Məhkəmə qərarları › İş №8(007)-32/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-32/2025

13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-32/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi (borclu) X6, Tələbkar MMC-nin nümayəndəsi X4 iştirakı ilə, X1 Bakı şəhər Nizami rayon Məhkəməsin e-2(007)-2772/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Tələb :

1. X2 Bakı şəhər Nizami rayon Məhkəməsin e-2(007)-2772/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizə ilə Bakı şəhər Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən məhkəmə qərarının icrasına görə möhlət hüququ və aylıq ödəmək haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizəni onunla əsaslandırılmışdır ki, o, X3 qəsəbəsi, Əli İsazadə küçəsində yaşayır, evlidir, iki övladı var. Hal-hazırda heç bir yerdə işləmir. Lakin Nizami Rayonu, Neftçilər metro stansiyasının yaxınlığında inşaat mağazasında işləyirdi. 2022-ci ildən Tələbkar MMC-dən inşaat malları almışdır. Satdıqca ona verilən malların borclarını qaytarırdı. Bir müddət işlədikdən sonra müflis olmuş və şirkətə olan borclarını ödəyə bilməmişdir. Lakin onun bəzi borclarını ödədikdən sonra 8282 manat 49 qəpik borcu qalmışdır. Hal-hazırda o borcu ödəyə bilmir və səbəb işssizdir. Buna baxmayaraq Tələbkar MMC onu məhkəməyə vermişdir. Məhkəmə e-2(007)-2772/2024-014 nömrəli işə baxmışdır və qərar qəbul etmişdir ki, o, Tələbkar MMC-yə olan 8282 manat 49 qəpik borcunu ödəsin. Heç bir yerdə işləmədiyinə görə o borcunu ödəyə bilmir. Dəfələrlə onu Nizami Rayonu İcra Şöbəsindən çağırırlar ki, o, bu borcu ödəsin. Yaşayış vəziyyətinin pis olduğuna görə o, borcu Tələbkar MMC şirkətinə ödəyə bilməyəcəkdir.

İş materialları :

3. Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən X7 ünvanlanmış xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişə əsasən müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-2772/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X7 tələbin icrası üçün 10 gün könüllü icra müddəti verilmişdir.

4. Bakı şəhər Nizami rayon Məhkəməsinin e-2(007)-2772/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilməsi, cavabdeh X5 xx.xx.2022-ci il tarixli, 035 saylı müqavilə üzrə 8282.49 (səkkiz min iki yüz səksən iki manat qırx doqquz qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 102.83 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

5. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sorğu məlumatından görünür ki, X9 "xxxx" MMC-də şöbə rəisi vəzifəsində çalışır və aylıq əmək haqqısı 784 manat təşkil edir.

Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən X2 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o, "xxxx" MMC-də işləyir, aylıq əmək haqqısı 750 manat olsa da, tutulmalardan sonra ona çatan məbləğ 600 manatdır. Ailəlidir, övladı var. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2772/20024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə hər ay 100-150 manat ödəniş edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən Tələbkar MMC-nin nümayəndəsi X8 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəyə etiraz edərək, izahatında bildirmişdir ki, Cəlilov Nicatın ərizədə işsiz olduğunu qeyd etsə də, işləyir, hər ay 100-150 manat ödəniş ediləcəyi təqdirdə, icra sənədinin uzun müddət ərzində tam şəkildə icrasını təmin etmək mümkün olmayacaqdır.

8. İcra məmuru məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

10. Azərbaycan Respublikasının Konstitusiyası :

129.İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

12. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu :

12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.

15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

13. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu :

5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə Qətnaməsi Haqqında” 11 iyul 1997-ci il tarixli Qərarının 14-cü bəndi :

Məhkəmələr nəzərə almalıdırldar ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəhzərə almalıdır.

Məhkəmənin mövqeyi :

15. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ərizə təmin edilməməlidir.

16. Bakı şəhər Nizami rayon Məhkəməsinin e-2(007)-2772/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək cavabdeh X5 xx.xx.2022-ci il tarixli, 035 saylı müqavilə üzrə 8282.49 (səkkiz min iki yüz səksən iki manat qırx doqquz qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 102.83 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

17. İcra haqqında qanunvericiliyə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər.

18. Mülki prosessual qanunvericiliyə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

19. Hazırda X2 “qətnaməsinin hissə-hissə icra edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-2772/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğin hər ay 100-150 manat olmaqla hissə-hissə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və öz ərizəsini işsiz olması, gəlirinin olmaması və qətnamə üzrə ödənilməli olan borcu birdəfəyə ödəməyə imkanının olmaması ilə əsaslandırmışdır.

20. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin e-2(007)-2772/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icraatına daxil olmuş və borcluya həmin tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İcra sənədi üzrə borclu (ərizəçi) X9 tərəfindən ödəniş edilməmişdir və o, hazırda "xxxx" MMC-də şöbə rəisi vəzifəsində işləyir və aylıq əmək haqqısı 784 manat təşkil edir.

20. Məhkəmə nəzərə çatdırmağı zəruri hesab edir ki, Qanunverici tərəfindən qətnamənin hissə-hissə icrasının mümkünlüyü müəyyən edilsədə, həmin ərizələrə dair məhkəmə tərəfindən qərar qəbul edilərkən işin faktiki halları, icra sənədinin icra müddəti, borclu və tələbkarın mənafeyi nəzərə alınmalıdır.

21. Nəzərə alınmalıdır ki, icra haqqında qanunvericiliyə əsasən icra sənədinin 2 ay (zəruri hallarda isə 3 ayadək uzadıla bilər) icra müddəti vardır. Hazırda isə ərizəçi icra sənədi üzrə tələb edilən 8282.49 manat məbləğində borcun hər ay 100-150 manat olaraq hissə-hissə icrasını tələb edir.

22. Belə olan halda məhkəmə qeyd edir ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin e- 2(007)-2772/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi ilə müəyyən edilmiş məbləğin hər hər ay 100-150 manat olaraq ödənilməsi icra haqqında qanunvericiliyin tələbinin pozulmasına, icra sənədinin uzun müddət ərzində icrasız qalmasına səbəb olar.

23. Məhkəmə həmçinin qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsinin icra müddəti məhkəmə müdafiəsi hüququnun təsiri altına düşür.

24. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci tarixli Qərar)

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar).

26. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qətnamənin icrasına möhlət verilməsi, hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.

27. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən, borclu və tələbkarın əmlak vəziyyəti və tərəflərin mənafeyi nəzərə almalıdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə Qətnaməsi Haqqında” 11 iyul 1997-ci il tarixli Qərarına əsasən qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır.

29. “Məһkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci və 13-cü bəndlərində qeyd edilən hüquqi mövqey ondan ibarət olmuşdur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar və məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

30. Ərizəçi ərizədə icra sənədi üzrə tələb edilən borcu ödəməməsinin səbəbi kimi işsiz olduğunu qeyd etsə də, müəyyən edilmişdir ki, X9 "xxxx" MMC-də şöbə rəisi vəzifəsində çalışır və aylıq əmək haqqısı 784 manat təşkil edir. Yəni icra sənədi üzrə tələbin borclunun əmək haqqısına yönəldiləcəyi halda icra sənədinin icrası daha qısa müddət ərzində təmin ediləcəyindən qətnamənin 100-150 manat olaraq icrası tələbkarın mənafeyinə uyğun olmayacaqdır.

31. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, borclunun ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilməməlidir.

32. Məhkəmə qeyd edir ki, qanunvericilik məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi institutunu nəzərdə tutsa da, məhkəmə aktının hissə-hissə icra edilməsi ərizəçinin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlməlidir.

33. Məhkəmə onuda qeyd edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin ediləcəyi təqdirdə icra işi üzrə tələbkarın maraqlarının və mənafeyinin pozulması ilə yanaşı, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında dəfələrlə qeyd edilmiş ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipi də pozulacaqdır və buna görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməməlidir.

Nəticə :

34. Beləliklə məhkəmə qeyd edir ki, X1 Bakı şəhər Nizami rayon Məhkəməsinin e- 2(007)-2772/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi və hissə-hissə icrasına dair ərizəsi təmin edilməməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268, 395, 396-ci maddələrini və “İcra Haqqında” Qanunu rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

X1 Bakı şəhər Nizami rayon Məhkəməsinin e-2(007)-2772/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi və hissə-hissə icrasına dair ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar