Məhkəmə qərarları › İş №8(007)-350/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-350/2023

11.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-350/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Tələbkarın nümayəndəsi X2, Borclu iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması”na dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan ümumi sahəsi 0.0574 ha olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1514/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, iş üzrə borclular X1, X3 və Borclu müştərək qaydada xx.xx.2019-cu il tarixli, 120.LN.1676.271219.00004 saylı kredit müqaviləsi üzrə 8649,48 manat əsas borc, 212.36 manat faiz borcu olmaqla, ümumilikdə 8861,84 manat pul məbləği və ödənilmiş 109, 85 manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.20023-cü il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir.Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə elektron icra sistemində axtarış edilmiş və borclunun mülkiyyətində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,0574 ha torpaq sahəsi aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X4 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Borclu bildirdi ki, o, əsas borclu deyil. Xalası oğlu kredit götürmüşdür, o isə zamin durmuşdur. Təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəfləri dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1514/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin surətindən görünür ki, X1, X3 və Borclu müştərək qaydada xx.xx.2019-cu il tarixli, 120.LN.1676.271219.00004 saylı kredit müqaviləsi üzrə 8649,48 manat əsas borc, 212.36 manat faiz borcu olmaqla, ümumilikdə 8861,84 manat pul məbləği və ödənilmiş 109, 85 manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1514/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1514/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur. - 30 avqust 2023-cü il tarixli “Elektron icra” informasiya sistemindən sorğu edilmiş çıxarışlardan görünür ki, Borclu mülkiyyətində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,0574 ha olan torpaq sahəsi vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, sözü gedən icra sənədi üzrə borclunun yetərli pul vəsaiti olmadığından, icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,0574 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Belə ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərar qəbul edib, tələbin 10 (on) gün müddətində icrası haqqında borcluya məlumat versə də borclu tərəfindən heç bir ödəniş olunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1514/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,0574 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 4 saylı Ərazi İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar