Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-385/2024 18.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2554/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun hərəkətlərindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu (ərizəçi) X13 şikayətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, icra məmuru X21 tərəfindən X9 verilən xəbərdarlıq və icra vərəqəsində qeyd edilən vaxtdan kənara çıxaraq başqa vaxta görüş təyin edilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, 18 avqust və sonuncu 15 sentyabr 2024-cü il tarixlərində baş tutan görüşlərin aktlaşdırılması öhdəliyinin icra məmuru Əlihüsyn Aslavovun üzərinə qoyulmasını, e194027/2020-1-46 saylı icra vərəqəsi üzrə icra işinin icrası mümkün olmayan iş kimi hesab edilməsi, icra işinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun Nizami Rayon İcra şöbəsində Xətai Rayon Məhkəməsinin iş 2(011)-2554/2020 saylı "uşaqla ünsiyyətdə olmaq" işi üzrə e194027/2020-1-46 saylı icra vərəqəsi mövcuddur. İcra işi üzrə borclu həftədə 1 dəfə hətənin bazar günü saat 11:00-dan 17:00-a qədər uşaqların ata ilə ünsiyyətini təmin etməlidir. Həmin iş üzrə 16 avqust 2024-cü il tarixdə icra məmuru X21 tərəfindən icra şöbəsinə dəvət olunub, dərhal icra şöbəsinə gələrək məsuliyyətdən yayınmadığını bildirərək ərizə yazıb və 18 avqust bazar günü saat 11:00-da Nizami Rayon icra Şöbəsinin qarşısına icra məmuru X17 iştirakı ilə uşaqlarını deyilən ünvana gətirib və ata ilə görüşlərini təmin edib, lakin həmin görüş zamanı uşaqlar ataları ilə qəti görüşmək istəmədiklərini bildirib, ağlayaraq görüşdən və ünsiyyətdən imtina edib və orada bir insident yaşanıb. Həmin görüş zamanı uşaqlarından biri xx.xx.2014 təvəllüdlü X10 atası tərəfindən təzyiqə məruz qalaraq psixoloji sarsıntı keçirib və halı pisləşərək stressdən arterial təzyiqi aşağı düşüb, ürək döyüntüləri normadan yüksəyə 120 qalxıb və uşaq huşunu itirib. Həmin an dərhal 103 təcili tibbi yardım çağırılaraq dərhal uşağa müdaxilə olunub. Görüşün video çəkiliş görüntüləri CD disk şəklində, təcili tibbi yardım briqadasının siqnal vərəqləri epikris və bütün həkim kağızları iş materiallarına əlavə olunun. Lakin bu günə kimi icra məmuru həmin görüşü aktlaşdırmayıb və həmin görüşü heçə sayıb. Bildirmək istəyir ki, daha sonra Nizami Rayon İcra Şöbəsinin rəisi və icra məmuru X21 tərəfindən ona yenidən xx.xx.2024-cü il tarixində zəng vasitəsilə təzyiq olunub, ona barəsində tədbir görəcəkləri barədə hədə qorxu gəlinib və övladlarının psixoloji vəziyyətlərini nəzərə almadan yenidən icra vərəqəsindən kənar bir tarixdə, xx.xx.2024-cü il tarixdə icra şöbəsinə çağırılıb. xx.xx.2024-cü il tarixində icra şöbəsinə yaxınlaşaraq övladlarının gəlmək istəmədiklərini bildirib və psixoloq təyin olunmasını və ya icra məmuru ilə birlikdə uşaqlarının yanına evə gedilməsini təklif edib. Lakin icra məmuru işə qərəzli yanaşaraq icra sənədində qeyd olunan vaxtdan kənar xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə uşaqları gətirməyini tələb edib və barəsində əsassız yerə xəbərdarlıq tərtib edərək, uşaqları gətirmədiyi halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (500 manatdan 1000 manatadək cərimə və ya 1 ayadək inzibati həbs) maddəsini rəhbər tutaraq barəsində inzibati protokol tərtib edərək məhkəməyə müraciət edəcəyi barədə onu təhdit edib. İcra məmuru icra sənədində qeyd olunan vaxtdan kənar xx.xx.2024-cü il tarixdə (həftənin 4-cü günü) görüş həyata keçirəcəyini və onun barəsində əsassız yerə xəbərdarlıq tərtib edərək, uşaqları gətirmədiyi halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini rəhbər tutaraq onun barəsində inzibati protokol tərtib edərək məhkəməyə müraciət edəcəyini bildirib. Həmçinin, icra məmuru X21 18.08,2024- cü il tarixində Nizami Rayon İcra Şöbəsində baş tutan ata ilə görüş barəsində heç bir akt tərtib etməyəcəyini də bildirib. Bildirmək istəyir ki, o, qətnamədə qeyd edildiyi kimi həftənin bazar günü uşaqların ataları ilə görüşünü təmin etməyə hazırdır. Lakin uşaqların 10 və 14 yaşları olduğundan və ataları ilə görüşdən imtina etdikləri üçün onlara zor tətbiq edərək görüş həyata keçirilə bilməz. Həmçinin, icra məmuru da məhkəmə qətnaməsindən və icra vərəqəsindən kənara çıxaraq istədiyi vaxt görüş vaxtı müəyyən edə bilməz. Göstərilənlərdən aydındır ki, Nizami Rayon İcra Şöbəsinin icra məmuru X14suz hərəkətlər həyata keçirir. Onun barəsində 21 avqust 2024-cü il tarixində əsassız yerə xəbərdarlıq tərtib edib və həmçinin, xx.xx.2024-cü il tarixində icra şöbəsində baş tutan görüşü aktlaşdırmır, videogörüntüləri iş materiallarına əlavə etmir və işə birtərəfli qaydada baxır. Bununla əlaqədar dəfələrlə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə tərəfindən ərizələr və telegramlar göndərilib. Lakin bu günə qədər heç bir tədbir görülməyib. Həmçinin, o, həftə içi işlədiyi, həmçinin övladlarının gəlmək istəməmələri səbəbi ilə icra məmuru ƏliHüseyn Aslanova “Mən əvvəlcədən də bildirdiyim kimi, icra vərəqəsində görüş bazar günü müəyyən edildiyindən, həmçinin azyaşlı övladlarım qəti şəkildə görüşə gəlməkdən imtina etdiyindən onları xx.xx.2024-cü il tarixdə saat 15:00-da icra şöbəsinə gətirə bilmirəm” məzmununda xəbəmaməli teleqram ünvanlayıb, teleqram xx.xx.2024-cü il tarixdə icra məmuruna çatdırılmasına dair xəbəmamə qəbzi əldə edib. Həmçinin, icra vərəqəsində qeyd olunan tarixdə, bazar günü xx.xx.2024-cü il tarixdə saat 11:00-da Nizami Rayon İcra Şöbəsinə vəkili Orxan Zeynalov ilə yaxınlaşıb, lakin icra şöbəsində nə Tələbkar, nə də icra məmuru Əlihüseyn Aslanov yox idi və dəfələrlə zəng etməyinə baxmayaraq zənglərinə cavab verilməyib. Daha sonra, icra məmuru Əlihüseyn Aslanov müraciətlərinə heç bir məhəl qoymadan xx.xx.2024-cü il tarixdə “borclunun məcburi gətirilməsi haqqında” qərar qəbul edib. Bundan sonra tərəfindən Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edilərək, icra məmuru Əlihüseyn Aslanovun qanunsuz qərar qəbul etdiyi barədə şikayət verilib. xx.xx.2024-cü il tarixində Nizami Rayon Məhkəməsinin iş № 8(007)-275/2024 saylı qərarı ilə müraciəti təmin olunub, icra məmurunun qanunsuz verdiyi qərar məhkəmə qaydasında ləğv olunub. Həmçinin bildirmək istəyir ki, bu günə kimi o heç bir məsuliyyətdən yayınmayıb, 16 avqust, 18 avqust, 21 avqust, 25 avqust, 30 avqust, 09 sentyabr 2024-cü il tarixlərində 1 ay ərzində 6 dəfə icra şöbəsinə yaxınlaşıb. İcra məmuru X17 qərəzli şəkildə “borclunun məcburi gətirilməsi haqqında” qəbul etdiyi qərar qanunsuz və absurd olub. Daha sonra xx.xx.2024-cü il tarixdə yenidən icra şöbəsinə dəvət olunub, uşaqlarını da gətirib, uşaqlar qəti şəkildə görüşmək istəmədiklərini bildirərək görüşdən imtina ediblər. Həmin görüş zamanı akt tərtib olunub, növbəti görüşə psixoloq təyin olunub. xx.xx.2024-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq şöbəsindən psixoloq dəvət olunub, uşaqlar dindirilib və akt tərtib olunub ki, uşaqlar 10 və 14 yaşları var və öz fikirlərini aydın şəkildə ifadə edirlər, uşaqlara heç bir təziq yoxdur, uşaqlar ataları ilə görüşmək istəmirlər. Daha sonra xx.xx.2024-cü il tarixində saat 13:00-da hər iki qızını X6 Mərkəzinə məhşur psixoloq, bir çox televiziya verilişlərində uşaqlarla iş üzrə ekspert psixoloq kimi çıxış edən psixoloq Fərqanə Mehman qızının qəbuluna aparıb. Psixoloq uşaqlarla 2 saat söhbət apardıqdan sonra, uşaqlar 10 və 14 yaşları olduqlarını və öz fikirlərini aydın şəkildə ifadə edə bildiklərini, uşaqlara lıeç bir təzyiq olmadığı, uşaqlar ataları ilə görüşmək istəmədikləri, uşaqların psixoloji və emosional sağlamlıqlarının qorunması məqsədi ilə ata Tələbkar ilə hal hazırda görüşlərin məqsədə müvafiq olmadığı barədə rəy verilib. Lakin bütün bu halları nəzərə almadan icra məmuru Əlihuseyn Aslanov davamlı şəkildə uşaqların ataları ilə görüşmələri üçün ona və övladlarına təziq edir. Hər həftə Nizami rayon icra şöbəsinin qarşısında övladlarına işgəncə verilir. İcra məmurunun bu işdə nə marağı olduğu, nəyə görə görüşlərin mümkün olmaması barədə qərar qəbul edib işi məhkəməyə geri qaytarmadığı araşdırılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-963/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən borclu X8 Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmurunun hərəkətləri barədə şiayət ərizəsinə dair iş materialı baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş, iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Borclu (ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirib, iddiasının təmin edilməsini xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, icra məmuru Əlihüseyn Aslanovun hərəkətləri qanunsuz olmaqla, övladlarına dəfələrlə icra şöbəsinin qarşısında işgəncə verilib, övladlarının psixoloji vəziyyətləri sarsılıb. İcra məmuru işə qərəzli yanaşaraq qanunsuz olaraq barəsində xəbərdarlıq tərtib edib, həmin xəbərdarlıq tərəfindən digər iş üzrə qətnamə ilə ləğv olunub. Bundan əlavə icra məmuru ərizələrinə, müraciətlərinə məhəl qoymadan ona və övladlarına davamlı təzyiq edərək, görüşləri aktlaşdırmayaraq, iş hazırda məhkəmədə olmasına baxmayaraq icra işini dayandırmayaraq onun və övladlarının hüquqlarını kobud şəkildə pozub. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, uşaqlar görüşmək istəmədiyi üçün İcra Nizami Rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayəçilik Komissiyasından psixoloq dəvət edilir, həmin vaxt görüş həftəiçinə təyin edilir. Görüşün vaxtı barədə tərəflərə məlumat verilir. Uşaqların ataları ilə görüşmək istəməməsi barədə xx.xx.2024-cü il tarixli videogörüntü var, həmin gün bazar günü idi. xx.xx.2024-cü ilə görüş təyin edilib, borclu uşaqlarının iştirakını təmin etməyib. Psixoloq dəvət olunanda görüş başqa vaxta təyin edilir. 18 avqust 2024-cü ildə özləri görüşüblər, bazar günləri təyin edilən görüşlərdə o, iştirak etmədiyi üçün akt tərtib edilmir. Digər görüşlərin, iş günləri təyin edilən görüşləri aktlaşdırır. İcra işinin icrası mümkün olmayan iş hesab edilməsi hazırkı müraciətlə mümkün deyil. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun izahatını dinləyib, ərizəni nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2554/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia qismən təmin edərək, iddiaçı Tələbkar övladları xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2024-cü il təvəllüdlü X10 ilə hər həftənin bazar günləri saat 11:00-dan 17:00-dək ünsiyyət saxlamasınin təmin edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Nərimanov Rayon İcra Hakimiyyəti başçısının aparatının “Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli 17 saylı qərarının surətindən görünür ki, Tələbkar cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunması, X9 60 gün olmaqla qısamüddətli mühafizə prderinin verilməsi və s. qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-275/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2554/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu X8 məcburi gətirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar ləğv edilmişdir. - Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X22 "Respublika Təcili Və X7 Mərkəzi" X18 xx.xx.2024-cü il tarixli 18-1-88/2-1261/2024 saylı məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixində saat 11:47-də “Respublika Təcili və X7 Mərkəzi” phş Mərkəzi Çağrı Xidmətinə (103), Nəsimi rayonu X20 blok A ev 15/04 ünvanından Selin adlı şəxsin (10 yaş) adına “əsəb” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Xətai TTTYS bölməsinin həkimi Nərmin Əsədova və tibb bacısı Təbiət Hüseynquliyeva icra edərək, xəstə X5 (10 yaş) “Nevrasteniya” diaqnozu qoyulmuş, Sol Dimedroli 1%-1,0 dərman preparatını əzələ daxilinə inyeksiya etmişdir. - “İntellect Academy”nin xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, X11 və X10 xx.xx.2024-cü il tarixində saat 13:00-da İntellect Acadmy psixoloji mərkəzdə X2 qəbulunda oldular. Psixoloq uşaqlarla 2 saat söhbət apardı və belə qənaətə gəlindi ki, hazırda uşaqlar ata Tələbkar ilə görüşmək istəmirlər, görüşə qarşıdırlar, uşaqlara hər hansı bir kənar təsir və ya təzyiq yoxdur. Uşaqların 10 və 14 yaşları var və onlar öz tikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Belə ki, uşaqlar bildirirlər ki, ata ilə görüşlər zamanı uşaqlar psixoloji və fiziki şiddətə məruz qalmışlar. Habelə, uşaqlar indiki vəziyyətdə dəfələrlə icra şöbəsinə aparılması, onların görüşə məcbur edilməsi, uşaqların emosional və psixi sağlamlıqlarına mənfi təsir göstərmişdir. Bele ki, uşaqlar ata ilə görüşdən sonra psixoloji sarsıntı keçirərək, fikir konsentrasiyaları pozularaq dərslərdən və idmandan geri qalmışlar. Yaşıdları ilə ünsiyyət zamanı çətinliklərlə üzləşmişlər. Hazırda ata ilə görüş indiki vəziyyətdə uşaqlar üçün onların emosional və psixi vəziyyətinin qorunması səbəbindən, məqsədəmüvafiq deyildir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2078/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar cavabdeh X9 qarşı “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(011)-6519/2019 saylı qətnaməsi ilə anaları X8 yanında saxlanılmaqla onun himayəsinə verilməsi qət edilən 09 fevral 2010-cu il təvəllüdlü X11 və 09 iyun 2014-cü il təvəllüdlü X4 analarının himayəsindən alınaraq onun yanında qalmaları” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2554/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.2024-cü il tarix, saat 15:00-a təyin edilmiş görüş zamanı Aylin və Selin ataları ilə görüşüb ünsiyyətdə olmaq istəmədilər. Sonradan tərəflərin razılığı ilə müvafiq psixoloqun dəvət edilməsi üçün görüş digər vaxta təxirə alınıb. - xx.xx.2024-cü ildə Nizami Rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayəçilik Komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloq Könül İsmayılovanın iştirakı ilə tərfib edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2554/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.2024-cü il tarixə təyin edilmiş görüş zamanı psixoloq uşaqlarla fərdi qaydada söhbət aparıb. X11 ilə söjbət aparıb, Aylinin 14 yaşı var və verdiyi suallarına sərbəst cavab verib. Aylin bildirib ki, atası ilə küsüb, atası ilə görüşmək istəmir, hələ ki, atası ilə problemlər yaşayır. X10 ilə 2010-cu il doğumludur, verilən suallara sərbəst cavab verib. Bildirib kii, atasından küsüb, onunla görüşmək istəmir. Gələcəkdə görüşməyəcəyini deyə bilməz. Özünü yaxşı apardığı atasına bildirərlər. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2554/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar övladları xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2024-cü il təvəllüdlü X10 ilə hər həftənin bazar günləri saat 11:00-dan 17:00-dək ünsiyyət saxlamasınin təmin edilməsi qət edilmişdir. Daha əvvəl tərəflərin məhkəmə mübahisələri olmuş və həmin işlər (8(007)- 275/2024 saylı iş) üzrə də müəyyən edilmişdir ki, xx.xx.2024-cü ildə tələbkarla uşaqların görüşü keçirilmiş, bundan sonra görüş xx.xx.2024-cü il tarixə saat 15:00-a təyin edilmiş, borclu görüşün keçirilməsi barədə məlumatlı olmuş, xx.xx.2024-cü il tarixdə borclu icra məmuruna teleqram ünvanlayaraq, görüşün icra vərəqəsində göstərildiyi kimi bazar günü müəyyən edilmədiyindən və azyaşlı övladlarının qəti şəkildə görüşdən imtina etdiklərindən icra şöbəsinə gələ bilməyəcəyini qeyd etmişdir. İcra işinin tətqiqi zamanı müəyyən edildi ki, sonrakı mərhələdə uşaqlar tələbkar ilə görüşdən imtina etmişlər və bu barədə müvafiq aktlar tərtib edilmiş, icra məmuru tərəfindən xüsusi biliklərə malik mütəxəssis və həkim psixoloqun dəvət edilməsi qərara alınmışdır. Eyni zamanda, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qeyd edilmiş videogörüntülər olan CD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, icra sənədi üzrə borclu xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2024-cü il təvəllüdlü X4 Tələbkar ilə ünsiyyətdə olması üçün şərait yaratmış, lakin uşaqlar ataları ilə ünsiyyətdən imtina etmişdir. Göründüyü kimi, xx.xx.2024-cü ildə borclu tərəfindən görüşün təmin edildiyini, lakin uşaqların tələbkarla görüşdən imtina etməsi müəyyən edilmişdir. Həmçinin, icra işinin tətqiqi zamanı müəyyən edilmişdir ki, icra şöbəsi tərəfindən borcluya məktub ünvanlayaraq, görüşün xx.xx.2024-cü il, saat 11-dan 17:00-dək təyin edilməsi bildirilmiş, uşaqların Bakı şəhəri, Nizami rayonu, MC Donalds restoranın qarşısında iştirakının təmin edilməsi xahiş edilmişdir. Lakin görüşün baş tutuması səbəbləri icra işinin tətqiqi zamanı müəyyən edilməmişdir. İcra məmuru məhkəmədə verdiyi izahatında görüşlərin təmin edildiyi, lakin görüşlərin bazar gününə düşməsi səbəbindən aktlaşdırılmadığını qeyd etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək, icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxmaq, müvafiq qərar qəbul etmək, onlardan şikayət vermək müddətini və qaydasını izah etmək icra məmurunun vəzifəsidir. - 11-ci maddəsinə görə icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə hesab edir ki, icra məmuru xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə görüşlərin baş tutmama səbəbləri barədə müvafiq akt tərtib etməməklə qanunsuzluq etmişdir. Bundan başqa, icra işinin tətqiqi zamanı məlum olmuşdur ki, icra zamanı görüş günləri icra sənədindən qeyd edilən vaxta deyil, başqa vaxtlarda da keçirilmişdir. Məhkəmə iclasında icra məmuru müvafiq psixoloğun iştirakının təmin edilməsi üçün görüş vaxtının həftəiçi günlərə təyin edildiyini bildirmişdir. Belə ki, xx.xx.2024-cü il tarixə təyin edilmiş görüşün psixoloqun iştirakının təmin edilməsi üçün tərəflərin razılığı ilə təxirə salınması müəyyən edilmişdir. Lakin icra işinin tətqini zamanı görüş günlərinin başqa vaxta təyin edildiyi aydın olur. Bu zaman tərəflərin qarşılıqlı razılığının alınması zəruri hesab edilir. İcra sənədi üzrə görüş vaxtı məhz bazar gününə təyin edilmiş, hazırkı vaxtadək icra sənədinin üsul və qaydasının dəyişdirildiyi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, görüş günləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2554/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə göstərilən qaydada həyata keçirilməlidir. Məhkəmə şikayətin “icra işinin icrasının mümkün olmayan iş kimi hesab edilməsi, icra işinin müvəqqəti dayandırılması” hissəsinə münasibətdə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra sənədinin icrasının dayandırılması əsasları (17- 18-ci maddələr) konkret müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Bu səbəbdən məhkəmə hesab edir ki, borclu “işinin müvəqqəti dayandırılması” üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən uyğun olaraq məhkəməyə müraciət etməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2554/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun tərəflərin qarşılıqlı razılığı olmadan icra sənədində göstərilən vaxtdan (hər həftənin bazar günləri saat 11:00-dan 17:00-dək) başqa vaxta görüş təyin etməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilməli, Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanov tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixə təyin edilmiş görüş zamanı Tələbkar övladları xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2024-cü il təvəllüdlü X10 ilə ünsiyyətinin baş tutmaması barədə müvafiq aktlar tərtib edilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2554/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun tərəflərin qarşılıqlı razılığı olmadan icra sənədində göstərilən vaxtdan (hər həftənin bazar günləri saat 11:00-dan 17:00-dək) başqa vaxta görüş təyin etməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilsin. Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanov tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixə təyin edilmiş görüş zamanı Tələbkar övladları xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2024-cü il təvəllüdlü X10 ilə ünsiyyətinin baş tutmaması barədə müvafiq aktlar tərtib edilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-385/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-385/2024
18.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver