Məhkəmə qərarları › İş №8(007)-322/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-322/2022

16.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-322/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2820/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-2820/2018 saylı qətnaməsinə əsasən Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 308 manat sabit pul məbləğində alimentin tututlaraq tələbkar X1 xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Lakin borclu icra məmuru tərəfindən ona verilmiş müddətdə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədlərinin icrasını təmin etməmiş və dəfələrlə xəbərdar olunmağına baxmayaraq borcu ödəməmişdir. Belə ki, icra tədbiri olaraq yaranmış zərurətlə əlaqədar borclunu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, onun aliment borcu 8444 manatdır. Hazırda hər ay 350 manat tələbkara ödəniş edir. O, oteldə qabyuyan vəzifəsində işləyir və əmək haqqı məbləği 450 manatdır. Ödənişləri vaxtlı-vaxtında edir. Hazırda hansı səbəbdən barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat verilməsini anlamır. 2018-ci ildə tələbkar ilə boşandıqdan sonra uşaqlarına görə Türkiyə Respublikasına getməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2820/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Borclu 16 iyul 2015-ci il təvəllüdlü Borclu və 18 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 08 iyun 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri Nizami rayon icra şöbəsinin xx.xx.2018-ci il il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2820/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədinin icrasına başlanılmış, Borclu 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. - “Elektron icra informasiya” sistemindən əldə edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Borclu əmək məlumatları aşkar edilməmişdir. - “Elektron məhkəmə informasiya” sistemindən əldə edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Borclu "xxxx" MMC-də qabyuyan vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 527,15 manat təşkil edir. Belə ki, təqdimatda qeyd edilir ki, icra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Bundan sonra borclu icra məmuru tərəfindən ona verilmiş müddətdə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədlərinin icrasını təmin etməmiş və dəfələrlə xəbərdar olunmağına baxmayaraq borcu ödəməmişdir. Qeyd edilməlidir ki, iş materialları ilə müəyyən edilir ki, icra sənədi xx.xx.2018-ci il tarixdə icra məmurunun icraatında daxil olduqdan sonra borcun könüllü qaydada ödənilməsi barədə borcluya bildiriş göndərilsə də, təqdimata borclunun dəfələrlə xəbərdalıq edilməsinə dair heç bir sübut əlavə edilməmişdir. Qeyd edilməlidir ki, borclu hazırda "xxxx" MMC-də işləyir. Məhkəmə hesab edir ki, hazırda icra sənədinin icrasının təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına zərurət yoxdur və icra məmuru tərəfindən digər icra tədbirləri həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1-ci maddəsinə əsasən Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıda dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir və həmin təqdimata bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə hesab edir ki, təqdimata həmin icra sənədinin icrasının təmin edilməsi üçün icra məmuru tərəfindən icra haqqında qanunvericilikdə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirilməsini təsdiq edən sənədlər əlavə edilməmiş və təqdimat əsaslandırılmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2820/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatı təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar