Məhkəmə qərarları › İş №8(007)-475/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-475/2023

25.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-475/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Borclunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami rayon İcra söbəsinin icra məmuru Əlihüseyn Aslanovun Borclu qarşı olan “borclunun məcburi gətirilməsi” barədə təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi : Tələb :

1. Bakı şəhəri Nizami rayon İcra söbəsinin icra məmuru Əlihüseyn Aslanovun Borclu qarşı “borclunun məcburi gətirilməsi” barədə təqdimatla Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Nizami rayon Məhkəməsinin e- 2(007)-1106/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının icrasının təmin edilməsi məqsədi ilə Borclu polis orqanı vasitəsi ilə Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

Təqdimatın əsaslandırıldığı hallar :

2. Bakı şəhəri Nizami rayon məhkəməsinin e-2(007)-1106/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu və X1 müştərək qaydada 12220,41 manat əsas borc, 12,30 manat faiz borcu olmaqla, ümumilikdə 12232,71 manat pul məbləği və ödənilmiş 126,70 manat dövlət rüsumunun əvəzi tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbəyə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və tələbin icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvanına bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olmasına baxmayaraq Bakı şəhəri Nizami rayon icra şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra sənədində göstərilən tələbin həyata keçirilməsi mümkün olmamışdır. Belə halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır.

İş materialları :

3. Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-1106/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən müəyyən edilir ki, borclular Borclu və X1 müştərək qaydada 12220,41 manat əsas borc, 12,30 manat faiz borcu olmaqla, ümumilikdə 12232,71 manat pul məbləği və ödənilmiş 126,70 manat dövlət rüsumunun əvəzinin tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır.

4. Bakı şəhər Nizami rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarına və “tələbin könüllü icrası haqqında” bildirişə əsasən müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-1106/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi həmin tarixdə icraata qəbul edilərək icraata başlanılmış və Borclu tələbin icrası üçün 10 gün könüllü icra müddəti verilmişdir.

5. Bakı şəhər Nizami rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e- 2(007)-1106/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1986-cı ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqqdimat verilməsi qərara alınmışdır.

Tərəflərin mövqeləri:

6. Borclu nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, borclu onun oğludur. Oğluna icra şöbəsindən hazırki icra sənədi ilə bağlı bildiriş məlumat verilməmişdir. Onlar yalnız məhkəmənin məktubunu almışlar. Oğlu bugün icra şöbəsinə yaxınlaşacdır.

7. İcra məmuru və maraqlı şəxs məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Tətbiq edilən hüquq :

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

10. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu:

3.1. məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2. icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 84.3. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

Məhkəmənin mövqeyi :

11. Məhkəmə təqdimat və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, təqdimat rədd edilməlidir.

12. Belə ki, icra haqqında qanunvericiliyə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd edilən hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.

13. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-1106/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Borclu və X2 müştərək qaydada 12220,41 manat əsas borc, 12,30 manat faiz olmaqla, ümumilikdə 12232,71 manat pul məbləği və ödənilməmiş 126,70 manat dövlət rüsumunun əvəzi tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Müvafiq icra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata qəbul edilərək icraata başlanılmış və “tələbin könüllü icrası haqqında” bildirişlə Borclu ünvanına göndərilərək, borcluya tələbin icrası üçün 10 gün könüllü icra müddəti verilmişdir.

14. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin təqdimatında Borclu dəfələrlə şöbəyə dəvət edilməsi, borcu olması barədə məlumat verilməsinə baxmayaraq borcu ödəməməsi qeyd edilsə də, həmin halları təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir.

15. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borclunun şöbəyə dəfələrlə dəvət edilməsini, icra sənədini qərəzli şəkildə icra etməməsini təsdiq edən sənədlər təqdimata əlavə edilməmişdir.

16. Habelə icra haqqında qanunvericiliyə əsasən “borclunun məcburi gətirilməsi barədə” təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra məmuru tərəfindən müvafiq qərar qəbul edilərək borcluya göndərilməli, çağırışa gəlmədiyi, icradan yayındığı halda müvafiq təqdimatla məhkəməyə müraciət edilməlidir. Lakin təqdimata əlavə edilmiş “borclunun məcburi gətirilməsi haqqında” qərardan görünür ki, həmin qərarın qəbul edilməsi ilə eyni tarixdə müvafiq təqdimatla məhkəməyə müraciət edilmişdir.

Nəticə :

17. Beləliklə, məhkəmə qeyd edir ki, icra məmuru təqdimatda icra sənədi üzrə borclunun icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığını bildirsə də, Borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayınmasını təsdiq və sübut edən hər hansı sənəd təqdimata əlavə edilməmişdir. Təqdimata əlavə edilmiş sənədlərlə icra məmurunun tələbin könüllü icrası barədə bildirişi borcluya çatdırılmasını müəyyən etmək mümkün deyil.

18. Hazırki halda təqdim edilmiş materiallar ilə borclunun icra hərəkətlərinin keçirildiyi yerə çağırılması və onun bu çağırışdan üzrsüz səbəbdən yayınması müəyyən olunmadığından, icra məmurunun “borclunun məcburi gətirilməsi” haqqında təqdimatı təmin edilməməlidir.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

Bakı şəhəri Nizami rayon İcra şöbəsinin Nizami rayon Məhkəməsinin e-2(007)- 1106/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar