Məhkəmə qərarları › İş №8(008)-751/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-751/2023

22.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-751/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-9396/2016 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Səbirə Məmmədovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-9396/2016 saylı icra sənədinə əsasən, Borclu 967 manat borc və 21 manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-yə ödənilməlidir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Səbirə Məmmədova məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, sözügedən icra sənədi xx.xx.2017-ci il tarixdə şöbəyə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunub, bildirişlə birlikdə borcluya göndərilmişdir. “Elektron icra informasiya sistemi”ndən əldə olunmuş sorğu məlumatına əsasən, Borclu mülkiyyətində “Opel Astra” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən icra məmuru sözügedən icra sənədinin icrasını təmin etmək üçün həmin avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş borclu, tələbkar və Sabunçu rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarından görünür ki, “Opel Astra” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Təqdimatın məzmunu və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu göstərilən məbləği könüllü icra üçün müəyyən olunmuş müddətdə ödəməməklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-9396/2016 saylı icra sənədini icra etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən icra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu mülkiyyətində olan “Opel Astra” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 44.1.3-cü və 44.2-ci maddələrinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasıdır. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-9396/2016 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu mülkiyyətində olan “Opel Astra” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar