Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(009)-162/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə X1 Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-750/2022 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-750/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvana dair iddiaçı X3 abunə hesabına (**********00010) yazılmış 3177 (üç min yüz yetmiş yeddi) manat məbləğində borc silinməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4701/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-750/2022 saylı, xx.xx.2022-ci il tarixli saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-750/2022 saylı, xx.xx.2022-ci il tarixli saylı qətnaməsi qanuni qüvvəsini almışdır.Lakin cavabdeh məhkəmə qətnaməsi üzrə icranı lazımi qaydada təmin etməkdən müxtəlif vasitələrlə boyun qaçırır. Ərizəyə əlavə olunmuş, cavabdeh tərəfindən tərtib edilmiş 09.2022-ci il tarixli Abonent Saldosundan göründüyü kimi ona qarşı tətbiq edilmiş cərimə sanksiyası ilə bağlı bu günə qədər ondan 1090 manat pul tutulmuşdur və məhkəmə qətnaməsindən sonra, ondan əsassız tutulmuş bu pul məbləği geri qaytarılmalıdır. Bununla bağlı cavabdehin özünün şifahi göstərişi ilə onlara etdiyi xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ərizəmüraciətlərinə onlar tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli məktubda ona bildirilmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)-750/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsinin icra olunması haqqında xx.xx.2022-ci il tarixli, SOCAR**********10210033AC00251 nömrəli müraciətinizə Bakı Regional Qazın Satışı Departamentində baxılmış və Səbail rayon Məhkəməsinin 2(009)-750/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi bundan əvvəl daxil olmuş və icra vərəqəsi üzrə tələblər “Azəriqaz ” İB (**********00010 əhali istehlakçısı üzrə) tərəfindən icra edilmişdir. Göründüyü kimi tutulmuş pulun geri qaytarılması qətnamədə qət edilməmişdir. Cərimə tətbiq edildikdən sonra, məhkəmə qətnaməsi qanunİ qüvvəsini aldığı günə kimi ona tətbiq edilmiş cərimə məbləğindən 1090 manat tutma həyata keçirilmişdir və məhkəmə qətnaməsindən sonra bu məbləğ ona geri qaytarılmalı idi. Lakin, ondan əsassız olaraq tutulmuş bu məbləği ona geri qaytarmaq əvəzinə, bu məbləğ cavabdeh tərəfindən onun adına olan qaz istehlak kartıma yüklənmişdir. O, bundan sonra 1090 manatlıq qaz istehlak edərsə bu həmin kartdan silinəcəkdir. Halbuki, ondan əsassız olaraq tutulmuş bu məbləğ ona geri qaytarılmalıdır və o bundan sonra istifadə etdiyi qazın pulunu dövri olaraq ödəməlidir. Onların qəbulunda olub məsələni araşdırarkən ona bildirilmişlər ki, məhkəmə qətnaməsində tətbiq edilmiş cərimə məbləği, əsassız hesab olunaraq silinsə də ondan tutulan pulun geri qaytarılması göstərilməmişdir, ona görə də, belə bir addım atılmışdır. Bəhanə olaraq isə tutulmuş borc məbləğinin geri qaytarılmasının zəruriliyinin məhkəmə qətnaməsində göstərilmədiyi gətirilir. Dəfələrlə məhkəmə qətnaməsinə müvafiq olaraq ondan əsassız olaraq tutulmuş 1090 manat pulun, məhz onların özlərinin sifarişi ilə açdığı karta, ona qaytarılmasını tələb etsə də, cavabdeh bundan boyun qaçırmaqda davam etmişdir. Nəhayət məcbur qalaraq, Səbail rayon məhkəməsinə müraciət etməklə, çıxarılmış xx.xx.2022-ci il tarixli qətnaməyə, ondan əsassız tutulmuş 1090 manat məbləğin ona geri qaytarılmasının təmin edilməsinin zəruriliyi barədə izah verilməsini xahiş etmək zərurətində qalmışdır. Səbail rayon Məhkəməsi bununla bağlı çıxardığı xx.xx.2022-ci il tarixli qərardadında aşağıdakıları göstərməklə qətnaməyə izah verilməsinə zərurətin olmaması əsasları ilə ərizəni təmin etməmişdir. Qətnamədə izah olundu ki, məhkəmə qətnaməsi ilə X3 abunə hesabına (**********00010) tətbiq olunmuş 3177 (üç min yüz yetmiş yeddi) manat məbləğində borcun silinməsi qət edilmişdir. X2 artıq tutulmuş 1090 manat məbləğində pulun istehlakçıya qaytarılmalı olduğu halda onun adına olan qaz istehlak kartına yüklənməsi əsassız həyata keçirilmişdir. Yəni, “Azərqaz” İB tərəfindən 1090 manat məbləğində pulun qaz istehlak kartına yüklənməsinin heç bir hüquqi əsası mövcud deyil. Bununla yanaşı, “Azərqaz” İB tərəfindən tələbkarın qeyd olunan qanuni tələblərini yerinə yetirməməsi məhkəmə qətnaməsinə izah verilməsi yolu ilə həll edilə bilməz və ayrıca məhkəmə baxışının predmetidir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən, ondan artıq tutulmuş 1090 manat məbləğində pulun istehlakçıya qaytarılmalı olduğu halda, onun adına olan qaz istehlak kartına yüklənməsi əsassız həyata keçirilmişdir. Yəni, “Azərqaz” İB tərəfindən 1090 manat məbləğində pulun qaz istehlak kartına yüklənməsinin heç bir hüquqi əsası mövcud deyil. Göstərilənləri nəzərə alaraq, ərizəçi Azəriqaz İB-yi və Bakı Regional Qazın Satışı Departamenti tərəfindən Səbail rayon Məhkəməsinin qətnaməsinin icrası ilə bağlı icra üsulunun dəyişdirilərək, ondan əsassız olaraq tutulmuş 1090 (min doxsan) manat pulun onun qaz istehlak kartına yüklənməsi barədə qərarının əsassız olduğu və həmin məbləğin, onun şəxsi kartına yüklənmsinin təmin edilməsi vəzifəsinin Bakı Regional Qazın Satışı Departamentinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış X1 ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs «Azəriqaz» İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə ilk növbədə ərizədə xahiş olunan məsələyə hüquqi qiymət verməmişdən əvvəl mülki hüquq münasibətləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, əşya hüququ əmlak münasibətləri subyektlərinə, yəni fiziki şəxslərə, hüquqi şəxslərə, dövlətə və bələdiyyəyə əşyanın (əmlakın) məxsusluğu ilə əlaqədar olan münasibətləri nizama salan mülki hüquq normalarının məcmusudur. Subyektiv mənada əşya hüququ konkret subyektin əmlak dövriyyəsinin maddi obyekti kimi əşya barəsində olan hüquqdur. Yəni əşya hüququ bu hüququ əldə edən şəxsin hər hansı digər şəxsdən asılı olmadan əşyaya bilavasitə təsir etmək imkanını ifadə edir və bu hüququn sahibi əşya üzərində müstəsna yiyəlik ixtiyarına və səlahiyyətinə malik olur. Mülki qanunvericilik əşya hüququnun dairəsini müəyyən edir. Bura mülkiyyət hüququ və mülkiyyətçi olmayan şəxslərin hüquqları aiddir. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik səlahiyyəti əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik səlahiyyəti qanunla müəyyən edilən və qorunan elə bir imkandır ki, bununla əşyaya faktiki cəhətdən yiyələnmək təmin edilir. İstifadə səlahiyyəti əmlakdan (əşyadan) onun faydalı təbii xüsusiyyətlərini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi təlabatını ödəyir. Sərəncam səlahiyyəti əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququnun obyektlərinin dairəsi kifayət qədər genişdir. Pul, qiymətli kağızlar, daşınmaz əmlak və s. mülki hüququn obyektləridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Məmməd Səfərovun abunə hesabına əsassız yazılmış 3177 manat borcun silinməsi qət edilsə də, M.Səfərov tərəfindən “Azəriqaz” İB-nın hesabına artıq 1090 manat məbləğində ödəniş həyata keçirilmiş, yuxarıda qeyd edilən məhkəmə qətnaməsinin icrası zamanı həmin pul məbləği M.Səfərovun abunə kartına yüklənmişdir. Ərizəçi həmin pul vəsaitinin onun şəxsi hesab kartına yüklənməsi barədə icra üsulunun dəyişdirilməsini xahiş edir. Məhkəmə yuxarıda əşyaya (əmlaka) dair mülkiyyət hüququ ilə bağlı qeyd etdiyi halları nəzərə alaraq hesab edir ki, 1090 manat məbləğində pul vəsaiti M.Səfərovun mülkiyyət hüququnun obyekti olmaqla, həmin əmlak üzərində ona sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək kimi hüquqlarını müəyyən edir. Lakin həmin pul vəsaitinin abonentin istehlak kartına yüklənməsi həmin əmlak (pul vəsaiti) üzərində mülkiyyətçinin mülkiyyət hüququnun və öz iradəsinə uyğun istifadə imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Belə ki, mülkiyyətçi yalnız həmin vəsaitdən qazdan istifadə ilə əlaqədar yaranmış borcun qarşılanması məqsədilə istifadə etməlidir. İstehlakı isə ümumiyyətlə qaz təchizatından istifadə etməyə bilər və ya mülkiyyətində olan daşınmaz əmlakı da özgəninkiləşdirə bilər. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(009)-750/2022 saylı qətnaməsinin icrası ilə əlaqədar X4 tərəfindən “Azəriqaz” İB-nin hesabına ödənilmiş artıq 1090 manat pul vəsaitinin onun qaz istehlak kartına yüklənməsi ilə bağlı həyata keçirilən icra üsulu dəyişdirilməli və 1090 manat məbləğində pul vəsaiti X3 şəxsi kart hesabına köçürülməlidir. AR MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 231 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(009)- 750/2022 saylı qətnaməsinin icrası ilə əlaqədar X4 tərəfindən “Azəriqaz” İB-nin hesabına ödənilmiş artıq 1090 manat pul vəsaitinin onun qaz istehlak kartına yüklənməsi ilə bağlı həyata keçirilən icra üsulu dəyişdirilsin və 1090 manat məbləğində pul vəsaiti X3 şəxsi kart hesabına köçürülsün. Qərardadın icrası “Azəriqaz” İB-nə həvalə edilsin. Qərardaddan 10 gün ərzində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №8(009)-162/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №8(009)-162/2023
26.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver