Məhkəmə qərarları › İş №8(007)-65/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-65/2024

27.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-65/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Vəkil1, Borclu X3, Borclunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3035/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra qaydasının dəyişdirilərək, aliment məbləğinin 50 faizinin uşaqların depozit hesabına yönəldilməsi barədə borclu X3 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu X4 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-3035/2023 nömrəli qətnaməsi ilə iddiaçının iddia tələbləri təmin edilmiş, aliment hissəsində tərəflərin birgə nikahından olan 11 dekabr 2015-ci il təvəllüdlü X5 və 14 dekabr2017-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün 26 sentyabr 2023-cii il tarixdən başlayaraq, onun hər ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında aliment (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-3035/2023 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutulub, Tələbkar verilməsi qət edilmişdir. Hesab edir ki, hazırda onun tərəfindən ödənilən aliment məbləği kifayət qədər ciddi məbləğ təşkil edir və bir uşağa görə 2024-cü il üçün müəyyən edilmiş minimumdan (235 manat) 3,5 dəfə çoxdur. O, hesab edir ki, uşaqların gələcəkdə nüfuzlu ali təhsil müəssisəsində oxuması və artacaq digər xərclərinin qarşılanması məqsədilə ödənilən aliment məbləğinin bir hissəsinin toplanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin 50%-i uşaqların depozit hesablarına yönəldilməlidir. Sözügedən məbləğin depozit hesablara yönəldilməsi, uşaqların hazırda olan mənzil şəraitinə, təhsilinə, məişət ehtiyaclarına hər hansı təsir göstərməyəcək. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-3035/2023 nömrəli qətnaməsi ilə bağlı verilmiş icra sənədi üzrə icra üsulunu və qaydasını dəyişərək, onunla iddiaçı Tələbkar birgə nikahından olan 11 dekabr 2015-ci il təvəllüdlü X5 və 14 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün onun hər ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında tutulan ümumi aliment məbləğinin 50%-nin (aylıq qazancın 1/6 hissəsi) uşaqların depozit hesablarına yönəldilməsi, uşaqların depozit hesabına yönəldilən məbləğin 1/2 hissəsinin (aylıq qazancın 1/12 hissəsi) 11 dekabr 2015ci il təvəllüdlü X5 depozit hesabına, 1/2 hissəsinin (aylıq qazancın 1/12 hissəsi) isə 14 dekabr 2017-ci il təvəllüdlü X1 depozit hesabına köçürülməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirdi ki, ödənilən aliment məbləği 7000 manat və daha çox olsa idi, ondan ərizənin təmin edilməsi məsələsini müzakirə etmək olardı. 1500 manat məbləğində aliment 2 uşağın saxlanılmasına, idmanına, kitab-dəftər xərclərinə, kommunal xərclərinə, avtomobil üçün benzin, ərzaq və s. xərclərinə kifayət etmir. Tələbkar avtomobil vasitəsi ilə uşaqları məktəbə, bağcaya, müxtəlif ünanlara aparır. Borclu 6000-7000 manat tələbkara fotoaparat aldığını deyir. Hesab edir ki, bu məbləğdə cihaz alan insan uşaqlarını və ailəsinin ehtiyaclarını yüksək səviyyədə saxlayıb. Yəni uşaqların nikah dövründə yaşayış səviyyəsi yüksək olub. Qarşı tərəf sübut edə bilmir ki, 1500 manat məbləğində aliment məbləği uşaqların ehtiyaclarını qarşılayır. Məhkəmə qərarı ilə aliment tutulur. Məhkəmə qərarı icra olunur, yəni borclu könüllü qaydada ödəniş etmir. Əmlak mübahisəsi üzrə işdə "xxxx" ASC-də olan hesabdakı pul mübahisələndirilir. Həmin hesabın yaradılması məqsədi uşaqlar üçün vəsait formalaşdırmaq olmuşdur. Amma cəmi 200 manat pul qoyulub, uşaqar üçün vəsait yığılmayıb. Məhkəməyə tərəflərin yazışmaları təqdim edilib. Amma yazışmalarda qeyd olunan xərclər adi günlərdə gündəlik xərclərə aiddir. Tələbkar çəkdiyi xərclərə dair hər ay məlumat təqdim edib. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsinə etiraz etdi. Məhkəmə iclasında borclu X4 ərizənin dəlillərinə uyğun izahat verərək bildirdi ki, o, əmək haqqının 33 faizi miqdarında, yəni 1500 manat miqdarında uşaqların saxlanılması üçün aliment ödəyir. Gələcəkdə maaşı artığı təqdirdə daha çox aliment ödəyəcək. O, istəyir ki, uşaqlar yetkinlik yaşına çatanda onların gələcəklərinin qurulması üçün hesablarında müəyyən vəsait olsun. Tələbkar fotoqraf kimi işləyir. Onlar birlikdə yaşayarkən indi ödədiyi aliment məbləğindən daha az vəsaiti uşaqlarına sərf edirdi. Oğlu 69 saylı tam orta məktəbdə oxuyur, məktəb ödənişsizdir. Qızı isə uşaq bağçasına gedir, aylıq ödəniş 200 manat təşkil edir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında borclunun nümayəndəsi və vəkili Vəkil2 ərizənin dəlillərinə uyğun izahat verərək bildirdi ki, qanunla müəyyən edilmiş minimum aliment məbləği 235 manatdır. Hazırda borclu tələbkar və uşaqları ilə birlikdə yaşamır. O, kommunal xərcləri ödəməli deyil. Hər iki valideyn uşaqları saxlamağa borcludur. Yazışlamarda nikah dövründə, səhv etmirsə sentyabr və oktyabr aylarında olan xərclər göstərilib. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, ərizəyə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3035/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, X4 ilə Tələbkar arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 04 sentyabr 2013-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1684 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 11 dekabr 2015-ci il təvəllüdlü X6 və 14 dekabr 2017-ci il təvəllüdlü X1 anaları Tələbkar yanında qalmaları, 11 dekabr 2015-ci il təvəllüdlü X5 və 14 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 sentyabr 2023-cü il tarixdən başlayaraq, X3 hər ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(007)-3035/2023 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutulub, Tələbkar verilməsi qət edimişdir. - Uşağın bağcaya qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli 28 saylı müqavilədən görünür ki, “Kinder İsland” Uşaq bağçası tərəfindən valideynə Svetlana Saçkovanın tərbiyəsi, təlimi və inkişafı xidmətləri göstərilir. Uşaq bağçasının illik (9 aylıq) ödənişi 1800 manat təşkil edir. - Əhmədzadə Pərvin və Mariya Şutikova arasında bağlanmış tədris müqaviləsinin surətindən görünür ki, İsa Saçkov 1 aylıq kurs üçün müəyyən olunmuş 120 manat ödənildikdən sonra bir ay ərzində, həftədə 5 dəfə, 120 dəqiqə davam edən dərslərdə iştirak edəcəkdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-3035/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 11 dekabr 2015-ci il təvəllüdlü X5 və 14 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 sentyabr 2023-cü il tarixdən başlayaraq, X3 hər ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(007)-3035/2023 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutulmuşdur. Tərəflərin izahatları ilə müəyyən edilir ki, hazırkı borclu tərəfindən icra sənədi üzrə hər ay 1500 manat məbləğində aliment ödənilir. Hazırda borclu uşaqların saxlanılması üçün ödədiyi alimentin yarısının uşaqların depozit hesabına köçürülməsini xahiş edir. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin qərarının 8.9-cu bəndində müəyyən edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Aərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası “Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 08 dekabr 2023-cü il tarixli 04/2023 saylı qərardadında qeyd etmişdir ki, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Hazırda isə borclu uşaqların saxlanması üçün ödədiyi alimentin, uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumdan artıq olduğunu və ödənilən alimentin hamısının tələbkar tərəfindən uşaqların saxlanması üçün xərclənmədiyini bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə, məhkəmə iclasında uşaqların təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından aydın olur ki, alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalıdır. Borclu ödədiyi alimentin yarısının uşaqların hesabına köçürülməsini xahiş etsə də, məhkəmə belə qənaətə gəlir ki, bu hal uşaqların tərəflərin birgə yaşadıqları dövrdə və hazırda olan maddi təminatının aşağı düşməsinə səbəb ola bilər. Hazırda borclu tərəfindən 11 dekabr 2015-ci il təvəllüdlü X6 və 14 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ödədiyi alimentin tələbkar tərəfindən uşaqların ehtiyacları üçü deyil, digər məsrəflərə xərclənməsinə, ərizəsində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, ərizəsini həmin hallara uyğun əsaslandırmamış, ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-3035/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra qaydasının dəyişdirilərək, aliment məbləğinin 50 faizinin uşaqların depozit hesabına yönəldilməsi barədə borclu X3 ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3035/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra qaydasının dəyişdirilərək, aliment məbləğinin 50 faizinin uşaqların depozit hesabına yönəldilməsi barədə borclu X3 ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar