Məhkəmə qərarları › İş №8(010)-120/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-120/2025

13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-120/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Tələbkar və borcu Borclu iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2024/2021 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasına dair icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2024/2021 nömrəli (hakim T.Mahmudova) qətnaməsi ilə iddiaçı X1 cavabdeh Borclu qarşı “aliment” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Borclu xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması, alimentin tutulması müddətinin 09 mart 2021-ci il tarixdən müəyyən edilməsi, Borclu 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Tələbkar ərizəsini belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2024/2Ö21 nömrəli qətnaməsi ilə cavabdeh Borclu birgə nikahdan anadan olmuş 03 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 175 manatla indiki çətin dövürdə uşağın gündəlik tələbatını, geyimini, sağlamlığını, maddi təminatını və digər xərclərinin ödənilməsi üçün kifayət etmir. Məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra keçən müddətdə ərzaq və gündəlik təlabat mallarının, o cümlədən kommnal xidmətlərin qiymətləri xeyli bahalaşmışdır, yaşayış minimumu uşaqları üçün dəyişmişdir. Uşaqlar böyüdükcə tələbatları artsa da, buna cavabdeh olan Borclu uşağa qarşı demək olar ki, heç bir diqqət və qayğı göstərmir. Hazırkı dövrdə uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəməkdə tək qadın olaraq çox çətinliklərlə üzləşirəm. Borclu isə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməklə öz valideylik borcunu bitmiş hesab edir. Məhkəmə qətnaməsi ilə aliment qət edildikdən keçən müddətdə şərait dəyişmiş, qət edilmiş alimentin miqdarı uşağın qanunla müəyyən edilmiş minimum həddə saxlanılması üçün kifayət etmir. Ona görə də alimentin məbləğinin indeksasiyalaşdırılmasına zərurəti yaranmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2024/2021 nömrəli qətnaməsində aliment sabit pul məbləğində müəyyən edilmişdir və ona görə də indeksasiya həyata keçirilməlidir. Məhkəmə iclasında dindirilən Tələbkar ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Borclu ərizəni qəbul edərək, izahatında ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(010)-2024/2021 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında (xx.xx.2024-cü il tarixli qərarla edilmiş dəyişikliklərdən sonra) qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əməkhaqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ali Məhkəmə Plenumunun əlaqəli qərarında, həmçinin qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə 2021-ci ildə qəbul edildiyindən və həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı 196 manat məbləğində təşkil etdiyindən qətnamə üzrə tutulan 175 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 (175/196) misli həddində indeksasiya olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qərardadla indeksasiya olunmuş alimentin tutulmasının əvvəli müvafiq ərizənin məhkəmənin icraatına daxil olduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 2024/2021 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində indeksasiya edilməli, xx.xx.2025-ci il tarixindən hesablanmaqla, 03 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 2024/2021 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində indeksasiya edilsin. xx.xx.2025-ci il tarixindən hesablanmaqla, 03 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar