Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-327/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2692/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, qətnaməsinin hissə-hissə icra olunması barədə Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2692/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2390 (iki min üç yüz doxsan) manat əsas, 44 (qırx dörd) manat dövlət rüsumu olmaqla, cəmi 2434 (iki min dörd yüz otuz dörd) manat məbləğində borc tutulması qət edilmişdir. Hazırda Borclu məhkəməyə ərizə ilə müraciət edərək, əmək haqqına yönəldirilən kredit borcunu hissəyə bölünməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Yoldaşı 1-ci qrup gözdən əlildi və kirayə qalırlar. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar, habelə icra şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmirlər. Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri araşdırıb, belə qənaətə gəlir ki, qətnamənin hissə-hissə icra olunması barədə ərizə rədd edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Belə ki, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 12 və 13-cü bəndlərinə görə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmə bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Möhlətin müddətini, hissə-hissə icranın ayrı-ayrı hissələrinin məbləğini və ya miqdarını, hissələrinin dövriliyini müəyyən edərkən ağlabatanlıq və ədalətlilik meyarlarını rəhbər tutmalıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 №-li Qərarının 6-cı bəndinə görə Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Həmçinin qətnamənin hissəs-hissə icra olunması ilə bağlı buna tələbkarın razılığı nəzərə alınmalıdır. İş materiallarında tələbkar "xxxx" MMC-nin belə bir razılıq ərizəsi yoxdur. İcra işinə əlavə olunan materiallardan görünür ki, Borclu “X1 LTD” Şirkətinin Azərbaycan Respublikasındaki Fillialında işləyir. Əmək haqqı 1106,67 manat təşkil edir. Nəticə olaraq məhkəmə bu qənaətə gəlir ki, borclunun ərizəsini əsaslandırarkən istinad etdiyi maddi vəziyyətinin ağır olması, heç yerdə işləməməsi kimi hallar qətnamənin hissə-hissə icra olunmasını şərtləndirən müstəsna hallar kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2692/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamənin hissə-hissə icra olunması barədə Borclu ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №8(008)-327/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-327/2024
06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver