Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-43/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Borclu Köse (Hüseynova) Leyla Nizami qızının nümayəndəsi Nümayəndə, Tələbkar iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-417/2018 saylı, xx.xx.2018- ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə Köse (Hüseynova) Leyla Nizami qızının ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Borclu Köse (Hüseynova) Leyla Nizami qızı ərizə ilə məhkəməyə müraciət edərək, Tələbkar 05 may 2011-ci il təvəllüdlü X5 ilə ünsiyyət hüququnun onlayn qaydada həyata keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Tələbkar ilə 07 avqust 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 05 may 2011-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan ailədaxili münasibətləri pisləşmiş və onlar boşanmışlar. Nikahları pozulduqdan sonra X5 anası X1 yanında qalmışdır. Tələbkar “uşaqla ünsiyyətdə olmaq” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(007)-417/2018 saylı qətnaməsi ilə Tələbkar 05 may 2011-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00-dək, 2 yanvar (Yeni il bayramında) saat 11:00-dan saat 17:00-dək və 22 mart (Novruz bayramında) saat 11:00-dan saat 17:00dək, Bakı şəhərində icra məmurunun müəyyən etdiyi yerdə ünsiyyətdə olması üçün görüş vaxtının müəyyən edilməsi qət edilmişdir. O, artıq uzun müddətdir ki, Türkiyədə yaşayır. Orada yenidən ailə həyatı qurmuşdur. Bu səbəbdən də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(007)-417/2018 saylı qətnaməsinin icrası qeyrimümkündür. Buna baxmayaraq, X4 05 may 2011-ci il təvəllüdlü X3 mənafeyini nəzərə alaraq mümkün olan hər şəraitdə qızının atası ilə onlayn formada əlaqə yaratmasına şərait yaradır. Hətta o, Türkiyəyə gedən zaman Tələbkar əlaqə nömrəsi də vermiş və istədiyi zaman qızı ilə görüntülü videozənglə və ya telefon vasitəsilə ünsiyyətdə olmasına çalışmışdır. Lakin, Tələbkar demək olar ki, ümumiyyətlə qızı ilə əlaqə saxlamır, onunla danışmaq istəmir. Yuxarıda da qeyd edildiyi kimi övladının atası ilə görüşməyinə heç bir maneə törətmir. Lakin, məhkəmə qətnaməsində uşağın atası ilə görüş yerinin Bakı şəhərində olması qət edilmiş və hər şənbə günü qızının Azərbaycan Respublikasına gəlibgetməsi qeyri-mümkündür. Məhkəmə iclasında borclunun nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, nəvəsi ilə Azərin onlayn görüşməsi dedikdə “Whatsapp” proqram vasitəsilə görüşü nəzərdə tutulmuşdur. Onun qızı ailə qurmuşdur, hazırda qızı ilə nəvəsi Jalə birlikdə Türkiyədə yaşayırlar. Gedəndə Azərə telefon nömrəsi, ünvan verilmişdir ki, görüntülü ya da qarşı tərəfin istədiyi tərzdə əlaqə saxlanıla bilinsin. Əgər Azər uşağı görmək istəyirsə qızına ya da uşağına mesaj atar, bilet alıb uşağı bura gətirtdirərdi. Tələbkar uşağın dərsləri, necə yaşaması ilə bağlı səs belə atıb maraqlanmamışdır. Uşaq yayda bura gəlmişdir. Azər də uşaq və anası onun yaşadığı mənzildən qeydiyyatdan çıxmasa, uşağı Bakıya gətirtdirəcəyini demişdir. Tələbkar uşağa belə bir psixoloji travma yaşatmamalıdır. Yayda uşaq bura gələndə tələbkar istəyirsə uşaqla o zaman həftənin hər günü görüşsün. Tələbkar ilə uşağın həftənin şənbə günü görüş günü olsa da tələbkar bu dörd ildə cəmi bir dəfə uşaqla görüşə gəlmişdir. Qarşı tərəf uşaqla görüşə gələn zaman uşaq atası ilə ağlayıb görüşmək istəməyəndə o, uşağı atası ilə görüşə məcbur etmiş, onu görüşə aparmışdır. Bir dəfə belə uşağın atası ilə görüşməsindən imtina etməmişdir. Bəzən tələbkar görüş üçün həftənin 6-cı günü gələ bilməmiş, 4-cü və ya 5-cü gün gəlmiş, onlar yenə də uşağı atası ilə görüşdürmüşdür. Əgər tələbkar uşaqla görüş üçün onların evinə gəlibsə, onu uşaqla görüşdürmüşdür. Onlar uşaqla görüşlə bağlı olan qətnamədən şikayət verməmişdir. Uşaq dərslərini yaxşı oxuyur, Türkiyədədir və orada dərsə gedir. O, nəvəsinin kursu üçün xadimə kimi işləyib pul göndərmişdir. O, uşağın oxumasını, sağlamlığını istəyir. Tələbkar uşaqla bağlı axtarış vermişdir. Keçən dəfə uşaq Azərbaycana gələndə anasının qucağında körpə uşağı olduğu halda uşaqla anasını polislər aparmışdır. Zəng edib, uşağın burada olduğunu, ora gəlməsini desələr də, tələbkar ona lazım olmadığını, ikisini də həbsə atmalarını bildirmişdir. Əgər ata uşağını nəzərə alsa, belə bir söz deyərmi? Uşaq körpə yaşından travma almışdır. O, icra şöbəsində demişdir ki, tələbkar gəlib istədiyi vaxt uşaqla görüşsün. Eyni zamanda o qeyd etdi ki, Azər alimenti verməmək istəməyəndə ərizələr yazmağa başlamışdır. Tələbkara uşaq maraqlı deyildir, ona maraqlı olan odur ki, aliment verməsin. Azər alimenti əvvəl ödəmirdi, lakin məhkəmə prosesindən sonra aliment ödənilir. Məhkəmə iclasında Tələbkar ərizəni qəbul etmədiyini bildirərək ərizənin təmin edilməməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, onun məqsədi ancaq uşağını görməkdir və onu ancaq uşağı maraqlandırır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin uşaqla görüşlə bağlı olan 06 aprel 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Belə ki, uşağının həftə sonları onunla, habelə bayram günlərində bir gün onunla, bir gün də qarşı tərəflə qalmasını istəmişdir. Lakin, birinci instansiyasının qətnaməsi qüvvədə qalmışdır və hal-hazırda qətnamə icra edilir. Ona icra şöbəsində deyilmişdir ki, bəzi məsələlərə görə prinsipə gedir. Düzdür, o, bəzi məsələlərə görə prinsipə gedir, öz mənafeyinə görə hərəkətlər edir. Borclunun nümayəndəsi deyir ki, guya o, bu yay uşaq burada olanda həftənin 6-cı günü görüşə gəlməmiş, başqa gün gəlmiş, 4 ildə uşağı görməmişdir. Halbuki, o, qarşılıqlı razılaşma əsasında uşaqla görüşürdü. Belə ki, bəzən həftənin 6-cı günü işdən çıxa bilməmiş, başqa gün uşaqla görüşmüşdür. Hətta uşağı özü X6 qəsəbəsindən götürmüşdür. O, qızını anasından ayırmaq istəmir, bunun tərəfdarı da deyildir. Lakin onun şərti var ki, uşaq hər yay Azərbaycana gəlsin. Bu üç ay müddətində qızı ilə hər gün və ya bir dəfə görüşmək məsələsi isə onun şəxsi işidir. Həmçinin, nikah pozulandan sonra qarşı tərəf müraciət edərək onların evi özbaşına tikili olduğuna görə onun hal-hazırda yaşadığı mənzilə köçürülmə almış və orada qeydiyyata düşmüşdür. Halhazırda o, tələbkarın və uşağının həmin evdən qeydiyyatdan çıxmasını istəyir. O, qızına da bildirmişdir ki, anası gəlib əşyasını da götürüb onun evindən qeydiyyatdan çıxsın. Hətta mediasiya qaydasında qarşılıqlı razılıq əsasında qeydiyyatdan çıxdığını bildirsin. Bundan sonra uşaq Azərbaycana gələn vaxtı uşaqla görüşə bilər. Bundan əlavə qeyd etmişdir ki, məhkəmə qətnaməsində onun övladı ilə Bakı şəhərində görüşməsi müəyyən olunmuşdur. Uşaqla görüşün Bakıda olması ilə bağlı icra məmuru qətnaməyə izah istəmiş, lakin ərizə təmin edilməmişdir. Bununla yanaşı, onlayn görüş qanunda varmı? Varsa əgər bu necə və hansı qaydada olacaq, onun icrası necə tənzimlənəcək, bunu kim icra edəcəkdir? Məhkəmə qətnaməsinə əsasən onun görüş vaxtı saat 11:00-dan 18:00-a kimidir, o, 7 saat ekran qarşısında oturacaq və yaxud da uşaq ekran qarşısında dayanacaq? Uşaqla onlayn ünsiyyət zamanı internetin, şəbəkənin olmaması bəhanələri ediləcəkdir. Əsas məsələ uşaq onun razılığı olmadan niyə ölkə xaricinə çıxarılır. Ali Məhkəmənin də qərarına görə uşaq yalnız müalicəsi ilə əlaqədar ölkə xaricinə çıxarıla bilər. Uşağın ölkə xaricində daimi yaşaması qeyri-qanunidir. Uşaq hal-hazırda icra şöbəsinin qərarı ilə axtarışdadır. Hətta beynəlxalq axtarışa verilməsi üçün müraciət edilib. Uşağın ünvanı bəllidirsə, təqdim etsinlər. İcraya verilən ünvanın heç bir hüquqi əsası yoxdur. Uşaq Azərbaycana gəlmiş, arayış gətirib vermişlər ki, icra işi Sumqayıta getsin. Bunun üçün hazırlıq görülməli idi, icra şöbəsinə işi göndərmək lazım idi, bununla da müddət uzanacaqdır, sentyabrda da uşaq gedəcəkdir, məqsəd bu olmuşdur. Hətta icra üsulunun dəyişilməsi ilə bağlı da icra məmuru təqdimat vermiş, lakin təqdimat təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən göründüyü kimi uşaq orada daimi qala bilməz. Uşağın orada daimi qalması qanunsuzdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, borclu Köse (Hüseynova) Leyla Nizami qızı və Tələbkar rəsmi nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Tərəflər artıq ayrılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12380/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qətnamədə ifadə olunmuş və iddiaçı X2 verilmiş cavabdeh Tələbkar razılığı olmadan Azərbaycan Respublikasından gedib-gəlməsi hüququnun yalnız uşağın müalicəsi ilə əlaqədar həyata keçirilməsi üçün verildiyi müəyyən edilmiş, iddiaçı X1 üzərinə, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qətnaməyə əsasən, cavabdeh Tələbkar razılığı olmadan xx.xx.2011-ci il təvəllüdlü X5 ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə səfər edəcəyi ölkə, mümkün olduğu halda həmin ölkənin şəhəri (şəhərləri), səfərin məqsədi, müddəti barədə cavabdehə ən azı 10 (on) gün qabaq yazılı məlumat vermək vəzifəsinin qoyulması qət edilmişdir. Bundan sonra Tələbkar uşaqla ünsiyyət ilə bağlı iddia qaldırmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-417/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, Tələbkar 05 may 2011-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 11.00-dan saat 18.00-dək, 2 yanvar (Yeni il bayramında) saat 11:00-dan saat 17:00dək və 22 mart (Novruz bayramında) saat 11:00-dan saat 17:00-dək, Bakı şəhərində icra məmurunun müəyyən etdiyi yerdə ünsiyyətdə olması üçün görüş vaxtının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bundan sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)- 417/2018 saylı qətnaməsinə izah verilməsi barədə icra məmuru Əlihüseyn Aslanov ərizə vermiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-272/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin Bakı şəhəri Nizami rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-417/2018 saylı icra işi üzrə borclu X4 ölkə hüdudlarından kənarda olduğundan onun barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Bakı şəhəri Nizami rayon Polis idarəsinə göndərilmiş, onun barəsində axtarış işi açılmışdır. X4 ölkə hüdudlarından kənarda olduğundan onun barəsində dövlətlərarası axtarış elan edilməsinə və bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə məlumat verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Hazırda borclu ərizə verərək uşağı ilə birlikdə Türkiyədə yaşadığı üçün qətnamənin icra üsulunun dəyişdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə ərizəyə münasibətdə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-417/2018 saylı qətnaməsi ilə uşaqla görüş günlərinin yalnız Bakı şəhərində, icra məmurunun müəyyən etdiyi yerdə verilməsi müəyyən edilmişdir. Həmin qətnamə borclu tərəfindən mübahisələndirilməmiş və qətnamədən şikayət verilməmişdir. Bu qətnamə hazırda icra mərhələsindədir. Hazırda borclu ailə qurması nəticəsində uşağı ilə birlikdə Türkiyəyə getməsini, orada yaşadıqlarını, uşağın mənafeyi məsələsini bildirərək qətnamənin icra üsulunun dəyişdirilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, uşaqla görüş üzrə məhkəmə qətnaməsinin icra üsulu dəyişdirilərkən borclunun mənafeyi ilə yanaşı uşağın və tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Hansı ki, tələbkar məhkəmə iclasında qətnamənin icra üsulunun dəyişdirilməsinə razı olmadığını, uşağı ilə yalnız onlayn qaydada görüşmək istəmədiyini bildirmişdir. Eyni zamanda, uşaq ilə ünsiyyət hüququnun onlayn qaydada həyata keçirilməsi tələbkarın mənafeyinə uyğun olmazdı. Belə ki, bu hal Tələbkar hazırda Türkiyə Respublikasında yaşayan qızı Ələkbərova Jalənin yanına gedib görüşməsini, uşaq yay vaxtlarında və digər zamanlarda Azərbaycan Respublikası ərazisinə gələcəyi zaman canlı olaraq görüşmək hüququnu məhdudlaşdıra bilər. Hansı ki, uşaqla ünsiyyət yalnız onlayn qaydada olan zaman uşaq ilə atanın münasibətləri, onlar arasında olan əlaqə canlı olaraq görüş günlərindən fərqli olaraq eyni keyfiyyətdə olmaya və bu hal onlar arasında olan münasibətlərin soyumasına, aralarında olan əlaqə və bağın zəifləməsinə gətirib çıxara bilər. Beləliklə, məhkəmə hesab edir ki, borclu Köse (Hüseynova) Leyla Nizami qızının hazırkı ərizəsində qeyd etdikləri onun qətnamənin icra üsulunun dəyişdirilməsi ilə bağlı qərar qəbul edilməsi üçün kifayət etmədiyindən, məhkəmə iclasında qətnaməmənin icrası üçün çətinlik törədən hal müəyyən olunmadığından borclu Köse (Hüseynova) Leyla Nizami qızının “Tələbkar 05 may 2011-ci il təvəllüdlü X5 ilə ünsiyyət hüququnun onlayn qaydada həyata keçirilməsi” ilə bağlı ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu Köse (Hüseynova) Leyla Nizami qızının “Tələbkar 05 may 2011-ci il təvəllüdlü X5 ilə ünsiyyət hüququnun onlayn qaydada həyata keçirilməsi” barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-43/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-43/2024
08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver