Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-619/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Borclu X1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1236/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı icra məmuru Gülzar Hüseynovanın hərəkətsizliyinin və həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə borclu X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu X3 məhkəməyə şikayət ilə müraciət edərək, Sabunçu rayon İcra şöbəsinin icra məmuru Gülzar Hüseynovanın e-2(008)-1236/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə başlanılmış icraatın dayandırılması ilə bağlı hərəkətsizliyinin və həmin icra sənədi üzrə icra hərəkətlərinin xx.xx.2024-cü il tarixə təyin edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-1236/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdə icraata başlanılmış və tələbin könüllü icrası haqqında onun ünvanına bildiriş göndərilmişdir. Qeyd olunan icra sənədinə əsasən iş üzrə Tələbkar onun yaşadığı Sabunçu rayonu ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir. Qeyd olunan icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildirişi aldıqdan dərhal sonra onun tərəfindən xx.xx.2024-cü il tarixdə vəsatətlə Sabunçu rayon icra şöbəsinin icra məmuru Gülzar Hüseynovaya müraciət olunaraq sözü gedən icra sənədi üzrə başlanılmış icraatın məcburi qaydada dayandırılması xahiş olunsa da, icra məmur tərəfindən onun həmin vəsatətinə baxılmamış və bu barədə ona hər hansı məzmunda cavab verilməmiş (ünvanına cavab məktubu göndərilməmişdir). Lakin, qeyd olunan vəsatətinə mahiyyəti üzrə baxıb qərar qəbul etmək əvəzinə icra məmuru Gülzar Hüseynova guya onun çağrışlarına getmədiyi əsası ilə məcburi qaydada gətirilməsi barədə Sabunçu Rayon Məhkəməsinə əsassız təqdimat vermişdir. Sabunçu Rayon Məhkəməsinin 8(008)-584/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məcbur gətirilməyə dair Sabunçu rayon İcra şöbəsinin icra məmuru Gülzar Hüseynovanın təqdimatı əsassız olduğunda rədd edilmişdir. Sabunçu rayon İcra şöbəsinin icra məmuru Gülzar Hüseynovanın məcburi gətirilməyə dair təqdimatın verilməsi və icra icraatının dayandırılmasına dair vəsatətinə baxılıb cavab verilməməsi, habelə həmin vəsatətin təmin edilməməsi hissəsində hərəkət və hərəkətsizliyi qanunsuz hesab edilməli və nəticə etibarı ilə icra icraatı məcburi qaydada dayandırılmalıdır. Belə ki, yuxarıda qeyd olunan icra sənədinin predmetini təşkil edən Sabunçu rayonu ünvan 2 ünvanında yerləşən mənzil ilə bağlı hazırda Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudovanın icraatında “Miras əmlak Sabunçu rayonu ünvan 2 ünvanında yerləşən mənzildə payların naturada bölgüsü, bölgü mümkün olmadıqda mənzildə payların qiymətləndirilməsi, kompensasiya verilməklə mülkiyyət və istifadə hüququna xitam verilməsi” tələbinə dair e-2(008)-221/2024 saylı iş vardır, habelə həmin iş üzrə məhkəmə tikinti texniki və məhkəmə əmtəşünaslıq ekspertizaları təyin edildiyindən mülki iş üzrə icraat dayandırılmışdır. Buna görə də, Sabunçu Rayon Məhkəməsinin icraatındakı hazırkı icra sənədinin predmeti ilə bağlı olan “Miras əmlak Sabunçu r-nu ünvan 2 ünvanında yerləşən mənzildə payların naturada bölgüsü, bölgü mümkün olmadıqda mənzildə payların qiymətləndirilməsi, kompensasiya verilməklə mülkiyyət və istifadə hüququna xitam verilməsi” tələbinə dair e-2(008)-221/2024 saylı mülki işə baxılıb mahiyyəti üzrə qətnamə qəbul edilənədək “İcra Haqqında” Qanunun 17.1.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə icraatına başlanılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin e-2(008)-1236/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra icraatı məcburi qaydada dayandırılmalıdır. Lakin, buna baxmayaraq icra məmuru qanunsuz olaraq qeyd olunan icra sənədi üzrə icra icraatını qərəzli olaraq dayndırmır və qanunsuz olaraq barəmdə məcburi icra tədbirlərini həyata keçirir. Belə ki, sonuncu dəfə xx.xx.2024cü il tarixdə icra məmurunun təqdimatı əsassız olduğundan təmin edilmədiyi üçün icra məmuru Gülzar Hüseynova ona qarşı daha da aqresiv və qərəzli münasibət göstərərək mənzilə köçürülmə tələbi ilə bağlı yuxarıda qeyd etdiyi icra sənədinin məcburi icrasını xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin etmişdir. İcra məmuru Gülzar Hüseynova icra qanunvericiliyinin tələblərini deyil, icra işinin son nəticəsindəki maraqlarını rəhbər tutaraq onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmaqda davam etmişdir. Məhkəmə iclasında iştirak edən X3, onun nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək bildirmişlər ki, icra sənədi ilə hazırda icraatda olan mülki işin predmeti eynilik təşkil etdiyindən yekun məhkəmə qərarı qəbul edilənədək icra sənədi üzrə icraat dayandırılmalı olsa da, icra məmuru icraatı dayandırmır və icra hərəkətlərini davam etdirir. Odur ki, sonuncunun müvafiq hərəkət və hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara və icra məmuruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, icra sənədi üzrə icraatın dayandırılması üçün əsaslar mövcud deyildir. İcra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat dayandırılmalıdır. İcra sənədinə əsasən tələbkar mübahisə edilən mənzilə köçürülməli olduğu halda, hazırda Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icratında olan e-2(008)- 221/2024 nömrəli mülki iş üzrə iddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsi 36, 1 saylı mənzilin paylı mülkiyyətdə ½ hissəsinin dəyərinin müəyyən edilməsi, əvəzi ödənilməklə mülkiyyət və istifadə hüququna xitam verilməsidir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 1236/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Tələbkar ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 1236/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə iddiaçı Tələbkar ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməlidir. İş materiallrında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icraata başlamaq haqqında qərar həmin bildirişlə birlikdə borclu X2 göndərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 3350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh Tələbkar qarşı “paylı mülkiyyətdə olan əmlakın dəyəri ödənilməklə mülkiyyət və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. 18.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: 18.1.1. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda; 18.1.6. tələbkarın müvafiq xahişi olduqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Həmin Məhkəmənin «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və həmin qərarlarında məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1236/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı icra məmuru Gülzar Hüseynovanın hərəkətsizliyinin və həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə borclu X1 şikayəti təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №8(008)-619/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-619/2024
16.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver