Məhkəmə qərarları › İş №8(007)-372/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-372/2023

29.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-372/2023 29.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin “hüquqların qeydiyyata alınmasının təmin edilməsi” tələbinə dair təqdimatını və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin “hüquqların qeydiyyata alınmasının təmin edilməsi” tələbinə dair təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-72/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 8(007)-27/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş və tələbin yönəldiyi Bakı şəhəri, Çobanzadə küçəsi, 65 saylı evin 33 saylı mənzilinin X1 məxsus 1/2 hissəsinin Tələbkar adına rəsmiləşdirilməsinin təmin edilərək, həmin hissəyə Tələbkar hüquqlarının qeydiyyata alınmasının təmin edilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, hüquqların qeydiyyata alınması tələbi ilə icra məmuru təqdimatla yox, Tələbkar özü inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməlidir. İmtina aldığı təqdirdə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasinin İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; Ərizənin məzmunundan görünür ki, müvafiq sənədlər rəsmiləşdirilmənin aparılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş, həmin idarədən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən “Daşınma Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydiyyatı üçün əsas qismində çıxış edən sənədlər siyahısında belə müraciətin nəzərdə tutulmadığı əsas gətirilərək Bakı şəhəri, Çobanzadə küçəsi, 65 saylı evin 33 saylı mənzilin X1 məxsus 14 hissəsinin Tələbkar adına rəsmiləşdirilməsi təmin edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydiyyatı üçün əsas qismində çıxış edən sənədlər siyahısında qanuni qüvvəyə minmiş məhkəmə qərarları da öz əksini tapmışdır. Göründüyü kimi tərəflər arasında inzibati hüquq münasibəti mövcuddur, Tələbkar Bakı şəhəri, Çobanzadə küçəsi, 65 saylı evin 33 saylı mənzilinin X1 məxsus 1/2 hissəsinin öz adına rəsmiləşdirilməsini tələb edir. Belə olan halda, hesab edirəm ki, hüquqların qeydiyyata alınması tələbi ilə icra məmurunun təqdimat vermək üçün subyektiv hüququ yoxdur. İddianın yolverilməzliyinə, yəni irəli sürülən tələbə ümumi məhkəmədə baxılmasına yol verilmədiyinə görə təqdimatın icraata qəbul edilməsindən imtina edilməli, təqdimat ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Tələbkar inzibati orqana müraciət etmək, imtina aldığı təqdirdə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153, 263-264, 267-268-ci maddələrini və İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin “hüquqların qeydiyyata alınmasının təmin edilməsi” tələbinə dair təqdimatın icraata qəbulundan imtina edilsin və təqdimat ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Tələbkar inzibati orqana müraciət etmək, imtina aldığı təqdirdə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar