Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-432/2024 07.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, X1 “icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğvi və icra məmurunun üzərinə öhdəliyin qoyulması”na dair şikayətini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: X2 məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icraata xitam verilməsi barədə 17913/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Amil Əmirovun üzərinə icra hərəkətlərinin yenidən vəzifə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayətin qəbulundan imtina edilməlidir. Belə ki, hazırkı şikayətə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Məhkəmə qaydasında qətnamənin icrasına möhlət verilməsi, qətnamənin hissə-hissə icra edilməsi, onun icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı ərizələrə, habelə qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə baxır. Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə inzibati məhkəmələr baxırlar. Ərizədən də göründüyü kimi, ərizəçi nəticə etibarilə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsini və Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Amil Əmirovun üzərinə icra hərəkətlərinin yenidən davam etdirilməsi vəzifəsinin qoyulmasını xahiş edir. Odur ki, hazırkı tələblə bağlı ərizəçiyə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 “icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğvi və icra məmurunun üzərinə öhdəliyin qoyulması”na dair şikayətinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №8(008)-432/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-432/2024
07.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver