Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-110/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru Teymur Bayramovun icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru Teymur Bayramov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2634/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-2634/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 7716.53 manat məbləğində pul Tələbkar xeyrinə tutulmalıdır. Sözügedən icra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olmuşdur. Elə həmin tarixdə müvafiq qaydada icraata başlanılaraq tərəflərə məlumat üçün göndərilmişdir. Lakin verilmiş müddətin bitməsinə baxmayaraq, borclu məhkəmə qərarı ilə üzərinə düşən öhdəliyi icra etməmişdir. Tələbin könüllü icrası üçün verilmiş 10 gün vaxtın keçməsinə baxmayaraq borclu tərəfindən icra sənədinin icrası ilə əlaqədar heç bir hərəkət görülməmişdir və hal-hazırkı vaxta qədər məhkəmə qərarı üzrə tələbkara 450 manat ödəniş edilmişdir. Elektron sistem vasitəsilə borcluya aid sərhədkeçmə məlumatlarına diqqət yetirən zaman Borclu ölkə sərhədindən tez-tez giriş-çıxış etdiyi görünür. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Borclu bildirdi ki, o, onkoloji xəstəliyi ilə əlaqədar müalicə almaq üçün bir neçə dəfə Türkiyədə və İranda olmuşdur. Gələcəkdə isə ola bilsin ki, Gürcüstan və Türkiyəyə getmək istəsin. Lakin hazırda maddi imkanı olmadığından xarici ölkəyə çıxmaq kimi bir planı yoxdur. Belə ki, onun iki azyaşlı uşağı var və uşaqlardan biri autizmlidir. Bu səbəbdən işləyə bilmir. Çünki işləsə, uşaqları bağçaya qoyması lazım gəlir, buna isə maddi imkanı yoxdur. Qətnamə üzrə ondan 7600 manat məbləğində pul tutulmuşdur. Bu puldan bir hissəsini ödəmiş, hazırda 6950 manat məbləğində borcu qalmışdır. Hər bir halda qeyd etdi ki, hazırda ölkə xaricinə çıxmağa maddi imkanı olmadığından təqdimatın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar və İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Belə olan halda məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, həmin (qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə) ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə borclunun izahatını dinləyib, təqdim edilmiş təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “...Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci mаddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə əsasən, vətəndaşın ölkədən getmək hüququ məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək məhdudlaşdırıla bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1-ci bəndinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı halda icra sənədi üzrə borclunun ölkədən çıxması icra sənədinin icrasını mümkünsüz edə bilər. Qanunvericilikdə göstərilən məhdudiyyətin qoyulması isə əksinə, icra sənədinin icrasının təmin edilməsi üçün əsas yarada bilər. Odur ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(010)-2634/2020 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası ilə bağlı tədbirlər görülməsi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №8(010)-110/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-110/2023
07.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver