müvafiq sənədlər, təqdimata əlavə olunmuş qərarın, bildirişin, göndərişin, xəbərdarlığın borclu tərəfindən almasını təsdiq edən xəbərnamə və ya reyestr təqdimata əlavə edilməmişdir. Yalnız statusu müəyyən olunmayan SMS bildirişin göndərilməsi barədə çıxarış əlavə olunmuşdur. Borclu məhkəmə iclasında iştirak etmiş və borcdan yayınmadığını bildirmişdir. Bununla da icra məmurunun borclunu məlumatlandırmaq istiqamətində gördüyü tədbirlərin və ya göndərdiyi qərar və bildirişlərin formal olaraq icra işinə əlavə olunması müəyyən olundu. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Hazırki halda, Borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayınmasını təsdiq və sübut edən hər hansı sənəd təqdimata əlavə edilmədiyindən və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, icra məmurunun borclunun məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3762/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsi barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar