Məhkəmə qərarları › İş №8(010)-115/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-115/2022

09.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-115/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(010)-1317/2019 saylı qətnaməsinin izah edilməsinə dair iddiaçı X3 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 cavabdehlər Borclu1, Borclu2 və X5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(010)-1317/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanından cavabdehlər Borclu1, Borclu2 və X4 çıxarılması qət edilmişdir. Bu qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri əsasında işə müvafiq instansiya məhkəmələrində baxılmış və yekunda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(010)-1317/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qətnamə icraya yönəldilmişdir. Hazırda qətnamə üzrə iddiaçı X3 ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1317/2019 nömrəli qətnaməsinin nəticə hissəsində “Bakı şəhəri, ünvan 1 ünvanından cavabdehlər Borclu1, Borclu2 və X7 çıxarılsınlar” ifadəsinin izah edilərək mənzilin cavabdehlər çıxarıldıqdan sonra ona təhvil verilməsi barədə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(010)-1317/2019 saylı qətnaməsi bu günə qədər icra olunmadığından və cavabdehlər mənzildən çıxarılmadığından o, istifadə hüququnun tanındığı mənzildən öz mülahizəsinə uyğun istifadə edə bilmir. İcra məmuru qətnamənin icrasının təmin edilməməsini onunla izah edir ki, mənzilin kimə təhvil verilməli olması qətnamədə göstərilmədiyindən bununla bağlı izah verilməlidir. Onun Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə qanuni istifadə hüququnun olması Orconikidze (hazırkı Suraxanı) rayonu Xalq Məhkəməsinin 2-79/1988 nömrəli, 19.12.1988-ci il tarixli qətnaməsi ilə tanınmış, habelə digər məhkəmə qərarları ilə müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08.11.2017-ci il tarixli qətnaməsi ilə onun həmin mənzilə köçürülməsi də qət edilmişdir. Bu, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 436/2021 nömrəli qərarı ilə də müəyyən edilmişdir. Ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə ərizəyə tərəflərin iştirak olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə qətnaməyə izah verilməsi barədə ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(010)- 1317/2019 saylı qətnaməsi ilə cavabdehlərin Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması qət edilsə də onlar mənzildən çıxarıldıqdan sonra mənzilin kimə təhvil verilməsi qeyd edilməmişdir. Bu isə qətnamənin icrasında qeyri-müəyyənlik yaratmışdır. Odur ki, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə qətnaməyə bununla bağlı izah verilməlidir. Məhkəmə qeyd edir ki, qаnunverici qəbul edilmiş qərar аydın və dəqiq оlmаdıqdа, həmçinin ziddiyyətli оlduqdа, işi həll etmiş hаkim tərəfindən qərarın məzmununu dəyişdirmədən оnun izаh edilməsini nəzərdə tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci mаddəsinə əsаsən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü mаddəsinə əsаsən, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnаməsi hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Plenumunun 24 noyаbr 2005-ci il tаrixli 4 nömrəli Qərаrının 14-cü bəndində göstərilmişdir ki, qətnаmə аydın və dəqiq olmаdıqdа, həmçinin ziddiyyətli olduqdа, işi həll etmiş hаkim (məhkəmə tərkibi) qətnаmənin məzmununu dəyişdirmədən onu izаh etməyə hаqlıdır. İşin hallarında görünür ki, iddiaçı X2 mübahisəli mənzildən istifadə hüququ tanınmışdır. Bununla, eyni zamanda mənzilin mülkiyyətçisi olmasa da iddiaçının mənzildə onun razılığı olmadan yaşayan cavabdehlərin mənzildən çıxarılmasını tələb etməyə subyektiv hüququnun olduğu da müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.3-cü maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Bu baxımdan X2 mənzil üzərində mülkiyyət hüququnun olmaması cavabdehlər mənzildən çıxarıldıqdan sonra mənzilin ona təhvil verilməsini istisna etmir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cavabdehlərin mənzildən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı olmuşdur. Yəni, məhz iddiaçı cavabdehlərin bu mənzildə onun razılığı olmadan yaşaması ilə pozulmuş hüquqlarının bərpası (cavabdehlərin mənzildən çıxarılması) üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən onun iddiası əsaslı hesab edilmişdir. Belə olan halda mənzil iddiaçıya təhvil verilmədən cavabdehlərin yalnız mənzildən çıxarılmasının təmin edilməsi ilə iddiaçının pozulmuş hüquqlarının (cavabdehlər mənzildən çıxmadığına görə pozulmuş mənzildən istifadə hüququnun) bərpası mümkün deyil. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(010)-1317/2019 saylı qətnaməsinin izah edilməsinə dair iddiaçı X3 tərəfindən verilmiş ərizə təmin edilməli, izah edilməlidir ki, iddiaçı X1 iddiası əsasında cavabdehlər Borclu1, Borclu2 və X4 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasının qət edilməsi ilə mənzilin cavabdehlər çıxarıldıqdan sonra iddiaçıya təhvil verilməsi də nəzərdə tutulur. Göstərilənlərə əsasən və MPM-in 230, 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(010)-1317/2019 saylı qətnaməsi onun məzmunu dəyişdirilmədən izah edilsin. Qətnamənin “iddiaçı X1 iddiası əsasında cavabdehlər Borclu1, Borclu2 və X4 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasının qət edilməsinin mənzilin cavabdehlər çıxarıldıqdan sonra iddiaçıya təhvil verilməsi” kimi başa düşülməli olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar