Məhkəmə qərarları › İş №8(007)-66/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-66/2022

24.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-66/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, X1 ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2652/2018 saylı mülki iş üzrə 14.12.2018-ci il tarixli qətnaməsi ilə qət edilmiş, X2 08.02.2006-cı il tarixdə doğulmuş X5 və 19.10.2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə tutulmalı olan 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin 01.01.2021-ci il tarixdən başlayaraq, indeksasiya edilməsi məqsədilə hər ay hər birinə 175 manat, cəmi 350 manat müəyyən olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edirəm ki, ərizə baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarında qeyd olunur ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar olur və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Bununla yanaşı, qanunverici vətəndaşların qanuni mənafeyinin müdafiəsini yönəlmiş indeksasiya institutunu məhz qanuni qüvvəyə minmiş və icra edilməmiş qətnaməyə münasibətdə tətbiqi şərtini müəyyən etmişdir. Çünki, bu qayda həmin maddədə birbaşa nəzərdə tutulmuşdur. Məhkəmə, ədalət mühakiməsinin qaçılmaz elementi olan, məhkəmə təfsirinin qanunvericinin normaya verdiyi məna ilə birbaşa uzlaşdığını nəzərə alaraq, qeyd edilən müddəanın tam icra olunmuş qətnaməyə münasibətdə tətbiq edilməsini yolverilməz sayır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq ayrı-ayrı vaxtlarda yaşayış minimumu haqqında normativ-hüquqi aktlar qəbul edilmişdir. Yuxarıdakıları əsas kimi göstərərək alimentin həcmi ilə razılaşmayan fiziki şəxslər qanunvericiliyin tələblərinə əsasən onun artırılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, əriəçinin ərizəsi mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar