Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-324/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Tələbkar, X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-205/2022 saylı qətnaməsində göstərilən borcun hissə-hissə icra edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-205/2022 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, X3 1429 manat maddi ziyan tutularaq Tələbkar ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 28,58 cavabdeh X3, 21,42 manatı iddiaçı Tələbkar tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X5, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-205/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsini ayda 150-200 manat ödəməklə hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 205/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar mənə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddiası qismən təmin edilərək, ondan 1429 manat maddi ziyanın tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 205/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi icra olunması üçün Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Hal-hazırda həmin məbləğin 400 manatını hissə-hissə tələbkara ödəmişdir. Qalan borcu ancaq hissə-hissə ödəyə bilər. Belə ki, o, hal-hazırda heç bir yerdə işləmir, pensiya və ya sosial müavənət almır. Ailədə maddi vəziyyətləri çox pisdir, həyat yoldaşının evə gətirdiyi qazancla ancaq ailəni güc-bəla ilə dolandırırlar. Buna baxmayaraq qalan borcu hissə-hissə ayda 150-200 manat ödəməyə hazırdır. Məhkəmə qətnaməsi dövlətin adından qəbul edilmişdir, buna görə də dövlətin qanunlarına və onun adından qəbul edilən qətnaməyə hörmətlə yanaşır, həmin qətnaməni icra etmək onun borcudur. O, qətnaməni icra etməkdən boyun qaçırmamışdır və heç vaxtda boyun qaçırmaz. Maddi vəziyyəti əgər imkan versəydi, həmin borcu bir dəfəlik ödəyərdi. Buna görə də, qətnamənin hissə-hissə icra ediməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Tələbkar izahat verərək bildirdi ki, borclu vaxtlı-vaxtında ödənişlər etmir. O, evini təmir etdirir. Evi təmir edən ustaların pulun vaxtında verməlidir. Borclunun hər ay 100-150 manat pul verməsi onu qane etmir. Borclu hər ay 200 manat ödəniş edərsə, borcun hissə-hissə ödənilməsinə razı olar. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, borcundan 500 manat ödəniş etmişdir. Bundan sonra hər ay 150 manat ödəniş edəcəkdir. Yoldaşı xəstədi, xəstə nəvəsi var və ona da özü baxır. Buna görə də, artıq ödəniş edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə qismən təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” 4 saylı qərarının 12 və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Sadalanlarə əsasən, borclunun əmlak vəziyyəti və digər hallar nəzərə alınmaqla qətnamənin hissə-hissə icra edilməsinə dair qərar qəbul oluna bilər. Maddələrin tələblərinin tətbiqi üçün borclunun əmlak vəziyyətinin qətnamənin bilavasitə icrasının mümkün olmadığına dair halların və yaxud hər hanası digər halların müəyyən edilməsini zəruri etmişdir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-205/2022 saylı icra sənədinə əsasən iddia qismən təmin edilərək, X3 1429 manat maddi ziyan tutularaq Tələbkar ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 28,58 cavabdeh X3, 21,42 manatı iddiaçı Tələbkar tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X5, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. Borclu tərəfindən xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, 2022-ci ilin avqust ayında 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat ödəniş edilmişdir. Məhkəmə ərizəçinin borcun ödənilməsindən boyun qaçırmamasını, lakin hazırki halda maddi vəziyyətinin ağır olmasını, həmin vəsaiti birdəfəyə ödəməyə maliyyə imkanının olmaması hallarını nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-205/2022 saylı icra sənədinə əsasən X2ndan Tələbkar xeyrinə tutulmalı olan 1429 manat məbləğində pulun ödənilməmiş hissəsi, hazırkı qərardad icraya yönəldildiyi müddətdən etibarən 06 ay ərzində bərabər məbləğdə olmaqla hissə-hissə ödənilməsi məqsədəmüvafiqdir. Məhkəmə əlavə olaraq nəzərə alır ki, qətnamənin hissə-hissə olmaqla icrası ədalət tələbinə uyğun, adekvatdır və tələbkarın konstitusiya hüququnun mahiyyətinə toxunmur. Qətnamənin hissə-hissə icra olunması barədə qərar qəbul edilməsi xeyrinə məhkəmə qətnaməsi çıxarılmış tələbkarın hüquqlarını və qanunla qorunan mənafeyini pozmayacaqdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-205/2022 saylı qətnaməsinin “hissə-hissə icra edilməsi” barədə ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-205/2022 saylı məhkəmə qətnaməsi hissə-hissə olmaqla icra edilsin, həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə 1429 manat məbləğində pulun ödənilməmiş hissəsi, hazırkı qərardad icraya yönəldildiyi müddətdən etibarən 06 ay ərzində bərabər məbləğdə olmaqla, Tələbkar ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-324/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-324/2022
19.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver