Məhkəmə qərarları › İş №8(007)-454/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-454/2023

29.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-454/2023 29.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Tələbkar, X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-747/2023 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-747/2023 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-747/2023 saylı, 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh X3 20000 ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), ödənilmiş dövlət rüsumunun əvəzi kimi 192 manat məbləğində pul və müvəqqəti təminat tədbirinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 19,2 manatı tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. O, ürək xəstəliyindən əziyyət çəkir. Birbaşa 20000 ABŞ dolları məbləğində pulun ödənilməsinə imkanı yoxdur, lakin o, pulu ödəməkdən imtina etmir. Bu günə kimi 8550 manat iddiaçıya pul ödəyib, lakin bir başa həmin məbləği ödəyə bilmir. Hər ay mütamadi olaraq 500 manat ödəyə bilər. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(007)-747/2023 saylı qətnaməsi üzrə iddiaçı Tələbkar borclu olduğu pulun hissə-hissə olaraq hər ay 500 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar ərizənin təmin edilməməsini xahiş etdi. Borcundan 5000 ABŞ dolları verilərsə, hər ay 1000 ABŞ dolları olmaqla borcun hissə-hissə ödənilməsinə razı olar. Məhkəmə iclasında X2 ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, borcundan 8550 manat ödəniş edib. O, borcunu ödəyib, bitirmək istəyir. Onun avtomobilinə həbs qoyulub. İndi avtomobilindən də istifadə edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbul edilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-747/2023 saylı icra sənədinə əsasən iddia təmin edilərək, cavabdeh X4 20000 ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), ödənilmiş dövlət rüsumunun əvəzi kimi 192 manat məbləğində pul və müvəqqəti təminat tədbirinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 19,2 manatı tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarna əlavə edilmiş qəbzlərə əsasən borcdan 4550 manat ödəniş edildiyi müəyyən edilirdir. Borclu ümumilikdə 8550 manat ödəniş etdiyini qeyd etsə də, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Borclu qətnamənin hissə-hissə icra olunması üçün Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin borclunun əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlı olması ilə bağlı qənaətə gəlməsini əsaslı edə biləcək mötəbər sübutunu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X1 hazırkı ərizəsində qeyd etdikləri onun qətnaməni hissə-hissə icra etməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz, məhkəmə iclasında qətnamənin icrası üçün çətinlik törədən və ya borclu üçün əlverişsiz vəziyyət yaranmasını təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Belə ki, məhkəmə göstərilənləri ümumiləşdirərək qeyd edir ki, borclunun hazırkı mövqeyi, yəni borcun hər ay 500 manat ödənilməsi qətnamənin icrasının ağlabatan olmayan müddətdə təmin olunması, xeyrinə qərar çıxarılmış tələbkarın isə hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur, ona görə borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-747/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar