Məhkəmə qərarları › İş №8(007)-85/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-85/2024

02.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-85/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-345/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətsizliyindən şikayət ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Tələb :

1. X1 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-345/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətsizliyindən şikayət ərizəsi ilə Bakı şəhər Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-345/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, X5 cavabdeh "xxxx" MMC-yə və üçüncü şəxs "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-345/2019 saylı, xx.xx.2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş R.N.Mustafayeva ilə "xxxx" MMC arasında bağlanmış 10 noyabr 2011-ci il tarixli "mənzil tikintisi haqqında" müqavilədə göstərilmiş mənzilin ölçülərinə müvafiq (68 kv.m sahəsi olan 1 otaqlı mənzil) digər mənzilin X3 verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Maraqlı şəxs icra məmuru Yaqub Məmmədov tərəfindən xx.xx.2019-cu il tarixli "icraata başlamaq haqqında" qərar qəbul edilmişdir. Eyni tarixdə icraata başlamaq haqqında qərar əlavə edilməklə icra sənədinin könüllü icra edilməsi haqqında bildiriş borclu təşkilata göndərilmişdir. Tələbkar nümayəndəsi vasitəsilə icra sənədinin icrası ilə bağlı vəziyyət barədə məlumat almaq, eyni zamanda icra sənədinin qanuna müvafiq şəkildə icra edilməsini təmin etmək məqsədilə aidiyyəti üzrə müraciət etmiş, müraciətə cavab olaraq (xx.xx.2021-ci il tarixli) qərarın icrası istiqamətində tədbirlərin davam etdirildiyi qeyd edilmişdir. Lakin keçən müddət ərzində qətnamənin icrası təmin edilməmişdir. İddiaçının məhkəməyə müraciət etməkdə məqsədi pozulmuş hüququnu bərpa etməkdən ibarətdir. Cavabdeh (borclu) müqavilə üzrə öhdəliyini icra etməyərək iddiaçının (tələbkarın) mülkiyyət hüququnu pozmuşdur. İddiaçı əvəzini ödəməklə əldə etməli olduğu mənzilə sahiblik edə bilmir. Mənzil başqa şəxsə təkrarən satılmış, əvəzində iddiaçıya başqa mənzil verilməmişdir. Məhkəmənin yuxarıda göstərilən qətnaməsi cavabdehin üzərinə məhz belə bir məzmunda öhdəlik qoymuşdur. Lakin hazırki vəziyyətdə qətnamənin icra edilməməsi mülkiyyət hüququnun pozuntusu ilə yanaşı ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna səbəb olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktının icrası məhkəmə baxışının tərkib hissəsidir və qətnamənin icra edilməməsi məhkəmə baxışının başa çatdırılmamasına bərabərdir. Bu isə məhkəməyə müraciət hüququnu əhəmiyyətsiz edir.

İş materialları :

3. Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarına və “tələbin könüllü icrası haqqında” bildirişə əsasən müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-345/2019-011 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi həmin tarixdə icraata qəbul edilərək icraata başlanılmış və borclu "xxxx" MMC-yə tələbin icrası üçün 10 gün könüllü icra müddəti verilmişdir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin böyük məsləhətçisi Mirnağı Seyidovun vətəndaş Rəqiyyə Mustafayevaya ünvanlandırdığı xx.xx.2021-ci il tarixli,xx/xx-13444 nömrəli məktubunun surətindən görünür ki, tərəf olduğu icra sənədi üzrə Maraqlı şəxsndə qanunamüvafiq qaydada icraata başlanılaraq zəruri icra tədbirlərinin həyata keçirildiyi, məhkəmə qərarının icrası istiqamətində tədbirlərin davam etdirildiyi və icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən aidiyyəti məhkəməyə şikayət vermək hüququnun olduğu qeyd edilmişdir.

5. MN ******* saylı, xx.xx.2024-ci il tarixli “inzibati xəta haqqında” protokola əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin rəhbəri X4 barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir.

6. Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-1375/2024 saylı qərarına əsasən müəyyən edilir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır.

7. X2 Bakı şəhər Nizami rayon İcra Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-345/2019-011 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi barədə xəbərdar olduğunu, icra sənədi üzrə tələbi imkanı olmadığı üçün bugünədək tam şəkildə icra etmədiyini, icra sənədi üzrə tələbi imkanı olanda tam şəkildə icra edəcəyini bildirmiş, həmçinin adında rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlakın, aidiyyəti təşkilatalarda qiymətli kağızlarının və əmanətlərinin olmadığını qeyd etmişdir.

Tərəflərin mövqeləri:

9. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.

10. Borclu və icra məmuru məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

11. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə icra məmuru və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikasının Konstitusiyası :

129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. 129.İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

14. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu :

3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 2 6 . İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 70.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. 70.3. Bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir.

15. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunu:

7. icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun vəzifəsidir.

16. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu :

5. Məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Məhkəmənin mövqeyi :

17. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, tərəfi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ərizə əsalı olduğundan təmin edilməlidir.

18. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmələr tərəfindən verilmiş icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə, bütövlükdə məhkəmə qərarlarının icrası üzrə icraata nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

19. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-345/2019-011 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi xx.xx.2019-cu il tarixdə icraya yönəldilmiş, Maraqlı şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə icra sənədi icraata qəbul edilərək icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş göndərərək tələbin 10 gün müddətində könüllü icra olunması təklif edilmiş, tələb könüllü icra edilməmiş, lakin icra məmuru tərəfindən 2024cü ilin fevral ayınadək məcburi icra tədbirləri görülməmiş, nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır.

20. Belə ki, yalnız 2024-cü ilin fevral ayında borclu "xxxx" MMC-nin rəhbəri barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir.

21. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir.

22. İcra haqqında qanunvericiliyə əsasən icra sənədi icraata daxil olduqdan sonra icra məmuru 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edərək tərəflərə göndərir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Borclu tərəfindən tələb könüllü icra müddətində icra edilmədikdə icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Borclu tərəfindən tələb könüllü icra edilmədikdə icra haqqında qanunvericilikdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə məsuliyyət tədbirləri müəyyən edilmişdir.

23. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-345/2019-011 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək üçün icra məmuru tərəfindən uzun müddət ərzində heç bir icvra tədbiri görülməmiş, yalnız bildirişin göndərilməsi ilə kifayətlənilmişdir.

24. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarları).

25. Konstitusiya Məhkəməsinin Plenumu habelə qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı).

26. Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı).

27. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar).

29. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Əhmədov Və Başqaları Azərbaycana Qarşı” 28 mart 2019-ci il tarixli qərarında qeyd edilmişdir ki, “hazırkı şikayətlərdə olan yerli məhkəmə qərarlarında müvafiq tədbirlərin görülməsi barədə göstəriş verilmişdir. Məhkəmə, bu səbəbdən, hesab edir ki, sözügedən yerli məhkəmə qərarları Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” təşkil edirlər”.

31. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli qərarında olan hüquqi mövqeyi qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.

32. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-345/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin borclu tərəfindən icra edilməməsi və bunun ilə əlaqədar icra məmuru tərəfindən icra sənədinin vaxtında və düzgün şəkildə icra edilməsinə nəzarət etməməsi, habelə icra sənədi ilə bağlı lazımı tədbirlərin görülməməsi tələbkarın hüquqlarının pozulması ilə nəticələnmişdir.

33. Beləliklə, məhkəmə qeyd edir ki, məhkəmə qərarlarının məcburi icrasını həyata keçirən icra məmuru icraata daxil olmuş icra sənədinin vaxtında, tam və düzgün icra edilməsi üçün bütün zəruri icra hərəkətləri həyata keçirməli və tədbirlər görməlidir. Lakin hazırkı işin yuxarıda göstərilən hallarından da göründüyü kimi, icra məmuru icra sənədinin icrasını təmin etmək üçün zəruri icra hərəkətlərini yerinə yetirməmiş, bununla da “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur.

Nəticə :

34. Beləliklə, məhkəmə qeyd edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-345/2019-011 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin icra edilməməsi qanunsuz hesab edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 268, 269.1, 269.3, 395 və 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

Ərizə təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-345/2019-011 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməsi qanunsuz hesab edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar