Məhkəmə qərarları › İş №8(007)-362/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-362/2024

14.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-362/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi (borclu) X4 iştirakı ilə, X1 Bakı şəhər Nizami rayon Məhkəməsin e-2(007)-2182/2024 saylı, xx.xx.2024-cü il tarixli və e-2(007)-2433/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamələrinin hissə-hissə icra edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Tələb :

1. X2 Bakı şəhər Nizami rayon Məhkəməsin e-2(007)-2182/2024 saylı, xx.xx.2024-cü il tarixli və e-2(007)-2433/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamələrinin hissə-hissə icra edilməsi barədə ərizə ilə Bakı şəhər Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 2433/2024 saylı və xx.xx.2024-cü il tarixli, e-2(007)-2182/2024 saylı qətnamələrinin hissəhissə (hər ay aldığı 80 manat müavinət tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmaqla) icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizəni onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2433/2024 saylı qətnaməsinə əsasən ondan tələbkar (iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc 400 manat, faiz borcu 45.95 manat, 17.43 manat cərimə borcu olmaqla, cəmi 463.38 manat borc və 30 manat dövlət rüsumunun əvəzi, həmçinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2182/2024 saylı qətnaməyə əsasən ondan tələbkar (iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5445 manat əsas borc, 765.29 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82.16 manat pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Nizami rayon İcra şöbəsinə göndərilmiş və icra sənədinin icrası Nizami rayon icra şöbəsinin icra məmuru Gültac Sadıqovaya həvalə edilmişdir. 24 oktyabr 2024cü il tarixdə istifadə etdiyi mobil nömrəsinə icra məmuru tərəfindən icra şöbəsinə dəvət edilməsi barədə sms-bildiriş göndərilmiş və o, icra şöbəsinə getmişdir. İcra şöbəsində ona icra sənədi üzrə borcun tam ödənilməsi bildirilmiş, o, həmin pul vəsaitini tam ödəmək iqtidarında olmadığını, o cümlədən işləmədiyi, maddi vəziyyətinin çətin olduğu və aylıq gəlirinin yalnız Qarabağ veteranı kimi aldığı 80 manatdan ibarət olduğu barədə məlumat vermişdir. Hətta həmin məbləğin hər ay ondan tutulub tələbkara ödənilməsinə razı olduğuna da bildirmişdir. Lakin icra məmuru icra sənədinin hissə-hissə icra olunmasının mümkünsüz olduğunu bildirmiş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhz buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, qeyd etdiyi hallar nəzərə alınmaqla icra sənədinin hissə- hissə icra olunmasına zəmin yaranar. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 30 oktyabr 2014-cü il tarixli, 3-17-7/2-11-46343/2024 saylı arayışa əsasən xx.xx.2024-cıi il tarixinə qüvvədə olan əmək müqaviləsinin aşkar edilmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi o, hal-hazırda işləmir və qeyd etdiyi kimi onun gəliri yalnız aldığı 80 manat müavinətdən ibarətdir.

İş materialları :

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X4 (FİN 2J97D0Z) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq" altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

4. Bakı şəhər Nizami rayon Məhkəməsinin e-2(007)-2182/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X3 xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 5445.30 manat əsas borc, 765.29 manat faiz borcu, 5 manat cərimə olmaqla, cəmi 6215.59 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82.16 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi qət edilmişdir.

5. Bakı şəhər Nizami rayon Məhkəməsinin e-2(007)-2433/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilməsi, X3 400 manat əsas borc, 45.95 manat faiz borcu, 17.43 manat cərimə borcu olmaqla, cəmi 463.38 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "Unibank KB” ASC-nin xeyrinə tutulması qət edilmişdir.

Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən X2 məhkəmədən ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o, işləmir, yegaənə gəlir mənbəyi aldığı müavinətdir. Pnevmaniya keçirtdiyi üçün işləyə bilmir.

7. İcra məmuru və tələbkar məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə icra məmurunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

9. Azərbaycan Respublikasının Konstitusiyası :

129.İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

11. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu :

12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.

15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

12. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu :

5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə Qətnaməsi Haqqında” 11 iyul 1997-ci il tarixli Qərarının 14-cü bəndi :

Məhkəmələr nəzərə almalıdırldar ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəhzərə almalıdır.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ərizə təmin edilməməlidir.

15. Bakı şəhər Nizami rayon Məhkəməsinin e-2(007)-2182/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək cavabdeh X3 xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 5445.30 manat əsas borc, 765.29 manat faiz borcu, 5 manat cərimə olmaqla, cəmi 6215.59 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82.16 manat məbləğində pul vəsaiti və Bakı şəhər Nizami rayon Məhkəməsinin e-2(007)- 2433/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən isə iddia tələbi qismən təmin edilərək X3 400 manat əsas borc, 45.95 manat faiz borcu, 17.43 manat cərimə borcu olmaqla, cəmi 463.38 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin "Unibank KB” ASC-nin xeyrinə tutulması qət edilmişdir.

17. İcra haqqında qanunvericiliyə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər.

18. Hazırda X2 “qətnaməsinin hissə-hissə icra edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-2182/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(007)-2433/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamələri ilə müəyyən edilmiş məbləğin hər bir qətnamə üzrə 40 manat olmaqla, hər ay 80 manat olmaqla hissə-hissə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və öz ərizəsini aylıq qazancının cəmi 80 manatdan ibarət olması, başqa gəlirinin olmaması və qətnamələr üzrə ödənilməli olan borcu birdəfəyə ödəməyə imkanın olmaması ilə əsaslandırmışdır.

19. Mülki prosessual qanunvericiliyə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

20. İcra haqqında qanunvericiliyə əsasən icra sənədinin 2 ay (zəruri hallarda isə 3 ayadək uzadıla bilər) icra müddəti vardır.

21. Belə olan halda məhkəmə qeyd edir ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin e- 2(007)-2182/2024 saylı, xx.xx.2024-cü il tarixli və e-2(007)-2433/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədiləri ilə müəyyən edilmiş məbləğlərin hər biri üzrə 40 manat olmaqla, hər ay 80 manat olaraq ödənilməsi icra haqqında qanunvericiliyin tələbinin pozulmasına, icra sənədinin uzun müddət ərzində icrasız qalmasına səbəb olar.

22. Məhkəmə qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsinin icra müddəti məhkəmə müdafiəsi hüququnun təsiri altına düşür.

23. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci tarixli Qərar)

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar).

25. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qətnamənin icrasına möhlət verilməsi, hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.

26. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən, borclu və tələbkarın əmlak vəziyyəti və tərəflərin mənafeyi nəzərə almalıdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə Qətnaməsi Haqqında” 11 iyul 1997-ci il tarixli Qərarına əsasən qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır.

28. “Məһkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci və 13-cü bəndlərində qeyd edilən hüquqi mövqey ondan ibarət olmuşdur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar və məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

29. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, borclunun ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilməməlidir.

30. Məhkəmə qeyd edir ki, qanunvericilik məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi institutunu nəzərdə tutsa da, məhkəmə aktının hissə-hissə icra edilməsi ərizəçinin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlməlidir.

31. Məhkəmə onuda qeyd edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin ediləcəyi təqdirdə icra işi üzrə tələbkarın maraqlarının və mənafeyinin pozulması ilə yanaşı, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında dəfələrlə qeyd edilmiş ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini də pozulacaqdır və buna görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməməlidir.

Nəticə :

32. Beləliklə məhkəmə qeyd edir ki, X1 Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-2182/2024 saylı, xx.xx.2024-cü il tarixli və e-2(007)-2433/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamələrinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268, 395, 396-ci maddələrini və “İcra Haqqında” Qanunu rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

X1 Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-2182/2024 saylı, xx.xx.2024-cü il tarixli və e-2(007)-2433/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamələrinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar