Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-142/2024 26.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5119/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X1 təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından digər ölkəyə getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X4 təqdimatı müdafiə edərək onunla əsaslandırdı ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5119/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 424.854 ABŞ dolları məbləğində pul vəsaiti və 1012,25 manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə borcluya təqdim edilmiş, icra sənədi üzrə tələbin məcburiliyi borcluya bildirilmişdir. Lakin hazırkı vaxtadək tələb təmin edilməmiş, borclu ödəməli olduğu puldan heç bir ödəniş etməmişdir. Borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara və elektron-icra informasiya sistemi vasitəsilə sorğular göndərilmişdir. Lakin borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Tutulmalı olan pul məbləğinin də miqdarını nəzərə alaraq, icra məmuru təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilmələrinə baxmayaraq, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Borclu xx.xx.2024-cü il tarixli ərizə və xx.xx.2024-cü il tarixli vəsatətlə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5119/2022- 086 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X5 424.854 ABŞ dolları məbləğində pul ödəməlidir. Həmin qətnamə xx.xx.2017-ci il tarixdə X3 hədə və qorxusu nəticəsində, məcburi imzaladığı borc müqaviləsinə əsasən qəbul edilmişdir. Məlumat üçün qeyd edir ki, A.Əhmədov bu işə görə keçmiş Xətai rayon prokuroru Yusif İldırımzadənin tapşırığı ilə Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, xx.xx.2017-ci il tarixdə onu həbs etdirdikdən sonra, Kürdəxanı təcridxanasında ona, həmçinin ailə üzvlərinə edilən təzyiqlərdən sonra, həbsdən azad olunmağı üçün məcbur olub, həmin məzmunda borc müqaviləsini imzalamışdır. Əgər borc müqaviləsinin tarixinə nəzər yetirilsə, aydın müəyyən etmək olar ki, ona qaldırılmış cinayət işi həmin borc müqaviləsinə imza atdığı tarixdən sonra xitam verilmişdir. A.Əhmədov xx.xx.2017-ci il tarixli ərizə ilə Xətai RPİ-nə müraciət etmişdir. Onun həmin ərizəsinə nəzər yetirilsə, müəyyən etmək olar ki, o, özü etiraf edir ki, ona 247.500 manat pulu borclu ödəmişdir. Borclunun ona olan borcu da həmin məbləğ olmuşdur. Hazırda verilmiş icra sənədi üzrə Sabunçu rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Amil Əmirov tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında qərarın surətini bildirişlə bərabər qəbul etmişdir. Sözügedən məhkəmə qərarını icra etməkdən imtina etmir, amma icra sənədində qeyd edilmiş məbləği tam ödəməyə maddi imkanı yoxdur. Hazırda 83 saylı MKİS-də fəhlə işləyir, əmək haqqı 365 manat təşkil edir. Bundan başqa gəliri yoxdur. Həyat yoldaşı da işləmir, himayəsində iki azyaşlı uşağı var. Anası vəfat etmiş, xəstə atası isə onunla qalır. Çalışacaq ki, tələbkara olan borcunu hissəhissə ödəsin. Buna baxmayaraq, icra məmuru A.Əmirov məhkəməyə təqdimat vermişdir ki, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Hesab edir ki, həmin təqdimat İnsan Hüquqları və X2 haqqında Konvensiyaya dair müvafiq Protokolun tələblərinə ziddir. Çünki “İcra haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən tələbkarın tələbi onun əmək haqqına yönəldilə bilər. Bu, Qanunun tələbi olduğu halda, böyük icra məmuru A.Əmirov buna riayət etməyərək, məhkəmənin iş yükünü artıraraq, təqdimat vermişdir. Bu ciddi pozuntudur. Həmçinin bildirir ki, icra məmuruna dəfələrlə həm rəsmi, həm də şifahi məlumat verərək, Bakı şəhəri 83 saylı MKİS-də fəhlə işlədiyini, əmək haqqının 365 manat təşkil etdiyini, heç bir əmlakı və ya digər gəlirinin olmadığını bildirmiş və icra sənədi üzrə tələbin əmək haqqına yönəldilməsinə razı olmuşdur. Eləcə də, hər dəfə icra məmrunun bütün çağırışlarına gəlmişdir. Bildirir ki, onun və arvadının adına olan əmlakın müəyyən edilməsi üçün yerli icra qurumundan verilmiş sorğulara tam cavab verilmədiyi halda, sözügedən təqdimat məhkəməyə verilmişdir. Hətta, o, öz şəxsiyyət vəsiqəsinin surətini, arvadının şəxsiyyət vəsiqəsinin surətini və nikah haqqında şəhadətnaməsinin surətini, işə düzəldiyi əmrin surətini və əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin surətini yerli icra qurumuna təqdim etmişdir ki, həmin sənədləri icra məmuru əldə etmək üçün çox zaman sərf etməsin. Hesab edir ki, əmlak vəziyyətinin tam yoxlanılması üçün icra məmuru tərəfindən verilmiş sorğuların cavabını gözləmək lazım idi ki, “İcra Haqqında” Qanunun 84-1.1 -ci maddəsində göstərilən “üzrsüz səbəb” sübut edilsin. xx.xx.2017-ci il tarixdə 6 saylı notariat ofisində təsdiqlənmiş “Borcun etirafı haqqında müqavilə” əsasında Xətai Rayon Məhkəməsinin 2(011)-5119/2022-086 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Həmin müqaviləsindən sonrakı dövrdə tələbkara xeyli miqdarda pul ödəmişdir. Bildirir ki, tələbkarın sifarişi ilə bu təqdimat verilmişdir. Ona qarşı bu yönümlü təzyiqlər davam edəcəyi təqdirdə, yəqin ki, intihar edəcəkdir. Borclu məhkəmənin müvafiq icra işi ilə tanış olması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, icra məmurunu dinləyib, icra işini nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5119/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 424.854 ABŞ dolları məbləğində pul vəsaiti və 1012,25 manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. - İcraata başlamaq haqqında qərarın surəti xx.xx.2023-cü il tarixdə borcluya təqdim edilmişdir. - Borclu Sabunçu Rayon İcra Şöbəsində verdiyi izahatında bildirmişdir ki, icra vərəqəsində qeyd olunan məbləği tam şəkildə ödəyə bilmir. Həmin məbləğin ödənilməsi ilə bağlı tələbkarla razılığa gəlməsi üçün 2024-cü ilin yanvar ayınadək vaxt verilməsini xahiş etmişdir. - Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5119/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi Mənzil-Kommunal Təərrüfatı Birliyinə icra olunması üçün göndərilmişdir. - Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə Sabunçu rayonu ərazisində mövcud olan bələdiyyələrdən borcluya bələdiyyə tərəfindən torpaq ayrılıbayrılmaması barədə rəsmi məlumat verilməsi xahiş ounmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. Həmin Məcəllənin 5.2 və 15.3-cü maddələrinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5119/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, təqdimat təmin edilərək, xx.xx.1978-ci il tarixdə doğulmuş, Borclu ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5119/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu – xx.xx.1978-ci il tarixdə doğulmuş, Bakı şəhəri, Sabunçu rayonu, Vişyovka-2 bağ sahəsi, 212 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №8(008)-142/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-142/2024
26.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver