Məhkəmə qərarları › İş №8(010)-119/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-119/2024

22.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-119/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-108/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclu X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi

1. İcra sənədi üzrə borclu X4 ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-108/2023 saylı, 03 aprel 2023-cü il tarixli icra sənədinin hissə-hissə ayda 1000 (min) manat olmaqla icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, onun hal-hazırda daimi iş yeri yoxdur. 3 övladı var və ailəni təkbaşına saxlayır. Övladları azyaşlı olduğundan hal hazırda heç bir yerdə işləmirlər. Göründüyü kimi ailəsi onun öhdəsindədir. Maddi vəziyyəti qənaətbəxş deyil. Həmçinin, yuxarıda qeyd edilən torpaq sahəsinin satılması ilə bağlı əlindən gələni edir. Krediti götürən o deyil, lakin torpaq ona məxsusdur və o, bu işdə ziyana uğramışdır. Buna baxmayaraq borcun ödənilməsindən yayınmır. Torpaq satılanadək borcun hissəhissə ödənilməsi ilə bağlı qərarın verilməsi onun vəziyyətini az da olsa yüngülləşdirəcək.

Tərəflərin izahatları

2. İş üzrə borcluya, tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

3. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 15. Məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissə-hissə icrası Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. 231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı

Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi

6. Məhkəmə iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir.

7. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. İddia etmək hüququ məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İddianın təmin edilməsi hüququ isə iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Həmçinin məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

8. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 108/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh X2 15 noyabr 2019-cu il tarixli XDEN-00039- 05/19A saylı kredit müqaviləsi üzrə 50.292,76 manat əsas, 7479,27 manat faiz, 1000 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 58.772,03 (əlli səkkiz min yeddi yüz yetmiş iki manat üç qəpik) manat məbləğində borcun iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin X1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə (RX seriyalı 0272634) və Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə (RX seriyalı 0272608) yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin (RX seriyalı 0272634) ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat və Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin (RX seriyalı 0272608) ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş torpaq sahələri açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan məbləğdən 58.772,03 (əlli səkkiz min yeddi yüz yetmiş iki manat üç qəpik) manat məbləğində borcun iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan məbləğin müvafiq olaraq cavabdeh X3 qaytarılması, ipotekaya qoyulmuş torpaq sahələri satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Göründüyü kimi hazırki icra sənədi üzrə borcun X2 tutulması qət edilmiş, sadəcə olaraq, tələbin X1 mülkiyyətində olan torpaq sahələrinə yönəldilməsi və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması qət edilmişdir. Odur ki, X4 hazırki borc məbləğinin ödənilməsi barədə üzərinə öhdəlik qoyulmuş şəxs olmadığından və borclu kimi X5 olduğundan, yalnız X5 borcun hissə-hissə icra edilməsi barədə məhkəməyə müraciət edə bilər. X1 “borcun hissə-hissə icra edilməsi” barədə ərizəyə vermək kimi bir subyektiv hüququ yoxdur.

10. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-108/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclu X1 ərizəsi təmin olunmasın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar