Məhkəmə qərarları › İş №8(010)-115/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-115/2024

21.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-115/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, X1 iştirakı ilə, Suraxanı Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli e-2(010)-1477/2024 saylı icra sənədinin icrası ilə əlaqədar X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli e-2(010)- 1477/2024 saylı qətnaməsi ilə tutulan borcun hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(010)- 1477/2024-012 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinin 50-100 manat civarında ödəməklə, icra olunması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(010)-1477/2024-012 saylı xx.xx.2024-cü il tarixli icra vərəqinə əsasən ondan 638.55 manat və 30 manat dövlət rüsumu pul vəsaitini iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutularaq ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi icraya yönəldilmiş və qətnamə icra olunması üçün Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Ərizəçi hal-hazırda rəsmi heç bir yerdə işləmir. Ailəsi ilə birlikdə yaşayır. Atası təzəlikcə rəhmətə gedib. Ailədə heç kim rəsmi işləmir. Ailəsi maddi çətinlik içərisindədir. Heç bir yerdən rəsmi gəlir yeri yoxdur. İcra şöbəsi tərəfindən ona qətnamənin icrası ilə bağlı 10 gün könüllü müddət verilmişdir. Hazırkı vəziyyətdə heç cür təyin olunmuş borcu tam olaraq bağlaya bilmir. Bu səbəbdən yuxarıda qeyd etdiyi kimi ailə və sosial vəziyyətini nəzərə alıb qətnamənin icrası ilə əlaqədar ona hər ay 50-100 manat civarında “Atabank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödəniş etməyi ilə əlaqədar hissəvi qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. X2 icra sənədinin hissə-hissə icrası barədə tələblərini araşdıraraq, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qətnamənin hissə-hissə icrası qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni qanunla müəyyən edilmiş müddətdə icra etməyə imkan verməsin. Qətnamənin hissə-hissə icrası müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Həmin Qərarının 13-cü bəndində isə göstərilir ki, məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. X3 məhkəmə iclasında qarşı tərəflə razılığa gəldiyini qeyd etməsinə baxmayaraq, bununla bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdi. İşdən görünür ki, qətnamə hissə-hissə icra olunarsa, borclunun qətnaməni icra etmək üçün hansı gəlir əldə edəcəyi yaxud əmlaka malik olacağı, eləcə də qətnamənin hansı hissələrdə və müddətdə hissə-hissə icra olunacağı konkret olaraq əsaslandırılmamış, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunan icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizənin dəlillərinə gəldikdə məhkəmə borclunun bu tələbini əsassız hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2(010)-1477/2024 saylı qətnaməsi ilə tutulan borcun hissə-hissə icra edilməsinə dair X2 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar