Məhkəmə qərarları › İş №8(010)-121/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-121/2025

26.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-121/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-155/2025 nömrəli icra sənədi üzrə tələbkar X6 tərəfindən verilmiş tələbdən imtina barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-155/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, X6 və Borclu arasında Şuşa rayon qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə 15 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 ataları X3 yanında qalmasının müəyyən edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində alimentin Borclu tutularaq X4 ödənilməsi, qətnamə alimentin ödənilməsinə dair hissədə dərhal icra edilməsi, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumunun Borclu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamə aliment hissəsində dərhal icraya yönəldilmiş, Şuşa rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Hazırda icra sənədi üzrə tələbkar X6 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Borclu Əbüllfəz qızına qarşı aliment tələbindən imtina etdiyini bildirmiş, bu səbəbdən məhkəmədən icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. Ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə borclu və tələbkar məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 20.1.1-ci maddəsinə əsasən, icraata sənədi üzrə icraata xitam verilməsi əsaslarından biri də məhkəmənin tələbkarın tələbdən imtinasını qəbul etməsidir. Hazırkı işdən görünür ki, icra sənədi üzrə tələbkar Elşad Əlizadə məhkəməyə ərizə ilə müraciət edərək, icra sənədi üzrə Borclu qarşı aliment tələbindən imtina etdiyini bildirmişdir. Hansı ki, icra sənədinin icrasından imtina etmək ərizəçinin tələbkar kimi hüququdur. Məhkəmənin bu imtinanı qəbul etməməsi isə yalnız bu imtinanın qanuna zidd olduğu, yaxud hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması hallarında mümkündür. Məhkəmə hesab edir ki, hazırkı işdə belə bir hal müəyyən edilmədiyindən imtinanın qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, tələbkar tərəfindən edilmiş icra sənədinin icrasından imtina qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “İcra haqqında” qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Göründüyü kimi, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi icra məmurunun səlahiyyətindədir. Bu baxımdan hazırkı qərardadın icra məmurunun müvafiq qərarını əvəz etmədiyi, sadəcə icra məmuru tərəfindən belə qərarın qəbul edilməsi üçün əsas təşkil etdiyi nəzərə alınmalıdır. Hər bir halda məhkəmə tələbkarın tələbdən imtinasının qəbul edilməsi ilə ərizənin təmin edildiyi nəticəsinə gəlir. “İcrа hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnunu. Maddə 20. İcraata xitam verilməsinin əsasları və qaydası. 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 155/2025 nömrəli icra sənədi üzrə tələbkar X3 tələbdən imtinası qəbul edilməlidir. Göstərilənlərə əsаsən və MPM-in 263-264, 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-155/2025 nömrəli icra sənədi üzrə tələbkar X3 tələbdən imtinası qəbul edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar