Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-377/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması”na dair təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus "Mercedes Benz C250" markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasını xahiş etmişdir.
Təqdimatın əsaslandırıldığı hallar:
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1850/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, iş üzrə Borclu cəmi 10174.91 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "YELO BANK” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan "Mercedes Benz C250" markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.
İşdə iştirak edən şəxslər:
3. Məhkəmə iclasında iştirak edən Borclu bildirmişdir ki, borcun tutulması üçün əmək haqqının 50%-nə tutma yönəldilmişdir. Bu səbəbdən məhkəmədən avtomobilin üzərinə həbs qoyulmamasını xahiş etdi.
4. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
5. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materialları:
6.Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1850/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 9250.97 manat məbləğində əsas, 690.77 manat məbləğində faiz, 113.01 manat cərimə borcu olmaqla, ümumilikdə 10054.75 manat məbləğində borc və ödənilmiş dövlət rüsumu 120.16 manat tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qərara alınmışdır.
7. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1850/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
8. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1850/2024- 011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur.
9. 05 dekabr 2024-cü il tarixli “Elektron məhkəmə” informasiya sistemindən sorğu edilmiş çıxarışdan görünür ki, Borclu mülkiyyətində "Mercedes Benz C250" markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil vardır.
İşin faktiki halları:
10. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu 10174.91 manat məbləğində borcu yaranmışdır, borclunun barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək onun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına "Mercedes Benz C250" markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydə alındığı aşkar olunmuşdur.
Tətbiq edilən hüquq:
11. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:
45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur.
Məhkəmənin mövqeyi:
12. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir.
13. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, sözü gedən icra sənədi üzrə borclunun yetərli pul vəsaiti olmadığından, icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus "Mercedes Benz C250" markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərar qəbul edib, tələbin 10 (on) gün müddətində icrası haqqında borcluya məlumat versə də borclu tərəfindən heç bir ödəniş olunmamışdır.
Nəticə:
14. Yuxarıda sadalananlara əsasən təqdimat təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1850/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus "Mercedes Benz C250" markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır.
15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1850/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus "Mercedes Benz C250" markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Baş Dövlət Yol Polis İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova