Məhkəmə qərarları › İş №8(007)-55/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-55/2024

14.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-55/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-97/2019 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə X1 tərəfindən verilmiş ərizəyə məhkəmə iclasından kənar baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-97/2019 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, X8 ilə Musaeva Aıshen arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 21 avqust 2009-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 720 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 29 sentyabr 2007-ci il təvəllüdlü X6 və 25 noyabr 2008-ci il təvəllüdlü X3 anaları Musaeva Aıshenın yanında qalmaları, X2 30 yanvar 2018-ci il tarixdən başlayaraq, 29 sentyabr 2007-ci il təvəllüdlü X6 və 25 noyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 160,0 manat olmaqla, cəmi 320,0 manat sabit pul məbləğində alimentin alınıb, Musaeva Aıshenə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin alınmasına dair hissədə dərhal icra edilməsi, X4 “29 sentyabr 2007-ci il təvəllüdlü X6 və 25 noyabr 2008-ci il təvəllüdlü X3 onun yanında qalmaları, hər iki övladının onun himayəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20,0 manat dövlət rüsumunun Musaeva Aıshenə, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10,0 manat dövlət rüsumunun X7 aid edilməsi, ilkin iddianın təmin edilmiş hissəsinə münasib olaraq 10,0 manat pul dövlət rüsumu qismində X2 alınıb, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. X1 ərizə verərək, X5 ona qarşı 29 sentyabr 2007-ci il təvəllüdlü X6 və 25 noyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi onların saxlanması üçün ondan hər ay hər birinə 160,0 manat olmaqla, cəmi 320,0 manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-97/2019 saylı qətnaməsinin icrası üçün verilmiş icra sənədinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci və 21.2-ci maddələrinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda isə icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarından görünür ki, icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır, icraatın dayandırılmasının mümkün olduğu hallarda isə icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Göründüyü kimi, qanunda qeyd olunanlara əsasən icra sənədi üzrə icraatın dayandırılması icra məmurunun səlahiyyətlərinə aid olsa da hazırda bununla bağlı borclu məhkəməyə ərizə ilə müraciət etmişdir. Beləliklə, hesab edirəm ki, ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-97/2019 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə X1 tərəfindən verilmiş ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar