Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-404/2023 04.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-555/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 iddiası qismən təmin olunaraq cavabdeh X5 üzərinə 02 avqust 2019-cu il tarixli, Bakı şəhəri 19 saylı Notariat ofisində, reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin şərtlərinin icra edilməsi öhdəliyi qoyulmuş, X5 həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə "İcra haqqında“ Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsi nəzərə alınaraq icra sənədi onu vermiş məhkəməyə qaytarılmışdır. X1 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarını ləğv edib yenidən icra tədbirlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qətnamənin icra olunması ilə bağlı Nizami Rayon Məhkəməsi 2(007)-555/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi vermiş, qeyd olunan icra sənədi icra olunması üçün Nizami Rayon İcra Şöbəsinin icra məmuru Abusət Qasımovun icraatına verilmiş və icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin, icra sənədinə əsasən borclu X5 üzərinə ilkin alqı-satqı müqaviləsinin şərtlərinin icra edilməsi öhdəliyi qoyulmasına baxmayaraq həmin icra sənədi icra edilməmiş, icra məmuru tərəfindən icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, həmin qərar ləğv olunmalıdır. Bildirilir ki, icra sənədinin icraata qəbul edilməsi barədə icra məmuru tərəfindən X7a heç bir məlumat verilməmiş və icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərar ona göndərilməmişdir. Həmçinin, hər hansı icra mərhələsi barədə də Q.Ağayevə məlumat verilməmişdir. Bununla bağlı Q.Ağayev tərəfindən müvafiq idarələrə şikayət ərizələri göndərildikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli xx/xx-15596 saylı cavab məktubunda Nizami Rayon İcra Şöbəsinin ona ünvanladığı xx.xx.2022-ci il tarixli 17/71- 4763 nömrəli məktuba istinad olunmuş və həmin məktub da qoşma olaraq Nazirlik tərəfindən Q.Ağayevə göndərilmişdir. Halbuki, Nizami Rayon İcra Şöbəsinin həmin məktubunu Ağayev Qiyas almamış, eləcə də həmin məktubda göstərilən hər hansı bir icra tədbirləri barədə ona heç bir məlumat verilməmiş və onunla, nümayəndəsilə telefon vasitəsilə əlaqə saxlanılmamışdır. Həmçinin, Q.Ağayevə borclu barədə inzibati protokol tərtib olunması və məhkəməyə göndərilməsi barədə də heç bir məlumat verilməmişdir. Həmçinin, Ədliyyə Nazirliyinin Ağayev Qiyasa göndərdiyi Nizami Rayon İcra Şöbəsinin məktubda göstərilmişdir ki, qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə (qərarın tarixi xx.xx.2022-ci ildir) məhkəməyə geri qaytarılmışdır. Həmin məsələ barədə də Q.Ağayevin heç bir məlumatı olmamış, bu barədə ona məlumat verilməmiş və xx.xx.2022-ci il tarixli qərar ona göndərilməmiş, yalnız Ədliyyə Nazirliyinin məktubundan sonra Q.Ağayev icra sənədinin məhkəməyə qaytarılmasından xəbər tutmuşdur. Ağayev Qiyasın müxtəlif instansiyalara göndərdiyi şikayət ərizələrindən sonra da Nizami Rayon İcra Şöbəsi icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərarını Q.Ağayevə göndərməmişdir. Həmçinin, Q.Ağayev Nizami Rayon İcra Şöbəsinə yenidən xx.xx.2023-cü il tarixli rəsmi ərizə ilə müraciət etməsinə baxmayaraq həmin qərar yenə də ona göndərilməmişdir. Bundan sonra Q.Ağayevin nümayəndəsi kimi mənim Nizami Rayon İcra Şöbəsinə müraciətimdən sonra icra sənədinin məhkəməyə qaytarılması barədə Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətini mən 18 oktyabr 2023-cü il tarixdə almışam. Elə bütün bu pozuntular, tələbkarın heç bir icra mərhələsində iştirakının təmin edilməməsi, ona qərarların göndərilməməsi və sair pozuntular Nizami Rayon İcra Şöbəsi xx.xx.2022-ci il tarixli qərarınının ləğv edilməsi üçün əsasdır. Nizami Rayon İcra Şöbəsinin icra məmuru Abusət Qasımovun icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarı cəmi bir səhifədən ibarət olan və heç bir qanunvericiliyə istinad olunmayan, əsaslandırılmayan bir qərardır. İcra sənədinin məhkəməyə qaytarılması icra işini kökündən həll edən və tələbkarın hüquq və mənafeyinə toxunan prosesdir. Məhkəmədə işlərə baxılmasının, araşdırılmasının, qərarların qəbul edilməsinin son, axır nəticəsi, ana xətti qərarların icra olunmasıdır. Məhkəmələr bütün bunları nəzərə alaraq qərarlar verir. Ona görə də, icra sənədinin məhkəməyə geri qaytarılması həddindən artıq məsuliyyətli məsələdir və bununla bağlı əsaslı şəkildə qərar qəbul edilməlidir. İcra məmurunun qaytarma barədə qərarında cəmi bircə cümlə yazılmışdır, halbuki həmin cümlədə göstərilənlərin icra məmurunun səlahiyyətinə aid deyildir və icra məmuru səlahiyyətinə aid olmayan məsələyə qiymət vermişdir. Belə ki, həmin qərarda göstərilir: "icra tədbirləri zamanı icra sənədində göstərilən mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmədiyi müəyyən edilmiş, həmin mənzil alqı-satqı predmeti olmadığı üçün icra sənədində göstərilən tələbin icrasını təmin etmək mümkün olmamışdır.” İcra məmuru öz səlahiyyətinə aid olmayan, məhkəmənin, hakimin səlahiyyətinə aid olan məsələyə qiymət veribdir. İcra məmuru həmin məsələyə qiymət verərkən hakim kimi çıxış edibdir. Halbuki, həmin məsələ ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Yəni, icra məmurundan əvvəl həmin məsələlər araşdırılmış və məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Bütün bu məsələlər araşdırıldıqdan və qiymət verildikdən sonra cavabdehin üzərinə alqı-satqı müqaviləsinin şərtlərinin icra edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə illərdir ki, qüvvədədir, yenidən müzakirə edilə bilməz və kimsə tərəfindən ləğv edilə, dəyişdirilə bilməz. İcra məmurunun gəldiyi nəticəyə isə məhkəmə tərəfindən qiymət verilibdir. Buna görə də, icra məmuru tərəfindən həmin məsələ qiymət verilməsi tam qanunsuz və əsassızdır. İkincisi, qeyd olunan məsələ qanuni olsaydı belə, yenə də icra məmuru həmin əsasla icra sənədinin məhkəməyə geri qaytara bilməzdi. Çünki, cavabdehin üzərinə alqı-satqı müqaviləsinin şərtlərinin icra edilməsi öhdəliyinin qoyulması geniş məfhumdur və göstərilən alqı-satqı müqaviləsində digər şərtlər də mövcuddur. Həmin müqavilədə digər öhdəliklər, şərtlər də vardır ki, (məsələn, evin və torpaq sahəsinin verilməsi və s.) həmin şərtlər də borclu tərəfindən icra edilməliydi. Bundan əlavə, icra məmurunun qərarında göstərildiyi kimi “göstərilən mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmədiyi müəyyən edilmiş”dir, elə buna görə də alqısatqı müqaviləsində cavabdehin yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması şərti də vardır ki, məhkəmə də həmin şərtin icra edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. İcra sənədinin geri qaytarılmasında ən əsas pozuntulardan biri odur ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinin tələblərini pozaraq icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul etmişdir. Belə ki, həmin maddədə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin hansı hallarda icra sənədini vermiş məhkəməyə qaytarılması konkret göstərilmişdir. Göstərilən maddədə qeyd olunan halların heç biri qərarda göstərilməmiş və həmin hallara istinad olunmamışdır. Həmin normada icra sənədinin məhkəməyə qaytarılması halları bir-bir sadalanır və açıq-aydın şəkildə həmin hallar göstərilir. Qeyd olunan hallardan başqa icra sənədinin məhkəməyə qaytarılması tam qanunsuz olmuşdur və buna görə də həmin qərar ləğv olunmalıdır. Qeyd olunanlardan əlavə, icra məmuru tələbkar Q.Ağayevin icra prosesində iştirak hüququnu təmin etməliydi, onun fikirlərini və rəylərini nəzərə almalıydı, lazım gələrdisə onu borclu ilə görüşdürməliydi, icra hərəkətlərinin birlikdə həyata keçirilməsinə təşəbbüs göstərməliydi. Ola bilərdi ki, tələbkar ilə borclu icranın hansısa mərhələsi barədə razılığa gələrdilər. Həmçinin, icra məmuru borclu barəsində inzibati iş üzrə də tələbkara məlumat verməmişdir, bununla da tələbkarın konstitusion hüququ olan məhkəmə müdafiəsi hüququnu pozaraq onu məhkəmədə iştirakdan məhrum etmişdir. Əgər, tələbkar məhkəmədə iştirak etsəydi borclunun qəsdən icradan yayınmasını məhkəmə prosesində sübut edəcəkdi, bununla da borclunun inzibati məsuliyyətə cəlb olunması ehtimalı daha çox olacaqdı. Bütün bunlar kifayət qədər böyük pozuntulardır və qanunsuz qərarın qəbul edilməsinə əsas olmuşdur. Məhkəmənin əvvəlki iclasında iştirak edən tələbkarın nümayəndəsi X2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, ərizəni araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-555/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 iddiası qismən təmin olunaraq cavabdeh X5 üzərinə 02 avqust 2019-cu il tarixli, Bakı şəhəri 19 saylı Notariat ofisində, reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin şərtlərinin icra edilməsi öhdəliyi qoyulmuş, X5 həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı şəhər Nizami rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarında isə qeyd edilmişdir ki, icra tədbirləri zamanı icra sənədində göstərilən mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmədiyi müəyyən edilmiş, həmin mənzil alqı-satqı predmeti olmadığı üçün icra sənədində göstərilən tələbin icrasını təmin etmək mümkün olmamışdır. Qeyd olunan əsasla icra sənədinin geri qaytarılması qərara alınmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icra məmuru tərəfindən zəruri araşdırma aparılmadan, əsassız olaraq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinadən icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hansı ki, borclunun adına hər hansı pul vəsaiti, daşınmaz əmlak və nəqliyyat vasitəsinin aşkar olunmaması icra sənədinin qaytarılması üçün əsas hesab edilməməli və borcun ödənilməsi məqsədi ilə zəruri icra hərəkətləri aparılmalıdır. Belə olan halda, icra sənədinin geri qaytarılması barədə qəbul edilmiş qərar ləğv edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən hallarla bağlı şikayət əsaslı hesab olunaraq təmin edilməli, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması” haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-555/2020 saylı icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması” haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-555/2020 saylı icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №8(007)-404/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-404/2023
04.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver