Məhkəmə qərarları › İş №8(007)-356/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-356/2022

10.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-356/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Borclu iştirakı ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqova təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1816/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1816/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu xx.xx.2019-cu il tarixdən hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2019cu il tarixdə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır, hazırda 3355 manat aliment borcu var. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, o, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1816/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbkara 2022-ci ilin sentyabr və oktyabr aylarında hər ay 500 manat olmaqla, cəmi 1000 manat aliment ödəmişdir. Qalan aliment borcunu isə hər ay 500 manat olmaqla ödəyəcəkdir. Göründüyü kimi, o, icra sənədi üzrə borcunu ödəməkdən yayınmır. İcra məmuru təqdimatda onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruriliyini və səbəbini əsaslandırmamışdır. Onun daimi yaşayış və iş yeri Bakı şəhərindədir və xarici ölkəyə getmək niyyətində də deyildir. Buna görə də təqdimatın rədd edilməsini xahiş etdi və məhkəməyə qəbz təqdim etdi. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, təqdimat təmin edilməməlidir. Məhkəmə Borclu haqqında verilmiş ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatın əsaslılığını və qanuniliyini yoxlayarkən müəyyən etdi ki, həmin təqdimatın təmin edilməsi üçün hər hansı qanuni əsas yoxdur. Borclu məhkəməyə təqdim etdiyi qəbzdən, məhkəmə iclasında və icra şöbəsində verdiyi izahatından görünür ki, Borclu aliment borcundan 1000 manat ödəniş etmiş, qalan borcunu isə hər ay 500 manat olmaqla, 4-5 ay ərzində ödəyəcəkdir. Bundan başqa, verilmiş təqdimat səthi, ümumi sözlərdən ibarət olaraq tərtib edilməklə bərabər, həmin təqdimatdan və ona əlavə olunmuş sənədlərdən icra məmurunun icraatında olan icra işi ilə bağlı qanunda nəzərdə tutulmuş digər icra hərəkətlərinin həyata keçirib-keçirməməsi, müsbət halda hansı tədbirlərin həyata keçirilməsi və əldə olunmuş nəticələr müəyyən olunmur. Həmçinin, icra məmuru təqdimatda Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyini əsaslandırmamış, borclunun ölkə sərhəddini tərk edibetməməsini müəyyən etməmiş, tələbkarın heç bir fakta söykənməyən ərizəsi əsasında hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir və həmin təqdimata bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinin tələblərinə uyğun əsaslandırılmadan verilmişdir, icra məmuru sadəcə formal olaraq borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat vermişdir. Onun təmin edilməsi üçün hazırki halda qanuni əsaslar yoxdur, ona görə də təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1816/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqovanın təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar