Məhkəmə qərarları › İş №8(007)-341/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-341/2022

30.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-341/2022 30.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1638/2022 saylı qətnaməsində göstərilən borcun hissə-hissə icra edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1638/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, Tələbkar Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 8070F saylı kredit müqaviləsinin ləğv edilməsi, 06 noyabr 2019-cu il tarixli 8070 F saylı kredit müqaviləsi üzrə 7970 manat əsas borc, 189,84 manat faiz borcu, 0,11 manat cərimə, cəmi 8159,95 manat borcun və ödənilmiş 101,59 (otuz) manat dövlət rüsumunun əvəzinin X3 və X5 müştərək qaydada ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1638/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilən borcu hissəhissə 18 ay müddətinə, ayda 500 manat olmaqla ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 1638/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, onunla Tələbkar Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli 8070F saylı kredit müqaviləsi ləğv olunaraq, xx.xx.2019-cu il tarixli 8070F saylı kredit müqaviləsi üzrə 7970 manat əsas borc, 189,84 manat faiz borcu, 0,11 manat cərimə, cəmi 8159,95 manat borcun və ödənilmiş 101,59 manat dövlət rüsümün əvəzinin ondan Tələbkar ASC-nin xeyrinə tutulması qərar alınmışdır. Bildirmək istəyir ki, maddi imkanı məhdud olduğundan məhkəmənin qərarını bir dəfəyə icra etmək onun imkanları xaricindədir. Qeyd etmək istəyir ki, məhkəmənin qərarına hörmətlə yanaşır və onu icra etməkdən imtina etmir. Lakin tək ana olaraq və himayəsində olan 2 yetkinlik yaşa çatmayan uşaqların bütün təhsil və yaşayış xərcləri onun üstündə olduğundan, üzərinə düşən borcu bir dəfəyə ödəmək onun imkanı xaricindədir. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə ərizəyə icra məmurunun və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borculunun izahatını dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə qismən təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” 4 saylı qərarının 12 və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Sadalanlarə əsasən, borclunun əmlak vəziyyəti və digər hallar nəzərə alınmaqla qətnamənin hissə-hissə icra edilməsinə dair qərar qəbul oluna bilər. Maddələrin tələblərinin tətbiqi üçün borclunun əmlak vəziyyətinin qətnamənin bilavasitə icrasının mümkün olmadığına dair halların və yaxud hər hanası digər halların müəyyən edilməsini zəruri etmişdir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1638/2022 saylı icra sənədinə əsasən iddia təmin edilərək, Tələbkar Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 8070F saylı kredit müqaviləsinin ləğv edilməsi, 06 noyabr 2019-cu il tarixli 8070 F saylı kredit müqaviləsi üzrə 7970 manat əsas borc, 189,84 manat faiz borcu, 0,11 manat cərimə, cəmi 8159,95 manat borcun və ödənilmiş 101,59 (otuz) manat dövlət rüsumunun əvəzinin X3 və X5 müştərək qaydada ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə ərizəçinin borcun ödənilməsindən boyun qaçırmamasını, lakin hazırki halda maddi vəziyyətinin ağır olmasını, həmin vəsaiti birdəfəyə ödəməyə maliyyə imkanının olmaması hallarını və hər ay 500 manat olmaqla icra sənədinin icrasını təmin edə biləcəyini qeyd etdiyini nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1638/2022 saylı icra sənədinə əsasən X2ndan tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə tutulmalı olan 8159,95 manat borcun və ödənilmiş 101,59 (otuz) manat dövlət rüsumunun əvəzinin (ümumilikdə 8261,54) ödənilməmiş hissəsi, hazırkı qərardad icraya yönəldildiyi müddətdən etibarən 17 ay ərzində bərabər məbləğdə olmaqla hissə-hissə ödənilməsi məqsədəmüvafiqdir. Məhkəmə əlavə olaraq nəzərə alır ki, qətnamənin hissə-hissə olmaqla icrası ədalət tələbinə uyğun, adekvatdır və tələbkarın konstitusiya hüququnun mahiyyətinə toxunmur. Qətnamənin hissə-hissə icra olunması barədə qərar qəbul edilməsi xeyrinə məhkəmə qətnaməsi çıxarılmış tələbkarın hüquqlarını və qanunla qorunan mənafeyini pozmayacaqdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)- 1638/2022 saylı qətnaməsinin “hissə-hissə icra edilməsi” barədə ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1638/2022 saylı məhkəmə qətnaməsi hissə-hissə olmaqla icra edilsin, həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə 8159,95 manat borcun və 101,59 (otuz) manat dövlət rüsumunun əvəzinin (ümumilikdə 8261,54) ödənilməmiş hissəsi, hazırkı qərardad icraya yönəldildiyi müddətdən etibarən 17 ay ərzində bərabər məbləğdə olmaqla, ləğv prosesində olan Tələbkar ASC-yə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar