Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-355/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, X1 və Tələbkar ASC-nin nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e-2(007)- 1012/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e-2(007)- 1012/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, X3 Ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 99/1526/RES nömrəli kredit müqaviləsi üzrə 9671,93 manat əsas borc, 292,56 manat məbləğində faiz borcu olmaqla, cəmi 9964,49 manat borc və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e-2(007)- 1012/2023 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e-2(007)-1012/2023 saylı qətnaməsi ilə 9964 manat və 120 manat pulun tutulması qət edilib. Tələbkar ASC ləğv prosesində olmamışdan qabaq ona 1470 manatı avtomobil alışına vermiş, lakin sonradan avtomobili 1400 manata öz işçilərinə satmışdır. Hazırda bir dəfəyə məbləği ödmək imkanı yoxdur. O, 10-15 günə işə düzələcəkdir. Ayda 210-250 manat ödəyə biləcəkdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e-2(007)-1012/2023 saylı icra vərəqini hissə-hissə ayda 200-250 manat ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, hazırda işləmir. Borc məbləğindən heç bir ödəniş edə bilməmişdir. Hazırda borc məbləğindən ayda 250 manat ödəniş edə bilər. Ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X8 ərizədə göstərilənlərlə razı olmadığını bildirərək izahatında göstərdi ki, borclu 2019-cu il tarixdən bu günə qədər heç bir ödəniş etməmişdir. Borc məbləğinin aybay bölünməsinə razı deyillər. Borclu avtomobil almaq üçün 20.000 manat kredit götürmüş, avtomobilin pulunu ödəmədiyi üçün avtomobil 1400 manat məbləğə satılmışdır. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, X2 qətnamənin hissə-hissə icra olunması üçün Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin borclunun əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlı olması ilə bağlı qənaətə gəlməsini əsaslı edə biləcək hər hansı bir sübutunu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X1 hazırkı ərizəsində qeyd etdikləri onun qətnaməni hissə-hissə icra etməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz, məhkəmə iclasında qətnamənin icrası üçün çətinlik törədən və ya borclu üçün əlverişsiz vəziyyət yaranmasını təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Borclu reallıqda da tələbkara hər hansı ödəniş etməmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, borclunun hazırkı mövqeyi, yəni cəmi 9964,49 manat pul vəsaitinin hissə-hissə, hər ay 200-250 manat ödənilməsi qətnamənin icrasının ağlabatan olmayan müddətdə təmin olunması, xeyrinə qərar çıxarılmış tələbkarın isə hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur, ona görə borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2(007)- 1012/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №8(007)-355/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-355/2023
21.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver