Məhkəmə qərarları › İş №8(007)-356/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-356/2024

07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-356/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1380/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X2 Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Təqdimatın əsaslandırıldığı hallar:

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-519/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 02 fevral 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 noyabr 2023-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, mənzil 56 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir.

İşdə iştirak edən şəxslər:

3. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, ona məlumat verilməyib. Cəmi 1 dəfə onu çağırıblar, həmin vaxt da o, Qubada idi. Rəsmi xəbərdarlıq ona gəlməyib, telefon vasitəsilə çağırıblar.

4. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur.

6. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.

İş materialları:

7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-519/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu 02 fevral 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 noyabr 2023-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir.

8. xx.xx.2024-cü il tarixli Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-519/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır.

9. Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-519/2024-015 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada gətirilməsi qərara alınmışdır.

İşin faktiki halları:

10. Məhkəmə iclasında müəyyən edildi ki, təqdimatda icra məmuru tərəfindən borclunun məhkəmə qərarının icrası ilə bağlı dəfələrlə şöbəyə dəvət olunması qeyd edilsə də, bu əlaqələrin yaradılmasını təsdiq edən telefonoqram, o cümlədən borclunun çağırışa gəlməməsinin səbəblərinin üzürlü və ya üzürsüz səbəbdən baş verməsini təsdiq edən müvafiq sənədlər, təqdimata əlavə olunmuş qərarın, bildirişin, borclu tərəfindən almasını təsdiq edən xəbərnamə və ya reyestr təqdimata əlavə edilməmişdir. Borclu məhkəmə iclasında iştirak etmiş və borcdan yayınmadığını bildirmişdir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikasının Konstitusiyasının: 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

12. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmənin mövqeyi:

13. Məhkəmə borclunu dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat rədd edilməlidir.

14. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır.

15. Hazırki halda, Borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayınmasını təsdiq və sübut edən hər hansı sənəd təqdimata əlavə edilmədiyindən və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, icra məmurunun borclunun məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir.

Nəticə:

16. Məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-519/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsi barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatı rədd edilməlidir.

17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-519/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsi barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatı rədd edilsin. Qərarın icrası Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar